Tədbirdə dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin, habelə Avrasiya coğrafi məkanında yerləşən ölkələrin nümayəndələri iştirak edirlər.
“Avrasiya Həftəsi”nin əsas məqsədi bir sıra ölkələrdə, o cümlədən Azərbaycan, Gürcüstan və Qazaxıstanda OECD-in sahibkarlıq sahəsində apardığı müşahidələrin nəticələrini təqdim etməkdir. Tədbirdə Azərbaycanı İqtisadiyyat Nazirliyinin, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri təmsil edir.
VOİCEPRESS.AZ xəbər verir ki, “Report”a açıqlama verən İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, “Avrasiya Həftəsi” 1-ci günü Azərbaycanda sahibkarlığın inkişafı sahəsində görülən tədbirlərlə bağlı hesabat təqdim olunub:“Hesabat kifayət qədər yüksək səviyyədə hazırlanıb və həm Azərbaycan nümayəndə heyəti, həm də OECD-in və aparıcı dövlətlərin nümayəndələri həmin hesabatla bağlı çıxışlar ediblər, maraqlı müzakirələr aparıblar. Ən vacib məsələ – Azərbaycanın “Doing Biznes 2018“ hesabatında 32 pillə irəliləyək 25-ci yerə yüksəlməsi qeyd olunub. Xüsusilə Azərbaycanda tikintilərə icazə, biznesə başlama, əmlakın qeydiyyatı, vergilərin ödənilməsi, kreditlərin əldə edilməsi istiqamətində aparılan islahatlar ətrafında müzakirələr aparılıb. Vurğulanıb ki, bütün bu islahatlar ölkə prezidentinin rəhbərliyi ilə qəbul edilmiş Strateji Yol Xəritələri çərçivəsində uğurla həyata keçirilir və sistemli xarakter alıb. Tədbir iştirakçılarına Azərbaycandan ixracın genişləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı, ixrac missiyalarının təşkil olunması, “Azexport” portalının fəaliyyəti, Azərbaycanın xaricdə açılan ticarət nümayəndəlikləri və Ticarət Evləri ilə bağlı məlumat verilib, fikir mübadiləsi aparılıb. Ekspertlər Azərbaycanda əldə olunmuş bu uğurları yüksək qiymətləndiriblər və eyni zamanda bu uğurların digər ölkələrdə tətbiqi imkanlarına baxılmasını təklif etdiblər. Azərbaycanın hal-hazırda MDB ölkələri arasında “Doing Business” sahəsində ən irəlidə gedən ölkə olması, BRİCS ölkələrinin hamısını geridə qoyması, böyük 20-yə daxil olan hər 4 ölkədən 3-nü geridə buraxması bu istiqamətdə əldə edilmiş çox böyük nailiyyətlərdəndir. Çıxış edən nümayəndələr Qazaxıstan, Gürcüstan, İsrail, ABŞ, Almaniya və digərləri Azərbaycanda aparılan bu islahatların böyük uğurunu qeyd ediblər”.
Bundan başqa, Vüsal Qasımlının sözlərinə görə, tədbirdə Azərbaycanda kiçik və orta sahibkarlıqla bağlı yaradılmış agentliyin fəaliyyəti də yüksək qiymətləndirilib, bunun kiçik və orta sahibkarlıq sahəsində vahid tənzimləmə, vahid yanaşmanın tətbiqi baxımdan əhəmiyyət daşıdığı və gələcəkdə böyük perspektivlər vəd etdiyi vurğulanıb.
Ekspert, həmçinin bildirib ki, tədbirin bugünkü gedişi Azərbaycanda aparılan iqtisadi islahatlar dünyanın diqqət mərkəzində olduğunu, bu islahatların diqqətlə öyrənildiyini və digər dövlətlərə də təklif olunduğunu göstərib.
“Avrasiya Həftəsi” sabah başa çatacaq. Tədbirin sonuncu günündə OECD Azərbaycan üzrə yekun hesabatını təqdim edəcək.


VOİCEPRESS.AZ