VOİCEPRESS xəbər verir ki, Argentina yığmasının kapitanı və İspaniyanın “Barselona” klubunun forvardı Lionel Messi 5 yaşından bəri sevdiyi, qeyri-rəsmi nikahda yaşadığı Antonella Rokusso ilə evlənib.
20 yaşlı L.Messi və 29 yaşlı A.Rokusso 10 ildən bəri qeyri-rəsmi nikahda yaşayırlar. Onların 5 yaşlı Tyaqo və 2 yaşlı Mateo adlı iki oğulları var.
Toyda qonaqlara hədiyyələr vermək əvəzinə Lionel Messinin uşaqlara yardım məqsədilə yaratdığı xeyriyyə fondunun hesablarına pul köçürmək təklif olunub.
A.Rokussonun gəlinlik paltarı ispan dizayner Roza Klaranın əsəri idi.
Argentinanın ən kriminogen şəhərlərindən olan Rosarioda çox ciddi təhlükəsizlik tədbirləri görüblər. Messinin toyunun təhlükəsizliyini 450 polis və İsrailin “Mossad” kəşfiyyat xidmətinin sabiq agentləri təmin edirdi.
Qonaqlar arasında Xavi, Şakira, Sess Fabreqas, Serhio Buskets, Xordi Alba, Samuel Etoo, Karlos Puyol, Neymar, Suares, Anhel Di Mariya və s. vardı.
Toya 154 jurnalist akkreditasiya olunmuşdu.
Toyda L.Messinin və A.Rakussonun nikahını hakim Qonsalo Karrilyo Errera rəsmiləşdirib. Argentina qanunvericiliyinə uyğun olaraq, nikah şəhadətnaməsi üçün 7 min peso və ya 260 dollar ödənib.
Şəhadətnamənin nömrəsi 00077510-dur.
Messi bu gün səhər yerli vaxtla saat 4-də Barselonaya yollanıb.
Lionel Messi nikah mərasimini “Parroquia Nuestra Senora de las Nieves” kilsəsində keçirmək istəsə də, qonaqlar çox olduğundan onun niyyəti baş tutmayıb. Belədə ulduz futbolçu toyun keçiriləcəyi “City Center Rosario”də kiçik kilsə inşa etdirmək fikrinə düşüb. Lakin Argentinanın Katolik Kilsəsi kazino təki “günah və haram yer”də kilsənin inşasına icazə verməyib.
Lionel Messi nikah mərasiminin “Catedral de Rosario” kilsəsində keçirilməsini istəsə də, atası Xorxe Messi etiraz edib: “Yox, hədsiz israfçılıq olmaz!”
Bu səbəbdən Lionel Messinin toyunda keşiş yoxdu.
Toyda iki insident də olub.
Şəhərdəki “PepsiCo” fabrikinin işdən çıxarılmış 600 əməkdaşı şəhərə yüzlərlə jurnalistin gəlməsindən istifadə edərək toyun keçirildiyi məkanın qarşısında etiraz aksiyası keçiriblər.
Bir qədər sonra isə bəlli olub ki, Messinin braziliyalı oxşarı, Aleks adlı şəxs də Rosarioya gələrək toy edib.
Toyda Lionel Messinin əynində “Giorgio Armani” brendinin kostyumu vardı. Onun anası və bacıları isə argentinalı dizayner Klaudio Kosanonun əsərləri olan geyimlərdə idilər.
Messinin saç düzümü isə yerli bərbər Dante Palaveçinonun əl işi idi.
Lionel Messinin toyunda qalmaqal da olub. Belə ki, argentinalı futbolçunun anası Sesiliya toya doğma bacılarını dəvət etməyib.
Üstəlik, Lionelin atası Xorxenin qardaşları və bacıları da şikayətlənərək deyiblər: “Bu toya Lionelin ana tərəfdən qohumları bizimlə müqayisədə dəfələrlə çox dəvət alıblar. Lionel, sanki, ata tərəfdən qohumlarını unudub”.
O da vurğulanır ki, Lionelin atası Xorxe və anası Sesiliya oğullarının xanımı Antonellanı danışdırmırlar. Bu gərginlik artıq 7 ildir ki, davam edir.
Toydan bir gün əvvəl Argentinadakı TV America telekanalındakı proqramlardan birində Messinin xalasına zəng vurulub. Canlı yayımda olarkən qadın ağlayıb: “Sesiliya məni, doğma bacısını toya çağırmadı”
VOİCEPRESS.AZ