VOİCEPRESS.AZ bildirir ki,sərgidə almanların ölkəmizdə mövcud mədəni irsini əks etdirən fotolar nümayiş olunur.
Sərginin açılışında Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO-nun baş direktorunun xarici əlaqələr və ictimai informasiya üzrə müavini Erik Falt və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycanın UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov sərginin açılışında çıxış edərək 200 il bundan öncə almanların Cənubi Qafqaza gəlişi barədə qonaqlara ətraflı məlumat verib. O bildirib:
“Azərbaycanda yüz illər boyu bərqərar olmuş tolerantlıq mühiti ölkəmizə pənah gətirmiş alman mühacirlərinin yeni olan bir mühitə vərdiş etməsi, mədəniyyətlərini, dinlərini qoruyub saxlaması, yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurması üçün münbit zəmin yaradıb. Ölkəmizə mühacirət etmiş almanların tarixi-mədəni irsini Azərbaycan xalqı multikultural təbiətinə sadiqlik nümayiş etdirərək lazımınca qoruyub saxlayıb”.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında bildirib ki, hələ 1918-ci ildə Azərbaycanda almanların Qafqaza gəlişinin 100 illiyi təntənəli şəkildə qeyd edilib. Müavinin sözlərinə görə, o zaman alman icmasını Azərbaycan Demokratik Respublikası Parlamentində təmsil edən Lorenz Kun bildirib ki, Azərbaycan almanları milli mənsubiyyətlərini qoruyub saxlamaqda, sülh və əmin-amanlıq şəraitində yaşamaqda və Azərbaycanın çiçəklənməsi naminə çalışmaqda davam edəcəklər. S.Məmmədəliyeva, həmçinin bildirib ki, Azərbaycanda almanların layihələri əsasında çoxlu sayda körpülər, parklar, kilsələr və binalar tikilib ki, bu irs Azərbaycan dövləti və Azərbaycan xalqı tərəfindən qorunub saxlanılıb.
UNESCO-nun baş direktorunun xarici əlaqələr və ictimai informasiya üzrə müavini Erik Falt belə bir uğurlu sərginin təşkil edilməsi münasibətilə təşkilatçıları təbrik edib və bildirib ki, almanların Qafqaza gəlişinin 200 illiyi münasibətilə təşkil edilmiş bu sərgi bir daha nümayiş etdirir ki, Azərbaycanda tolerantlıq, müxtəlif mədəniyyətlərə hörmətin tarixi çox qədimdir.
Sərgi noyabr ayının 24-dək davam edəcək.
VOİCEPRESS.AZ