Mərkəzdən VOİCEPRESS-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə CESD sədri Vüqar Bayramov açaraq iştirakçıları salamlayıb. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Avropa İttifaqının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Kestutis Jankauskas, BMT-nin Azərbaycandakı rezident koordinatoru cənab Qulam İshaqzai çıxış edib, layihənin keçirilməsi və onun yekunlarına dair öz fikirlərini bildiriblər.
Əsasən, fiziki imkanları məhdud insanların həyat şəraitinin yaxşılaşdırılması məsələlərinin müzakirə edildiyi simpoziumun növbəti bölmələrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin departament rəhbəri Saday Abdullayev, CESD təmsilçiləri Rəşad Həsənov və Əhməd Əlili çıxış edərək layihənin nəticələrini şərh edib, Azərbaycanda sosial siyasət və islahatlar mövzusunda öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Simpoziumda dövlət qurumlarının, beynəlxalq təşkilatların, Milli Məclisin, vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Qeyd edilib ki, CESD tərəfindən həyata keçirilən tədbirlər son iki ildə Gəncə, Samux, Goranboy və Şəmkir rayonlarında icra olunmaqla regiondakı fiziki məhdudiyyətli insanların həyat şəraitinin yaxşılaşdırılması, bu istiqamətdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təmsilçilərinin imkanlarının artırılması, vətəndaş-icra hakimiyyətinin platformasının qurulması istiqamətində mühüm töhfələr verib.
Xatırladaq ki, layihə Avropa Birliyinin Bakı nümayəndəliyinin dəstəyi ilə BMT-nın İnkişaf Proqramı tərəfindən idarə olunur.
VOİCEPRESS.AZ