Energetika Nazirliyində 1783 müraciətə baxılıb

6 Noyabr, 11:04

2018-ci ilin yanvar-oktyabr ayları ərzində Energetika Nazirliyinə daxil olmuş inzibati xətalar haqqında 105 işə baxılıb. Bunlardan 95-i təbii qazın, 10-u isə elektrik enerjisinin talanması ilə bağlı olub. Daxil olmuş 84 iş üzrə təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.

VOİCEPRESS.AZ xəbər verir ki, nazirlik tərəfindən yerində aparılmış yoxlamalar nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 6 iş üzrə, təbii qazdan istifadə qaydalarının pozulmasına görə isə 1 iş üzrə inzibati tənbeh vermə haqqında qərar verilib. Həmçinin, 4 iş üzrə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib.

Bundan əlavə, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının pozulmasına görə 4 iş üzrə, elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasınagorə 5 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə isə 1 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib. Qərarlar aidiyyəti üzrə inzibati xəta törədən şəxslərə göndərilib.

Həmçinin 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Respublikasının Energetika Nazirliyinə və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı məsələləri ilə bağlı 1678 ərizə və müraciət daxil olub.

Vətəndaşlar tərəfindən edilən müraciətlərin 47,2 faizi elektrik enerjisi, 28,7 faizi qaz təchizatı ilə bağlı olub. 24 faiz müraciətlər isə digər məzmunlu məsələləri əhatə edib.

Elektrik enerjisi təchizatı üzrə qəbul edilmiş 792 müraciətin 295-ielektrik sayğaclarının quraşdırılması və ödənişlərin hesablanmasında çətinliklərin yaranması, 105-i enerji təchizatı şəbəkəsinə qoşulmaya görə texniki şərtlərin verilməsi, 110-u enerji təchizatında yaranmış fasilələr, 282-i isə elektrik enerjisinin verilişində yaranan digər çatışmazlıqlarla bağlı olub.

2018-ci ilin 10 ayı ərzində nazirlikdə istehlakçılarınqaz təchizatı ilə bağlı 483 müraciət qeydə alınıb. Bunlardan 57-iqaz xəttinə qoşulma, 67-i qazın verilişində yaranmış fasilələr, 256-ı sayğaclarının quraşdırılması və izafi borcun yaranması, 103-ü isə qaz təchizatında yaranmış digər problemlərə aid olub.

Bu dövr ərzində istehlakçılar tərəfindən nazirliyə ünvanlanan müraciətlərdən 1110-u nazirlik və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən araşdırılaraq cavablandırılıb, 37 müraciət mahiyyəti üzrə təhlil edilərək müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

Energetika Nazirliyinə daxil olan bütün ərizə və müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa, elektrik enerjisindən və qazdan istifadə qaydalarına, elektroenergetika və qaz təchizatı haqqında mövcud qanunvericiliyə uyğun olaraq icra edilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here