– Özünüz haqqında oxuculara məlumat verəsiniz…
– 1981-ci ildə gözəl guşələrimizdən olan Lahıc qəsəbəsində anadan olmuşam. Orta məktəbi Lahıc qəsəbə orta məktəbində bitirmişəm və 1998 -ci ildə Bakıya ali təhsil almaq üçün köçmüşəm. Azərbaycanda İqtisad Universitetinin İqtisadiyyat üzrə bakalavr və Təfəkkür Universitetində isə filologiya İngilis dili üzrə magistr pilləsinə qırımızı diplomla bitirmişəm. Daha sonra İsveç Krallığının Lund Universitetində isə İqtisadiyyat üzrə magistr təhsili almışam.
Azərbaycanda olduğum zaman müxtəlif qeyri-hökümət təşkilatlarında maliyyə meneceri, layihə rəhbəri, yerli şirkətlərdə mühasib və sonradan fransız şirkəti Danone -da çalışmışam. Fransız vətəndaşı ilə ailə həyatı qurmuşam və 3 oğul anasıyam. 4 ildir ki, Nigeriyanın Laqoz şəhərində yaşayıram.
– Nigeriyada nə qədər azərbaycanlı yaşayır?
– Nigeriyaya gəldiyim zaman ilk olaraq azərbaycanlı axtarışına çıxdım və hələ də bu axtarış davam edir. Amma Azərbaycanda çalışmış bir neçə əcnəbi ilə tanış olmuşam.
– Təkbaşına bu işləri həyata keçitmək çətin deyil ki?
– Təbii ki, tək bu işləri görmək həm fiziki və həm də maddi cəhətdən çox çətindir. Amma həyat yoldaşım, Azərbaycandan ailəm və burda yaşayan əcnəbi dostlarım içimdəki vətən sevgisini görüb məni tək qoymurlar. Çalışdıqları qədər mənə dəstək olurlar. Əgər insan daxilində sevgi varsa, hər bir işi uğurla həyata keçirə bilər.
– Ölkəmiz haqqında hansısa məlumata malikdirlər?
– Nigeriya 180 milyonluq əhalisi olan neft ilə zəngin olan ölkədir. Ona görə də burda xaricilərin sayı çoxdur. Yerli insanlar və burda yaşayan xaricilər Azərbaycan haqqında çox məlumata malik deyillər. Ona görə də Azərbaycanı yüksək miqyaslı mədəniyyət, xeyriyyə tədbirlərində təmsil etməyə qərar verdim. Nigeriyada iş biznesi quranlar arasında livanlılar çoxluq təşkil edir. Livanlılar arasında isə ermənilər çoxluq təşkil edir. Təbii ki, tədbirlər zamanı mümkün qədər Azərbaycan haqqında məlumat verməyə çalışıram. Artıq bir ildir ki, Azərbaycan mətbəxi ilə bağlı yemək dərslərinə başlamışam. Dərslər zaman ölkə mədəniyyəti, musiqisi iştirakçılara təqdim edilir.
Hər il mart ayında Novruz şənliyi yüksək səviyyədə qeyd edilir. Qonaqlara milli yeməklərimiz, Novuz adət- ənənələrimiz , rəqslərimiz və hədiyyələr təqdim edilir. Qonaqlar arasında şirkət rəhbərləri, ölkələrin konsulları iştirak edir.
– Qarşıda hansı planları həyata keçirtməyi düşünürsünüz?
– Qarşıda planlar çoxdur. Nigeriyada təşkilat qurmağı planlaşdırıram. Məqsədim təşkilata xariciləri və azərbaycanlıları bir araya gətirib,mədəniyyətimizi, tariximizi dünyaya çatdırmaqdır. Yerli TV-lərin birində yemək verilişinə dəvət almışam. Təbii, Novruz bayramına hazırlıq… planlar çoxdur… inşallah.
Elnur Eltürk
VOİCEPRESS.AZ