DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

BİR EVİN ƏTRAFINDA İKİ İLİ AŞAN QALMAQAL: SAHİBİ ÖZ EVİNƏ NİYƏ QAYIDA BİLMİR?

9 fevral 2024-cü ildə başlayan mənzil mübahisəsi bu gün artıq sadəcə “ev kimindir?” sualı deyil...

|
BİR EVİN ƏTRAFINDA İKİ İLİ AŞAN QALMAQAL: SAHİBİ ÖZ EVİNƏ NİYƏ QAYIDA BİLMİR?

Söhbət David Borisoviçin ailəsinin yaşadığı və ailənin özlərinə məxsus olduğunu bildirdiyi mənzildən gedir.

Ailənin iddiasına görə, Ruslan Sporinyov və Natalya Çebotaryova həmin mənzilə sahib çıxmaq, ailəni evdən uzaqlaşdırmaq və mənzili öz nəzarətlərinə keçirmək istəyiblər. İddialara görə, 9 fevral 2024-cü ildə onlar mənzilə zorla daxil olaraq ailəni, o cümlədən azyaşlı uşağı evdən çıxarıblar və Ruslan Sporinyov sonradan mənzildə qalmağa davam edib.

David Borisoviç bununla bağlı məhkəməyə müraciət edib və ailənin məlumatına görə, mənzilin boşaldılması barədə onların xeyrinə qərar qəbul olunub. Lakin ailə həmin qərardan sonra da öz evinə qayıda bilmədiyini bildirir.

Bu, adi mənzil mübahisəsi deyil.

Belə ki, bir ailə öz evindən zorla çıxarıldığını, iki azyaşlı uşağı ilə birlikdə illərdir psixoloji təzyiq altında yaşadığını dediyi halda, məhkəmə belə mənzilin boşaldılması ilə bağlı qərar qazandığını bildirdiyi halda ev sahibi Borisoviç və ailəsinin evi sözün əsl mənasında hələ də işğal altındadır. 

Öz halalca evindən qaçqın və köçkün düşən David Borisoviç məsələ ilə bağlı müraciət etmədiyi instansiya qalmayıb. Evlərini işğaldan xilas edə bilmirlər ki bilmirlər...

İstintaq prosesi isə insanın bütün ümüdlərini puç edir. Təzyiq, hədə, pul tələbi,  sənəddə saxta imza və mövcud sübutların nəzərə alınmaması barədə iddialar səsləndirilir. Beləliklə, məsələ təkcə bir mənzilin kimə məxsus olması mübahisəsindən çıxaraq, məhkəmə qərarının icrası, hüquqların qorunması və istintaq prosesində sübutlara necə yanaşıldığı sualını da ortaya qoyur....

Bir ev, bir ailə və iki ildən çoxdur bitməyən hüquqi savaş...

Hadisə 9 fevral 2024-cü ildə başlayıb.

Məhkəmə qərarına məhəl qoymayan və evə zor tətbiq edərək daxil olan şəxslər hələ də həmin mənzildə qalmağa davam edir. Bu özbaşınalığa isə hələ də aidiyyəti qurumların göz yumduğu bildirilir. Azyaşlı uşaqları ilə birlikdə öz evindən didərgin düşən ailənin hüquqları isə birmənalı şəkildə tapdanır.

Qapı Laqunda ilə Kəsildi,  Ailə Uşaqları ilə  Evdən Çıxarıldı

Ailənin sözlərinə görə, hadisənin ən ağır mərhələsi 9 fevral 2024-cü ildə başlayıb. Həmin gün Ruslan Sporinyov və Natalya Çebotaryovanın mənzilə zorla daxil olduğu, qapının laqunda ilə kəsildiyi və David Borisoviçin ailəsinin, o cümlədən 3 yaşlı uşağın evdən çıxarıldığı iddia olunur. Ailə həmin gündən etibarən öz mənzilinə buraxılmadığını bildirir.

Onların sözlərinə görə, Ruslan Sporinyov isə mənzildə qalmağa davam edib. Ailə həmçinin sonrakı dövrdə təhdid və psixoloji təzyiqlərlə üzləşdiklərini, hətta bıçaqla hədələndiklərini iddia edir.

Məhkəmə Qərar verdi, Amma Ailə Evinə Qayıda Bilmədi...

Mənzildən çıxarıldıqlarını bildirən ailə hüquqi mübarizəyə başlayıb. David Borisoviç Ruslan Sporinyovun mənzildən çıxarılması üçün məhkəməyə müraciət edib. Ailənin təqdim etdiyi məlumata görə, 19 iyun 2025-ci ildə məhkəmədə onların xeyrinə qərar qəbul olunub. Lakin məhkəmə qərarının olmasına baxmayaraq, mənzil məsələsi həllini tapmayıb və onlar hələ də öz evlərinə qayıda bilməyiblər.

Beləliklə, əsas sual ortaya çıxır: əgər məhkəmə mənzilin boşaldılması barədə qərar veribsə, bu qərar niyə icra olunmayıb? Məhz bundan sonra mübahisə daha da böyüyüb və tərəflər arasında məhkəmə zalında baş verdiyi bildirilən qarşıdurma, video görüntüləri və istintaqla bağlı yeni iddialar gündəmə gəlib.

Məhkəmə zalında tək qaldı: Video Görüntüləri nə deyir? 

19 iyun 2025-ci ildə məhkəmə zalında baş verənlər ailənin iki ildir davam edən mübarizəsinə daha bir ağır epizod əlavə edib.

Belə ki, ailənin təqdim etdiyi görüntülərdə David Borisoviçin əvvəlcə Natalya Çebotaryovanın fiziki müdaxiləsinə məruz qaldığı, daha sonra Ruslan Sporinyovun da qarşıdurmaya qoşularaq ona zərbələr endirdiyi görünür. Görüntülərin davamında Ruslanın Davidin boyun nahiyəsindən tutduğu da əks olunur.

 Ailənin sözlərinə görə, David həmin an iki nəfərin qarşısında özünü qorumağa çalışıb və qarşıdurmadan qaçmaq istəyib. Onları ən çox düşündürən isə hadisədən sonra baş verənlərdir.

Ailə deyir ki, bütün bu görüntülər mövcud olduğu halda Davidin zərərçəkən tərəf kimi hüquqlarının tam müdafiə olunmadığını hiss edir. İki azyaşlı uşağı ilə birlikdə illərdir evindən uzaqda yaşayan ailə üçün bu artıq sadəcə məhkəmə işi deyil.

Onların sözlərinə görə, söhbət “haqqımız nə vaxt tanınacaq?” sualından gedir.

“Evi Ruslana və Natalyaya Keçirin” — İstintaqda Təzyiq İddiası

Ailənin sözlərinə görə, məhkəmə zalındakı qarşıdurmadan sonra təzyiqin ünvanı bu dəfə istintaq olub. Nizami rayon baş müstəntiqi Cəmşid Sadıqov tərəfindən David Borisoviç və həyat yoldaşının “ifadə vermək” adı ilə çağırıldığı bildirilir.

Ailə iddia edir ki, görüş zamanı onlardan mənzili Ruslan Sporinyov və Natalya Çebotaryovaya keçirmələri tələb olunub. Əks halda həbs ediləcəkləri, uşaqlarının isə uşaq evinə aparılacağı ilə hədələndiklərini deyirlər.

Ailənin sözlərinə görə, onlara qarşı hətta “çürüyəcəksiniz” ifadəsi işlədilib.

Ailə bütün  təzyiqlərə baxmayaraq mənzili verməkdən imtina etdiklərini və bütün hadisələrin qanun çərçivəsində, mövcud video və digər sübutlar əsasında araşdırılmasını tələb etdiklərini bildirirlər.

TƏK ÜMİD YERİMİZ ÖLKƏ OMBUDSMANIDIR!

İki ildən artıqdır öz evinə qayıda bilməyən, azyaşlı uşaqları ilə birlikdə ağır psixoloji təzyiq altında yaşadığını bildirən bir ailənin şikayəti artıq yalnız tərəflər arasındakı mübahisə kimi qiymətləndirilməməlidir. Ortada məhkəmə qərarı, video görüntülər və araşdırılmasını tələb edən çoxsaylı iddialar var. 

Ailə isə bütün bu prosesin sonunda hələ də eyni sualı verir: “Bizim hüquqlarımızı kim qoruyacaq?”

Məhz buna görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın bu məsələyə diqqət yetirməsi və ailənin müraciətinin hüquqların müdafiəsi baxımından araşdırılmasına nəzarət etməsi vacib görünür.

Xüsusilə azyaşlı uşaqların da bu prosesdən təsirləndiyi nəzərə alınaraq, ailənin təhlükəsizliyi, mənzil hüququ və dövlət qurumlarına etdiyi müraciətlərə verilən reaksiyanın ayrıca qiymətləndirilməsi cəmiyyət üçün də əhəmiyyət daşıyır.

Çünki Ombudsmanın missiyası məhz insan hüquqlarının pozulması ilə bağlı müraciətlərin araşdırılması və hüquqların müdafiəsinə töhfə verməkdir. 

Səbinə xanım, bu ailənin səsini eşidin!

Öz evlərində sözün əsl mənasında işğala məruz qaldıqlarını bildirən ailənin bu gün tək ümidi ölkənin İnsan Hüquqları üzrə Müvəkkilidir. İki ildən artıqdır öz evinə qayıda bilməyən ailə bütün bu müddətdə hüquqlarını bərpa etmək üçün müxtəlif instansiyalara müraciət edib. Lakin nəticə dəyişməyib. 

Bu prosesin ən ağır tərəfini isə azyaşlı uşaqlar yaşayır.

Onlar öz evlərindən, öz otaqlarından və doğma mühitlərindən uzaqda böyümək məcburiyyətində qalıblar. Bir ailənin mənzil uğrunda mübarizəsi artıq uşaqların təhlükəsizliyi və normal həyat hüququ məsələsinə çevrilib.

 Ailənin gözləntisi imtiyaz deyil, xüsusi münasibət deyil. Öz evlərində sözün əsil mənasında işğala məruz qalan ailənin tək istəyi, qanunun qarşısında hüquqlarının eşidilməsi və ədalətin təmin olunmasıdır. 

İndi Səbinə xanımın diqqətinə təqdim olunan əsas sual da budur:  İki ildən artıqdır öz evinə qayıda bilməyən, azyaşlı uşaqları ilə birlikdə bu ağır prosesin içində qalan ailənin pozulan hüquqları nə vaxt bərpa ediləcək?

 

 

Yazar: Ülkər Fərmanqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR