DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

3 OKTYABR 1993 – AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN YENİ MƏRHƏLƏSİNİN BAŞLANĞICI

Azərbaycanın müasir tarixində 3 oktyabr 1993-cü il dövlətçilik baxımından mühüm dönüş nöqtələrindən biri kimi yadda qalıb.

|
3 OKTYABR 1993 – AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN YENİ MƏRHƏLƏSİNİN BAŞLANĞICI

 

Həmin gün keçirilən prezident seçkiləri ölkənin müstəqilliyinin ilk illərində yaşadığı mürəkkəb və ziddiyyətli siyasi mərhələyə təsadüf edib. Azərbaycan xalqının seçimi ilə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi dövlət idarəçiliyinin yenidən formalaşdırılması, ictimai-siyasi sabitliyin təmin olunması və müstəqil dövlətçilik institutlarının möhkəmləndirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı olub.

1993-cü ilin 3 oktyabrında Heydər Əliyevin prezident seçilməsi ölkənin gələcək siyasi inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisəyə çevrilib. Bu dövrdə əsas məsələlərdən biri dövlət müstəqilliyinin qorunması, ölkənin parçalanmasının qarşısının alınması və dövlət idarəçiliyinin möhkəmləndirilməsi idi.

1991–1993-cü illərdə Azərbaycanda hökm sürən siyasi böhran, idarəetmədə yaranmış ciddi problemlər və daxili qarşıdurmalar ölkəni ağır sınaqlarla üz-üzə qoymuşdu. Məhz belə bir mürəkkəb şəraitdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu.

Onun rəhbərliyi ilə dövlət institutlarının möhkəmləndirilməsi, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi, dövlət çevrilişi cəhdlərinin qarşısının alınması və ordu quruculuğunun gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Ölkədə sabitliyin təmin edilməsi dövlət quruculuğu və iqtisadi inkişaf üçün zəruri siyasi mühit formalaşdırdı.

DÖVLƏTÇİLİK VƏ HÜQUQİ İSLAHATLAR

Heydər Əliyevin siyasi fəaliyyətində Azərbaycanın hüquqi, siyasi və iqtisadi suverenliyinin möhkəmləndirilməsi əsas istiqamətlərdən biri olub.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi müstəqil dövlət quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirən mühüm hadisə idi. Konstitusiyada hakimiyyət bölgüsü, insan hüquq və azadlıqlarının təminatı, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması kimi fundamental prinsiplər öz əksini tapdı.

Bu dövrdə hüquq sisteminin institusional inkişafı istiqamətində də mühüm addımlar atıldı. Konstitusiya Məhkəməsinin və Ombudsman institutunun yaradılması, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi və ölüm hökmünün ləğvi Azərbaycanın hüquqi dövlət quruculuğu prosesinin mühüm elementləri kimi qiymətləndirilir.

Eyni zamanda mətbuat və informasiya siyasətində də mühüm dəyişikliklər həyata keçirildi. Senzuranın ləğvi ölkənin media və ictimai-siyasi həyatında yeni mərhələnin başlanmasına şərait yaratdı.

“ƏSRİN MÜQAVİLƏSİ” VƏ İQTİSADİ İNKİŞAF STRATEGİYASI

Heydər Əliyevin dövlətçilik siyasətinin mühüm istiqamətlərindən biri Azərbaycanın iqtisadi potensialının müstəqil dövlətin inkişafına yönəldilməsi idi.

1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji strategiyasının formalaşmasında mühüm rol oynadı. Bu saziş ölkənin dünya iqtisadi sisteminə daha fəal inteqrasiyası və xarici investisiyaların cəlb edilməsi üçün yeni imkanlar yaratdı.

Sonrakı illərdə Bakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi strateji enerji layihələrinin reallaşdırılması Azərbaycanın regional və beynəlxalq enerji sistemində mövqeyinin möhkəmlənməsinə xidmət etdi.

Bazar iqtisadiyyatına keçid, sahibkarlığın inkişafı və iqtisadi islahatların həyata keçirilməsi də həmin dövrün əsas prioritetləri sırasında idi.

AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ

Heydər Əliyevin dövlətçilik konsepsiyasında azərbaycançılıq ideologiyası xüsusi yer tuturdu. Bu məfkurə Azərbaycanın daxilində milli həmrəyliyin möhkəmləndirilməsi ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların vahid milli kimlik ətrafında birləşməsinə xidmət edən mənəvi-siyasi dayaqlardan birinə çevrildi.

Milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın bərpası və dünya azərbaycanlıları ilə əlaqələrin gücləndirilməsi bu siyasətin mühüm istiqamətlərindən idi.

Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının təşkilatlanması istiqamətində görülən işlər sonrakı mərhələdə diaspor siyasətinin institusional əsaslarının formalaşmasına da təsir göstərdi.

AZƏRBAYCANIN BEYNƏLXALQ MÖVQEYİ

Heydər Əliyevin xarici siyasət kursunun əsas xüsusiyyətlərindən biri Azərbaycanın milli maraqlarına əsaslanan balanslaşdırılmış diplomatiyanın həyata keçirilməsi idi.

Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərinin inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəmizin mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması və Azərbaycanın regional layihələrdə fəal iştirakının təmin olunması həmin dövrün xarici siyasət prioritetləri sırasında idi.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi, Böyük İpək Yolu təşəbbüsü və enerji-nəqliyyat layihələri Azərbaycanın regional əhəmiyyətini artıran mühüm amillərdən oldu.

3 OKTYABRIN TARİXİ ƏHƏMİYYƏTİ

3 oktyabr 1993-cü il Azərbaycan dövlətçiliyinin müasir tarixində mühüm mərhələlərdən birinin başlanğıcı kimi qiymətləndirilir.

Heydər Əliyevin prezident seçilməsindən sonra dövlət idarəçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi, hüquqi və iqtisadi institutların formalaşdırılması, ordunun qurulması və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirildi.

Bu baxımdan 3 oktyabr yalnız bir prezident seçkisinin tarixi deyil, Azərbaycanın müstəqil dövlətçilik modelinin formalaşmasında mühüm mərhələlərdən biri kimi yadda qalan siyasi hadisədir.

Bu gün müstəqil Azərbaycan dövlətinin inkişafında həmin dövrdə formalaşdırılmış dövlətçilik institutlarının və siyasi kursun mühüm rolu qeyd olunur. Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsi və dövlətçilik konsepsiyası isə Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən biri olaraq qalır.

 

 

 

Mönsüm Alışov
pedaqoji elmlər doktoru, professor

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR