Bunu VOİCEPRESS-ə sabiq maliyyə naziri Fikrət Yusifov deyib. O qeyd edib ki, bunun belə olduğunu Prezident İlham Əliyev son müşavirələrin birində çox aydın bir şəkildə ifadə etdi: “Çıxışında o, çox haqlı olaraq “Bizim iqtisadiyyatımıza ən böyük zərbəni də banklar vururlar” dedi. Ona görə də bu gün Hökumətin və Mərkəzi Bankın ən ümdə vəzifələrindən biri qısa zaman ərzində ölkənin bank sektorunun yenidən qurulmasına aparan sürətli islahatlar keçirməkdən ibarətdir. İndi bütün iş adamları, sahibkarlar bank sisteminin onlara üz tutacagı günü gözləyir.
Bu islahatlar nəticə etibarilə ümumi iqtisadi inkişafımız üçün hava və su qədər lazım olan iqtisadiyyatın pul təminatına yol açmalıdır. Bunun alternativi yoxdur. Bu gün Azərbaycanda iqtisadiyyatın pul təminatı 15% ətrafındadır. Bu göstərici inkişaf etmiş ölkələrdə 100, 150 və bəzən 200 %-i ötür. Rusiya və Qazaxstan kimi bizimlə eyni məkanında olan neft ölkələrində isə bu göstərici 50 faiz ətrafındadır. Lakin həmən ölkələrdəki bir çox rəsmilər belə bunun çox az olduğunu təkidlə qeyd edib, tənqid atəşinə tuturlar”.
Aysel isgəndərova
VOİCEPRESS.AZ