SOCAR-dan VOİCEPRESS-ə verilən məlumata görə, “Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanmış və Kompleks Qazma İşləri Trestinin “Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirmişdir.
Hər iki zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılmışdır. Hazırda xəsarət alan qazmaçılar xəstəxanada müalicə alırlar. Hadisənin baş vermə səbəbləri araşdırılır.
11:02
SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyusunda baş verən qəza nəticəsində ölən olmayıb.
VOİCEPRESS xəbər verir ki, bu barədə trend-ə açıqlamasında SOCAR-ın mətbuat xidmətinin əməkdaşı İbrahim Əhmədov məlumat verib.
Məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar qazma köməkçisi – Fikrət Gözəlov və Cavad Ədilovdur.
Hər iki şəxs dərhal xəstəxanaya yerləşdirilib. Onlardan birinin xəsarəti yüngül olduğundan evə buraxılıb, digər yaralının müalicəsi davam etdirilir.
10:20
Qaradağ rayonu ərazisində yerləşən Azneft istehsalat birliyinin buruğunda faciə baş verib.
VOİCEPRESS xəbər verir ki, buruğda boru 52 yaşlı Gözəlov Fikrət Alıkişi və 54 yaşlı Ədilov Cavad Əlibala oğlunun üstünə düşüb.
Ağır xəsarətlər alan işçilər xəstəxanaya çatdırılıb. Fikrət Gözəlov aldığı xəsarətlərlə xəstəxanada dünyasını dəyişib.
Digər yaralının vəziyyəti isə orta ağır kimi qiymətləndirib. Faktla əlaqədar araşdırmalar aparılır.
VOİCEPRESS.AZ