DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Nardaranın Dəyişən Çöhrəsi və İnsanların Ruh Halı: İnfrastruktur Yeniləndi, Bəs Düşüncə Tərzi?

Bakının ən qapalı və mühafizəkar kəndlərindən biri olan Nardaran son 10 ildə böyük bir fiziki transformasiya keçdi. Lakin böyük küçələr, yenilənən yollar və…

|
Nardaranın Dəyişən Çöhrəsi və İnsanların Ruh Halı: İnfrastruktur Yeniləndi, Bəs Düşüncə Tərzi?

 

Sosial-psixoloji baxımdan kənddəki mənzərə bu gün iki fərqli tərəfi ilə diqqət çəkir. Kənd sakinləri üçün illərlə davam edən kommunal problemlərin, su, qaz, işıq, təmirsiz yollar kimi məsələlərin həlli gündəlik həyatı xeyli yüngülləşdirdi.

Lakin dəyişimin insanlara əsas yansıması təkcə məişət rahatlığı deyil. 

Ərazidə salınan turizm və tikinti layihələri yerli əhali üçün yeni gəlir mənbəyinə çevrildi. Xüsusilə gənclərin xidmət və inşaat bölmələrində işləməsi, iqtisadi asılılığı azaltdı və diqqəti ideoloji müstəvidən ailənin rifahına yönəltdi.

Yolların açılması və gəliş-gedişin asanlaşması ilə nardaranlı gənclərin Bakının mərkəzinə, təhsil müəssisələrinə və sosial həyata çıxışı genişləndi. Yeni nəsil gənclər artıq dar icma çərçivəsində deyil, daha geniş sosial mühitdə özünü ifadə etməyə başladı.

Amma dəyişimin daxili ziddiyyətləri də oldu və bugün də var...

Metamorfoza daxildən baxdıqda isə məsələ tam hamar görünmür. Əsrlərlə formalaşmış özünəməxsus dini-sosial həyat tərzinin birdən-birə müasir kurort mühiti ilə qonşu olması müəyyən daxili narahatlıqlar da yaratdı.

 Kəndin mühafizəkar təbəqəsi üçün Nardaranın qapalı, dini identikliyi prioritet olan simasından çıxması ilk vaxtlar "mənəvi dəyərlərin itirilməsi" kimi qavranıldı. Çünki kəndin düz yanında yüksələn müasir istirahət zonaları ilə ənənəvi Nardaran həyatı arasında böyük bir kontrast var.

Dövlətin gördüyü tədbirlər kənddə asayişi və intizamı tam bərqərar etsə də, insanların inancını və daxili dəyərlərini bir anın içində dəyişmək mümkün deyil. Sakinlər xarici görkəmdə müasir mühitlə uyğunlaşsalar da, daxildə öz dini və adət-ənənəyə söykənən kimliklərini qorumağa çalışırlar.

Bəli, bugün qeyd etmək gərəkir ki, Nardaranda görüntünü dəyişmək - asfalt çəkmək və binaları yeniləmək qədər asan oldu. 

Lakin insanların dünyagörüşündəki dəyişiklik zamana yayılan, tədrici bir prosesdir. 

Nardaranlılar bu gün rahat infrastrukturu və açılan iş imkanlarını qəbul edir, lakin öz mənəvi köklərindən də imtina etmirlər.

 Bu günün Nardaran sakini — bir tərəfdən müasir şəhər imkanlarından yararlanan, digər tərəfdən isə öz ənənəvi kimliyini saxlamamağa çalışan keçid dövrünün insanıdır.

Zaman göstərəcək ki, Nardaranın bu iki fərqli qütbü — sahil boyu uzanan ultra-müasir kurort həyatı ilə kəndin içindəki ənənəvi-dini mühit — bir-birinə necə inteqrasiya edəcək. Lakin indidən aydın olan bir həqiqət var:

Nardaran artıq Bakıdan təcrid olunmuş, özünəqapanmış bir kənd deyil; o, öz milli və mənəvi kimliyini saxlayaraq böyük şəhər həyatına və regional inkişafa qatılan dinamik bir məkana çevrilməkdədir.

 

 

Yazar: Ülkər Fərmanqızı

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR