– Noyabrın 24-də Brüsseldə “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək. O da bəllidir ki, Ermənistan AB ilə çərçivə sazişi imzalamağa çalışır. Brüsseldəki sammitdə qəbul ediləcək yekun qətnamənin 2-ci bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü tam dəstəklənir. İrəvanın bu qətnaməyə imza atması heç bir halda Moskvaya sərf etmir. Moskva ilə razılaşdırılmağına baxmayaraq, İrəvan son anda yenidən danışıqlardan imtina edə bilər?
– Dövlətlərin ərazi bütövlüyü məsələsi Avropa Birliyinin strategiyasında yer alıb və AB hazırda özü üçün həyati əhəmiyyət kəsb edən bu prinsipdən Ermənistana görə imtina etməyəcək. Ərazi bütövlüyü ilə bağlı ikili standartların tətbiqi, siyasi manipulyasiyalar da artıq keçərli deyil. Separatizm Avropa Birliyinin üzvü olan dövlətləri təhdid edir və bu məsələdə ikili standartların davam etdirilməsi AB-nin süqutu deməkdir. Ermənistanın bu qətnaməni imzalamaqdan başqa yolu yoxdur. Şübhəsiz ki, işğalçı ölkə bu məsələyə öz şərhini verməyə, manipulyasiya üçün yer saxlamağa çalışacaq. Amma bunun keçərli olacağını düşünmürəm. Rusiyaya gəldikdə, hesab etmirəm ki, Ermənistanın dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin yer aldığı qətnaməni imzalaması Moskvanın maraqlarına uyğun deyil. Əksinə, bu gedişat Kremlin Ermənistana təsir imkanlarını daha da genişləndirir. Ermənistan qətnamədə yer alan prinsiplərə əməl etməzsə, hətta rəmzi də olsa, AB strukturlarının tənqidinə məruz qalacaq. Azərbaycan isə şübhəsiz ki, bu məsələni mütəmadi olaraq gündəmə gətirəcək. Bu isə Ermənistanın Rusiyadan asılılığını daha da artıracaq. Ola bilsin ki, Rusiyanın çərvivə sazişinə xeyir-dua verməsinin səbəblərindən biri də budur.
– Kataloniya və Avropanın digər ölkələrində baş qaldıran müstəqillik cəhdləri bir daha ölkələrin ərazi bütövlüyü prinsipini ön plana çıxardı. Bu fonda Bakının Brüssel sammitindən müsbət gözləntilərinin olduğunu söyləyə bilərikmi? Bilirsiniz ki, sammitdə Azərbaycan və Ermənistan prezidentlərinin da iştirakı gözlənilir…
– Kataloniyada baş verənlərdən, İspaniya hökumətinin sərt qərarlarından və AB üzvü olan ölkələrin presedentə münasibətindən sonra Azərbaycan çox böyük hüquqi və mənəvi üstünlüklər əldə edib. Ərazi bütövlüyü hazırda AB üçün çox mühüm məsələdir və yaranmış vəziyyətdən də maksimum istifadə etməyə səy göstərmək lazımdır. Brüssel sammitinin bizim üçün müsbət tərəfi ərazi bütövlüyü ilə bağlı manipulyasiyalara son verilməsi, bununla bağlı vahid strategiyanın müəyyənləşdirilməsidir.
VOİCEPRESS.AZ