Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Aparatı son günlər iki fərqli səbəbdən diqqət mərkəzinə düşüb. Bir tərəfdən Hesablama Palatası Ombudsmanın aparatı və regional mərkəzlərində dövlət vəsaitlərindən və digər dövlət əmlakından istifadəyə dair yoxlama aparıb. Digər tərəfdən isə Milli Məclis Ombudsmanın aylıq vəzifə maaşını 3 060 manatdan 12 min manata qaldırıb.
Bu iki hadisənin eyni vaxtda gündəmə gəlməsi təsadüfi görünməsə də, onları bir-birinə bağlamaq üçün hüquqi əsas yoxdur. Hesablama Palatasının yoxlaması maliyyə və əmlakdan istifadəyə dair auditdir; maaşın artırılması isə qanunvericilik qərarıdır. Bununla belə, hər iki məsələ Ombudsman institutunun cəmiyyətdəki rolu, məsuliyyəti və ictimai hesabatlılığı barədə daha geniş müzakirə aparmaq üçün ciddi əsas yaradır.
Hesablama Palatasının məlumatına görə, Ombudsmanın aparatının və regional mərkəzlərinin dövlət vəsaitlərindən və digər dövlət əmlakından istifadəsi yoxlanılıb. Kollegiya iclasında auditor hesabatı təsdiqlənib və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün Ombudsmanın zəruri tədbirlər görməsi barədə qərarlar qəbul edilib. Burada diqqətçəkən məqam odur ki, söhbət yalnız Bakıdakı aparatdan deyil, regional mərkəzlərdən də gedir.
Yəni məsələ təkcə “nöqsan olubmu?” sualından ibarət deyil. Əsas sual dövlət vəsaitinin necə idarə edildiyi, hansı istiqamətlərə xərcləndiyi və vətəndaşların hüquqlarının müdafiəsinə ayrılan resursların nə dərəcədə səmərəli nəticə verdiyidir.
MDB məkanında: maaşların fonunda Azərbaycan göstəricisi...
Azərbaycan Ombudsmanının 12 min manatlıq yeni aylıq maaşını qiymətləndirərkən onu yalnız Avropanın yüksək gəlirli ölkələri ilə müqayisə etmək doğru olmaz. Daha yaxın iqtisadi və sosial göstəricilərə malik postsovet ölkələri ilə müqayisə də aparılmalıdır.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–iyul aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 1 176,7 manat olub. Beləliklə, 12 min manatlıq Ombudsman maaşı ölkə üzrə orta əməkhaqqından təxminən 10,2 dəfə yüksəkdir.
Burada diqqət çəkən məsələ yalnız Ombudsmanın yüksək maaş alması deyil. Əsas məsələ bu maaşın ölkədəki ümumi əməkhaqqı səviyyəsindən nə qədər uzaq olmasıdır.
Postsovet məkanında isə müqayisə apararkən başqa bir model də görünür. Məsələn, Gürcüstanın qanunvericiliyində İctimai Müdafiəçinin (Public Defender) maaşı Konstitusiya Məhkəməsinin sədrinin maaşına bərabər tutulur. Yəni burada maaş konkret olaraq ayrıca təsadüfi rəqəmlə deyil, başqa yüksək dövlət vəzifəsi ilə əlaqələndirilir.

Bu modelin əsas fərqi ondadır ki, Ombudsmanın əməkhaqqı müəyyən edilərkən dövlət sistemindəki digər yüksək vəzifələrin maaş strukturu da nəzərə alınır.
Türkiyədə də Baş Ombudsman və Ombudsmanların maliyyə hüquqları qanunla yüksək dövlət vəzifələri ilə əlaqələndirilib. Türkiyənin Ombudsman Qanununun 16-cı maddəsinə əsasən, Baş Ombudsman və Ombudsmanların aylıq maaşı müvafiq olaraq ən yüksək dövlət qulluqçusuna və nazirliklərin baş direktorlarına verilən maliyyə hüquqlarına bərabər tutulur.
Deməli, postsovet və yaxın region ölkələrində də Ombudsman institutunun yüksək səviyyədə maliyyələşdirilməsi nümunələri var. Lakin Azərbaycan məsələsində əsas müzakirə maaşın mütləq rəqəmindən daha çox onun ölkədəki orta əməkhaqqı ilə arasındakı məsafədir.
Avropada isə başqa bir sistem var
Avropa ölkələri ilə müqayisədə 12 min manatlıq maaşın özünün yüksək olub-olmaması məsələsinə başqa cür baxmaq lazımdır.
Məsələn, Niderlandda Milli Ombudsmanın aylıq maaşı 14 min avronu keçir. Lakin burada sadəcə “Ombudsman 14 min avro alır” deməklə müqayisə bitmir.
Niderlandda yüksək gəlirlər üçün yüksək vergi və sosial sığorta mexanizmi mövcuddur. 2026-cı ildə əmək və yaşayış gəlirləri üzrə ilk vergi pilləsi 38 883 avroyadək 35,75 faiz, 38 883–78 426 avro arasında 37,56 faiz, 78 426 avrodan yuxarı gəlirlər üçün isə 49,5 faizdir.
Üstəlik, Niderlandda 21 yaş və yuxarı işçilər üçün 2026-cı il iyulun 1-dən minimum saatlıq əməkhaqqı 14,99 avrodur.
Yəni Niderlanddakı 14 min avrodan artıq Ombudsman maaşını Azərbaycandakı 12 min manatla sadəcə nominal rəqəm kimi müqayisə etmək düzgün olmaz. Çünki həmin ölkədə əməkhaqqı sistemi, vergi yükü, sosial sığorta, minimum əməkhaqqı və ümumi gəlir səviyyəsi də fərqlidir.
Niderlandda CBS-in məlumatına görə, 2025-ci ildə işçilərin ümumi orta saatlıq əməkhaqqının medianı 26,90 avro olub. Bu da əmək bazarının ümumi gəlir səviyyəsinin Azərbaycandan tamamilə fərqli miqyasda olduğunu göstərir.
Əsas fərq rəqəmdə deyil, sistemdədir...
Burada çox vacib bir məqam ortaya çıxır.
Avropada yüksək vəzifəli şəxsin yüksək maaşı ilə Azərbaycandakı yüksək vəzifəli şəxsin yüksək maaşını eyni tərəzidə ölçmək olmaz.
Çünki maaşın özü ilə yanaşı, həmin maaşın cəmiyyətin ümumi gəlirlərinə nisbəti də nəzərə alınmalıdır.
Azərbaycanda 2026-cı ilin yanvar–iyul aylarında orta aylıq əməkhaqqı 1 176,7 manat olduğu halda, Ombudsmanın 12 min manatlıq maaşı orta göstəricidən 10 dəfədən artıqdır.
Niderlandda isə Ombudsman maaşının 14 min avrodan yuxarı olması yüksək gəlirli əmək bazarı, yüksək vergi pillələri və daha yüksək ümumi əməkhaqqı səviyyəsi fonunda baş verir.
Başqa sözlə, Niderlandda yüksək maaşın qarşılığında dövlət həm yüksək vergi tutur, həm də cəmiyyətə geniş sosial təminat sistemi təqdim edir.
Azərbaycanda isə əsas sual başqa cür səslənir:
Orta əməkhaqqı 1 176 manat civarında olan bir ölkədə 12 min manatlıq dövlət vəzifəsi maaşı hansı iqtisadi və sosial nisbət əsasında müəyyənləşdirilib?
Bu sual Ombudsmanın maaşının yüksək və ya aşağı olmasından daha geniş məsələdir.
3 060 manatdan 12 min manatadək
Üstəlik, söhbət adi maaş artımından getmir. Əvvəlki 3 060 manatlıq maaşla müqayisədə yeni 12 min manatlıq məbləğ təxminən 3,9 dəfə artım deməkdir.
Belə bir artım avtomatik olaraq başqa bir məsuliyyət ölçüsü yaradır.
Dövlət vətəndaş hüquqlarının müdafiəsinə cavabdeh olan bir instituta daha yüksək maliyyə təminatı verirsə, cəmiyyət də bunun qarşılığında daha yüksək nəticə, daha şəffaf fəaliyyət və daha güclü hesabatlılıq gözləməkdə haqlıdır.
Üstəlik, məhz bu günlərdə Hesablama Palatasının Ombudsman Aparatı və regional mərkəzlərdə dövlət vəsaitlərindən və dövlət əmlakından istifadəyə dair yoxlama aparması məsələni daha da diqqətçəkən edir.
Burada heç bir avtomatik əlaqə qurmaq olmaz: audit başqa məsələdir, maaş artımı başqa. Lakin hər iki hadisə eyni sualı gündəmə gətirir:
Dövlət Ombudsman institutuna daha çox maliyyə ayırırsa, bu vəsaitin və yüksək maaşın vətəndaşın hüquqlarının müdafiəsində konkret nəticəsi necə ölçüləcək?
Çünki məsələ yalnız “Ombudsman nə qədər maaş alır?” deyil.
Əsl məsələ budur: Azərbaycan vətəndaşının orta əməkhaqqı ilə dövlətin ən yüksək vəzifələrindən birinə müəyyən etdiyi maaş arasında yaranan uçurum hansı nəticə ilə əsaslandırılacaq?
Məhz bu nöqtədə Azərbaycanla Avropa arasındakı fərq də görünür: Avropada yüksək vəzifə maaşları yüksək gəlir və yüksək vergi sisteminin daxilində formalaşır; Azərbaycanda isə yüksək vəzifə maaşı ilə ölkə üzrə orta əməkhaqqı arasında çox böyük məsafə yaranır.
Ona görə də 12 min manatlıq maaşın müzakirəsi yalnız rəqəmlər üzərindən deyil, maaş–orta gəlir–vergi–sosial təminat–ictimai məsuliyyət zənciri üzərindən aparılmalıdır.
Yazar: Ülker Fermanqızı