Bir tərəfdə Azərbaycanın dünyəvi dövlət olması, digər tərəfdə Konstitusiyanın təmin etdiyi vicdan və dini etiqad azadlığı və təhsil hüququ. Sumqayıtda hicablı şagirdlərin məktəbə buraxılmaması ilə bağlı yaranan vəziyyət bu iki prinsipin hansı hüquqi çərçivədə uzlaşdırılmalı olduğu sualını yenidən gündəmə gətirib.
Azərbaycan məktəblərində hicab məsələsi yenidən ölkə gündəminə gəlib.
Sumqayıtda hicab taxan şagirdlərin məktəbə buraxılmaması ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Məsələ isə artıq yalnız bir məktəbin daxili qaydası çərçivəsində qalmır. Çünki söhbət bir tərəfdən dövlət məktəblərində vahid geyim və dünyəvilik prinsipindən, digər tərəfdən isə yetkinlik yaşına çatmayan şəxsin dini etiqad azadlığı və təhsil hüququndan gedir.
Üstəlik, məsələ ilə bağlı həm hüquqşünasların, həm də Milli Məclis üzvlərinin fərqli hüquqi yanaşmaları var.
Mətbuatda yayılan məlumatlarda hicablı şagirdlərin məktəbə buraxılmaması ilə bağlı hadisənin Sumqayıt şəhərindəki 15 nömrəli tam orta məktəbdə baş verdiyi bildirilir.
Valideynlərin açıqlamalarına görə, bəzi şagirdlərdən baş örtüyünü çıxarmaları tələb olunub və məktəbə buraxılmaları ilə bağlı problem yaranıb. Valideynlərdən biri uşağının məktəb binasından geri qaytarıldığını bildirib.
Burada mühüm məqam odur ki, məktəb tərəfindən şagirdlərin dərsə buraxılmaması ilə bağlı yazılı qərarın olub-olmaması da mübahisə mövzusudur. Mətbuata danışan valideynlərdən biri məktəbin yazılı bildiriş vermədiyini, məsələnin “yuxarıdan verilən əmr” kimi izah edildiyini bildirib.
Bu iddialara məktəbin və aidiyyəti dövlət qurumlarının rəsmi mövqeyi də məsələnin hüquqi qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Yeni qaydalar mübahisəni yenidən alovlandırdı
Məsələnin hüquqi tərəfi 21 sentyabr 2026-cı ildə Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formaları ilə bağlı qaydalara etdiyi dəyişiklikdən sonra daha da aktuallaşıb.
Yeni müddəalarda məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərindən istifadəyə yol verilmədiyi göstərilir. Qaydalara riayət olunması ilə bağlı məsələlərin həllində məktəbin Pedaqoji Şurasına da rol verilir.
Lakin burada diqqətçəkən hüquqi məqam var:
Qaydalarda “hicab” ayrıca sözlə qadağan edilmiş geyim elementi kimi göstərilmir.
Məhz bu məqam hüquqşünasların da diqqət çəkdiyi əsas məsələlərdən biridir.
Vəkil Təranə Məmmədova: “Azərbaycan dünyəvi dövlətdir, amma dini etiqad azadlığı da var”
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Təranə Məmmədova hesab edir ki, məsələyə yalnız “məktəbli forması” prizmasından yanaşmaq düzgün deyil.
Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasının 18-ci maddəsi dövlət və din münasibətlərinin əsasını müəyyən edir: Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
Lakin dünyəvi dövlət prinsipi dini etiqad azadlığının aradan qaldırılması demək deyil.
Məmmədovanın hüquqi mövqeyinə görə, Azərbaycanda hüquq sistemi şəriət qanunlarına əsaslanmır, lakin Konstitusiya şəxsin vicdan və dini etiqad azadlığını təmin edir.
Bu baxımdan hicab taxan şagirdin məktəbə buraxılmaması məsələsində eyni zamanda dini etiqad azadlığı, vicdan azadlığı və təhsil almaq hüququ nəzərdən keçirilməlidir.
Esmira Hüseynova: “Bu məsələ yalnız dini məsələ deyil”
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Kollegiyanın İntizam Komissiyasının üzvü Esmira Hüseynova isə məsələyə daha geniş hüquqi çərçivədən yanaşır.
Onun fikrincə, Azərbaycan Konstitusiyası həm dövlətin dünyəvi xarakterini, həm vicdan azadlığını, həm qanun qarşısında bərabərliyi, həm də hər bir şəxsin təhsil hüququnu təmin edir.
Bu müddəalar bir-birindən ayrı deyil, qarşılıqlı əlaqədə tətbiq edilməlidir.
Hüseynova xüsusilə vurğulayır ki, Konstitusiyanın 42-ci və 48-ci maddələrində ümumtəhsil məktəbində hicab taxılması ilə bağlı ayrıca xüsusi norma yoxdur. Buna görə də konkret hadisəyə hüquqi qiymət vermək üçün hazırda qüvvədə olan geyim qaydaları, məktəbin nizamnaməsi və digər normativ sənədlər araşdırılmalıdır.
Ən mühüm sual: forma qaydasının pozulması uşağı dərsdən uzaqlaşdırmağa əsas verirmi?
Məsələnin düyün nöqtəsi də məhz buradadır.
Çünki məktəbin müəyyən geyim qaydasına malik olması başqa, həmin qaydaya uyğun gəlmədiyi hesab edilən uşağın təhsil prosesindən faktiki uzaqlaşdırılması isə tamam başqa məsələdir.
Hüseynovanın mövqeyinə görə, məktəb rəhbərliyi şagirdin geyiminin qaydalara uyğun olmadığını hesab edirsə belə, konkret hüquqi norma əsasında və müəyyən edilmiş prosedura uyğun hərəkət etməlidir.
Şifahi şəkildə “məktəbə buraxılmırsan” demək isə yazılı, əsaslandırılmış qərarın yerini tutmamalıdır.
Xüsusilə söhbət yetkinlik yaşına çatmayan uşaqdan gedirsə, onun təhsil hüququ və ən yaxşı maraqları nəzərə alınmalıdır.
Deputat Ceyhun Məmmədov: “Azərbaycanda hicabla bağlı qadağa mövcud deyil”
Məsələyə Milli Məclisdən də münasibət bildirilib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov 2026-cı ilin martında məktəblərdə hicab məsələsi ilə bağlı açıqlamasında bildirib ki, Azərbaycanda hicabla bağlı ümumi qadağa yoxdur.
Deputatın sözlərinə görə, Konstitusiya və “Dini etiqad azadlığı haqqında” qanun dini etiqad azadlığını təmin edir. Onun yanaşmasına görə, məktəbdəki məsələ isə hicabın ayrıca qadağan edilməsindən deyil, vahid məktəbli formasının tətbiqindən irəli gəlir.
Məmmədov məktəblərdə əsas məqsədin bütün şagirdlərin vahid formada dərsə gəlməsi olduğunu vurğulayıb.
Bu yanaşma məsələyə hüquqi baxımdan başqa bir sual əlavə edir:
Əgər ümumi hicab qadağası yoxdursa, vahid məktəbli forması tələbi dini geyimin hansı həddə məhdudlaşdırılmasına əsas verir?
Deputat Elnarə Akimova: “Burada yaş faktoru da nəzərə alınmalıdır”
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova isə məsələni daha çox uşağın yaşı və məktəb mühiti prizmasından qiymətləndirir.
Akimovanın sözlərinə görə, hicablı şagirdlərin məktəbə buraxılmaması ilə bağlı müzakirələr fərdi seçimlə ictimai qaydanın kəsişdiyi məqamdır.
Deputat məktəbli formasının sosial bərabərlik, neytrallıq və vahid təhsil mühitinin təmin edilməsi baxımından əhəmiyyət daşıdığını bildirir.
Akimovanın yanaşmasında əsas məqamlardan biri isə uşağın yaşıdır. Onun fikrincə, uşaqlar formalaşma mərhələsində olduqları üçün dini simvolların məktəb yaşında istifadəsinə yalnız fərdi seçim kimi yanaşmaq olmaz; ailənin və mühitin təsiri də nəzərə alınmalıdır. Deputat bu məhdudiyyətin qadağadan çox qoruyucu tədbir kimi qiymətləndirilməsinin mümkün olduğunu bildirib.
Beləliklə, Milli Məclisdə də məsələ ilə bağlı iki mühüm yanaşma görünür: biri əsas diqqəti vahid məktəbli formasına, digəri isə uşağın yaşı, məktəb mühiti və ailə təsirinə yönəldir.
Bəs Konstitusiya nə deyir?
Azərbaycan Konstitusiyasının 18-ci maddəsi dövlətin dünyəvi xarakterini müəyyən edir.
42-ci maddə təhsil hüququnu təmin edir.
48-ci maddə isə vicdan azadlığını təsbit edir.
Bu maddələrin hər biri ayrı-ayrılıqda deyil, bir hüquqi sistemin hissəsi kimi fəaliyyət göstərir.
Deməli, məsələni yalnız “Azərbaycan dünyəvi dövlətdir” və ya yalnız “dini etiqad azadlığı var” arqumenti ilə yekunlaşdırmaq mümkün deyil.
Hüquqi mübahisənin əsas sualı budur:
Dünyəvilik prinsipinin qorunması məqsədilə tətbiq olunan geyim tələbi hansı həddə qədər şagirdin dini etiqadını ifadə etməsinə və təhsil almaq hüququna təsir göstərə bilər?
Məktəb rəhbərliyi hansı sənədə əsaslanıb?
Məhz burada hüquqi şəffaflıq məsələsi ön plana çıxır.
Əgər şagird məktəbə buraxılmayıbsa, bunun:
- hansı normativ hüquqi akta əsaslandığı;
- məktəbin hansı daxili sənədində nəzərdə tutulduğu;
- Pedaqoji Şuranın bununla bağlı qərarının olub-olmadığı;
- qərarın kim tərəfindən qəbul edildiyi;
- valideynə yazılı şəkildə bildirilib-bildirilmədiyi;
- qərardan hansı qaydada şikayət verilə bildiyi
aydınlaşdırılmalıdır.
Çünki geyim qaydasının mövcudluğu ilə uşağın təhsil prosesindən uzaqlaşdırılması arasında hüquqi mexanizm olmalıdır.
Məsələ yalnız bir məktəbin problemi deyil
Sumqayıtda baş verən hadisə əslində daha geniş sualı ortaya qoyur.
Dövlət məktəbi dünyəvi olmalıdır — bu, Konstitusiyanın müəyyən etdiyi dövlət modelidir.
Lakin dünyəvi dövlət anlayışı dini etiqad azadlığının avtomatik olaraq aradan qalxması anlamına gəlmir.
Eyni zamanda dini etiqad azadlığı da məktəbin müəyyən etdiyi qanuni və ümumi qaydaların avtomatik olaraq qüvvədən düşməsi demək deyil.
Deməli, əsas məsələ bu iki prinsip arasında qanuni, aydın və tətbiq edilə bilən sərhədin müəyyən edilməsidir.
Və həmin sərhəd ən çox da uşağın məktəb qapısında görünür.
Nəticə: Hicabla bağlı ayrıca qadağa varmı?
Beləliklə, məsələnin hüquqi mahiyyəti dəqiq ifadə edilməlidir. Azərbaycan qanunvericiliyində məktəbli qızların hicab taxmasını ayrıca və açıq şəkildə qadağan edən norma mövcud deyil. Əksinə, Konstitusiyanın 48-ci maddəsi vicdan azadlığını, hər kəsin dini münasibətini müstəqil müəyyənləşdirmək və öz əqidəsini ifadə etmək hüququnu təsbit edir. Konstitusiyanın 42-ci maddəsi isə hər bir vətəndaşın təhsil almaq hüququnu təmin edir.
Lakin 2026-cı ilin 21 sentyabrında Nazirlər Kabinetinin qəbul etdiyi №309 saylı qərarla dövlət ümumi təhsil müəssisələrinin geyim qaydalarına yeni müddəa əlavə olunub. Həmin müddəaya əsasən, müəyyən edilmiş məktəbli geyiminin vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir. Qərarda “hicab” sözü ayrıca qeyd edilmədiyi üçün məsələ hədəflənməyən nöqtəyə çatmışdır.
Bu səbəbdən hüquqi mübahisənin əsas nöqtəsi məhz bundan ibarətdir: “dünyəvilik prinsipinə uyğun olmayan geyim elementi” anlayışı hicabı əhatə edirmi və əgər edirsə, bunun konkret hüquqi əsaslandırması necədir?
Üstəlik, 2026-cı il 7 iyul tarixli “Ümumi təhsil haqqında” Qanuna dəyişikliklə dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyimlə bağlı tələblərə riayət etməli olduğu müəyyənləşdirilsə də, görünən odur ki, qanunun dünyəvilik prinsiplərinə uyğunluğu üçün səy göstərilməlidir.
Araşdırma: Cəmilə Çebataryova
Yazar: Ülkər Fərmanqızı
VOİCEPRESS