Cəbrayıl Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və mühüm strateji əhəmiyyətə malik yaşayış məntəqələrindən biridir. Qarabağın ayrılmaz hissəsi olan bu rayon uzun illər ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatında özünəməxsus mövqeyi ilə seçilib. Təbii sərvətləri, münbit torpaqları, tarixi və mədəni abidələri ilə zəngin olan Cəbrayıl həm də burada yaşayan insanların doğma yurda bağlılığının, milli yaddaşın və tarixi kimliyin rəmzlərindən birinə çevrilib.
Lakin Cəbrayılın tarixində ağır və faciəli səhifələr də var. 1993-cü il avqustun 23-də rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğaldan əvvəl Cəbrayıl rayonu bir şəhər, dörd qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində yaşayış məntəqələri, sosial və mədəni infrastruktur dağıdılıb, minlərlə insan doğma yurd-yuvasından didərgin düşüb. Rayonun tarixi-mədəni irsi də ciddi zərər görüb, çoxsaylı abidələr dağıdılıb və məhv edilib.
Cəbrayılın işğalı yalnız torpaqların itirilməsi deyildi. Bu, həm də insanların öz doğma evlərindən, ata-baba yurdlarından ayrı salınması demək idi. Cəbrayıllı məcburi köçkünlər Azərbaycanın müxtəlif bölgələrində yaşamağa məcbur olsalar da, doğma torpaqlara qayıdacaqları günə olan inamlarını heç vaxt itirmədilər.
Cəbrayılın azadlığı istiqamətində mühüm mərhələlərdən biri 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndinin azad edilməsi oldu. 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin azad edilməsi isə Cəbrayıl istiqamətində mühüm strateji üstünlük yaratdı. Cocuq Mərcanlıda həyatın yenidən bərpa olunması sonrakı illərdə Böyük Qayıdış ideyasının real nümunələrindən birinə çevrildi.
4 oktyabr – Zəfərə açılan gün
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayılın tarixində yeni və şərəfli mərhələnin başlanğıcını qoydu. Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində rayonun kəndləri mərhələli şəkildə işğaldan azad edildi.
27 sentyabrda Böyük Mərcanlı və Nüzgar kəndlərinin, 3 oktyabrda isə Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin azad edilməsindən sonra 4 oktyabr 2020-ci il Cəbrayıl tarixinin ən mühüm günlərindən birinə çevrildi.
Məhz həmin gün Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad edildi. Beləliklə, 27 illik işğala son qoyuldu və Cəbrayıl yenidən Azərbaycanın nəzarətinə qayıtdı.
Ümumilikdə, hərbi əməliyyatlar nəticəsində Cəbrayıl şəhəri və rayonun 90 kəndi işğaldan azad edildi.
Cəbrayıl əməliyyatı Vətən müharibəsinin həm mürəkkəbliyi, həm də strateji əhəmiyyəti baxımından mühüm mərhələlərindən biri idi. Düşmən tərəfindən rayon ərazisində bir neçə müdafiə xəttindən ibarət istehkamların yaradılmasına baxmayaraq, Azərbaycan Ordusunun şəxsi heyəti böyük qəhrəmanlıq və fədakarlıq göstərərək bu müdafiə xətlərini yarmağa nail oldu.
Cəbrayılın azad edilməsi sonrakı hərbi əməliyyatların uğurla davam etdirilməsi üçün mühüm imkanlar yaratdı. Cəbrayıldan sonra Xocavənd rayonunun cənub kəndləri və Hadrut istiqamətində əməliyyatların aparılması, daha sonra Zəngilan, Qubadlı və Laçının cənub hissəsinin azad edilməsi üçün əlverişli şərait formalaşdı.
Xudafərin – tarixin yenidən şahid olduğu an
Cəbrayılın azad olunması ilə rayonun ən mühüm tarixi simvollarından biri olan Xudafərin körpülərinin də Azərbaycan nəzarətinə qaytarılması xüsusi tarixi əhəmiyyət daşıdı.
Qədim tarixə malik Xudafərin körpülərində Azərbaycan bayrağının dalğalanması illərlə doğma torpaqlarından ayrı düşmüş xalq üçün yalnız hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpası kimi qəbul edildi.
Cəbrayılın azad edilməsində şəxsi igidlik və şücaət göstərən hərbi qulluqçuların dövlət təltiflərinə layiq görülməsi isə bu Zəfərin qəhrəmanlarının xatirəsinin yaşadılmasına xidmət edir.
Zəfərdən Böyük Qayıdışa
Cəbrayıl azad edildikdən sonra qarşıda daha böyük və mürəkkəb vəzifə dayanırdı: dağıdılmış şəhər və kəndləri yenidən qurmaq, doğma torpaqları dirçəltmək və illər ərzində yurd həsrəti ilə yaşayan insanları öz evlərinə qaytarmaq.
Bu istiqamətdə genişmiqyaslı layihələrin icrasına başlanıldı.
2021-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması barədə qərar qəbul edildi. 200 hektar ərazini əhatə edən sənaye parkında logistika və ticarət mərkəzləri, anbar kompleksləri, satış obyektləri, TIR parkı, gömrük və digər xidmət sahələrinin yaradılması nəzərdə tutulur.
Hazırda burada 20 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib və 130-dan artıq iş yeri yaradılıb.
Cəbrayılın enerji infrastrukturu da yeni mərhələyə qədəm qoyub. 2021-ci il oktyabrın 4-də “Cəbrayıl” yarımstansiyasının istifadəyə verilməsi rayonun enerji təminatının formalaşdırılması baxımından mühüm addım oldu. Sonrakı mərhələdə günəş elektrik stansiyalarının və yeni yarımstansiyaların yaradılması rayonun enerji potensialının artırılmasına xidmət edir.
Yol-nəqliyyat infrastrukturu da yenidən qurulur. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu Cəbrayılın Qarabağ və Şərqi Zəngəzurun digər əraziləri ilə nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından mühüm layihələrdən biridir.
Yeni Cəbrayılın Baş planı
Cəbrayıl şəhərinin gələcək inkişafı üçün hazırlanmış Baş plan şəhərin müasir və dayanıqlı şəhərsalma prinsipləri əsasında yenidən qurulmasını nəzərdə tutur.
“Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” 2023-cü il iyulun 25-də təsdiq edilib. Planda yaşayış, sosial və ictimai infrastrukturun yaradılması, müasir memarlıq həllərinin tətbiqi və şəhərin mərhələli şəkildə inkişaf etdirilməsi nəzərdə tutulur.
Proqnozlara əsasən, 2040-cı ilədək Cəbrayıl şəhərində 15 minədək sakinin yaşaması gözlənilir.
Rayonun kəndlərində də geniş quruculuq işləri aparılır. Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Horovlu və Şükürbəyli kəndlərində yaşayış evləri, məktəblər, uşaq bağçaları, tibb və digər sosial obyektlər inşa edilir.
Horovlu kəndinin birinci mərhələsində fərdi yaşayış evləri ilə yanaşı məktəb, körpələr evi-uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi yaradılıb. Şükürbəyli kəndində isə yaşayış evləri ilə yanaşı məktəb, musiqi məktəbi, uşaq bağçaları və tibb məntəqəsi inşa edilib.

Böyük Qayıdış artıq reallıqdır
Cəbrayıl üçün Böyük Qayıdış artıq yalnız gələcəyə hesablanmış plan deyil, real həyatda davam edən prosesdir.
2024-cü il sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması ilə şəhərə qayıdışın yeni mərhələsi başladı.
2026-cı il sentyabrın 28-nə olan məlumata əsasən, Cəbrayıl şəhərində 680 ailə – 2 974 nəfər, Horovlu kəndində 321 ailə – 1 326 nəfər, Şükürbəyli kəndində isə 599 ailə – 2 749 nəfər məskunlaşıb. Beləliklə, ümumilikdə 1 600 ailə, 7 022 nəfər doğma torpaqlarına qayıdaraq Cəbrayılın yeni həyatının iştirakçısına çevrilib.
Şəhərdə yaradılan yaşayış kompleksləri də Böyük Qayıdışın miqyasını göstərir. Birinci yaşayış kompleksi 7,9 hektar ərazidə salınıb və 33 yaşayış binası, 712 mənzildən ibarətdir. Mənzillərin tam təmirli, zəruri məişət avadanlıqları və kommunal təminatla sakinlərə təqdim edilməsi nəzərdə tutulub.
Bu gün Cəbrayılda tikilən hər yeni ev, açılan hər məktəb, qurulan hər yol və istifadəyə verilən hər sosial obyekt yalnız bir tikinti layihəsi deyil. Bunların hər biri illərlə doğma yurd həsrəti çəkmiş insanların həyatının yenidən qurulması deməkdir.
Dövlətin diqqəti və Cəbrayılın yeni siması
Cəbrayılın bərpası işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı dövlət siyasətinin mühüm hissəsidir.
Şəhərdə və kəndlərdə aparılan işlər yalnız dağıdılmış binaların bərpası ilə məhdudlaşmır. Burada müasir yaşayış məkanları, məktəblər, səhiyyə müəssisələri, yollar, enerji və digər infrastruktur obyektləri yaradılır. Məqsəd sadəcə əvvəlki Cəbrayılı bərpa etmək deyil, onu müasir, dayanıqlı və gələcəyə hesablanmış şəhər və yaşayış məkanına çevirməkdir.
Bu prosesdə dövlət başçısının Cəbrayıl rayonuna mütəmadi səfərləri də xüsusi əhəmiyyət daşıyır. 2020-ci ilin noyabrından etibarən müxtəlif illərdə rayonda mühüm infrastruktur layihələrinin təməli qoyulub, açılışlar keçirilib, yaşayış məhəllələrinin, sosial obyektlərin və sənaye müəssisələrinin yaradılması ilə bağlı tədbirlər həyata keçirilib.
2026-cı il mayın 9-da Şükürbəyli kəndinin açılışı, burada məskunlaşan sakinlərlə görüş və Cəbrayıl rayonunun enerji infrastrukturu ilə bağlı layihələrin həyata keçirilməsi də bu prosesin davamlı xarakter daşıdığını göstərir.
4 Oktyabr – yaddaşdan gələcəyə
Cəbrayılın azad edilməsi ilə bağlı tarixi hadisənin əbədiləşdirilməsi məqsədilə 4 oktyabrın Cəbrayıl şəhəri günü kimi qeyd olunması xüsusi məna daşıyır.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib və 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyənləşdirilib.
Bu tarix Cəbrayıl üçün sadəcə təqvimdə qeyd olunan gün deyil. 4 Oktyabr 27 illik işğala son qoyan Zəfəri, şəhidlərin qanı bahasına qazanılan azadlığı və illər sonra doğma torpaqlara qayıdışı özündə birləşdirən tarixi gündür.
Bu gün Cəbrayılın simasında keçmişlə gələcək bir-birinə qovuşur.
Bir tərəfdə işğal illərinin ağrılı xatirələri, dağıdılmış tarixi-mədəni irs və yurd həsrəti dayanır. Digər tərəfdə isə yeni salınan şəhər və kəndlər, məktəblər, sosial obyektlər, yollar, sənaye müəssisələri, enerji layihələri və ən əsası – doğma torpaqlarına qayıdan insanlar var.
Cəbrayılın dirçəlişi Böyük Qayıdışın real təcəssümlərindən biridir. Bu dirçəliş yalnız bir rayonun yenidən qurulması deyil, həm də yaddaşın, həyatın və gələcəyə inamın yenidən bərpasıdır.
4 Oktyabr Cəbrayıl üçün təkcə bir tarix deyil.
Bu gün azadlığın, Zəfərin, qayıdışın və yenidən doğuluşun rəmzidir.
Asif Cümşüdov
Vətən müharibəsi iştirakçısı, “Tərəqqi” medalı ilə təltif olunub