DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəldilər

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəldilər – Cənubi Qafqazda ilk laboratoriya yaradıldı

|
Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəldilər

Oktyabrın 2-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Seysmik izolyasiya və enerji dissipasiyası tətbiqlərində son nailiyyətlər” (SIED2026) mövzusunda beynəlxalq vörkşop keçirilib.

VOİCEPRESS xəbər verir ki, Azərbaycanla yanaşı, Türkiyə, Yaponiya, İtaliya və Böyük Britaniyadan tanınmış alim və mütəxəssislərin qatıldığı tədbirdə zəlzələ mühəndisliyi sahəsində son elmi yeniliklər, müasir seysmik mühafizə texnologiyaları və onların praktik tətbiqi imkanları müzakirə olunub.

Vörkşopda dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş nüfuzlu alimlər iştirak ediblər. Onların sırasında Türkiyənin Boğaziçi Universitetindən professor Mustafa Erdik, Böyük Britaniyanın Bristol Universitetindən professor Anastasios Sextos, İtaliyanın Sapienza Roma Universitetindən professor Paolo Clemente, Yaponiyanın Institute of Science Tokyo ali təhsil müəssisəsindən professorlar Akira Wada və Toru Takeuchi, Türkiyənin MEF Universitetindən doktor Bahadır Şadan, həmçinin doktor Cüneyt Tüzün yer alıblar.

Tədbirdə seysmik izolyasiya sistemlərinin tətbiq sahələrinin genişləndirilməsi, hündürmərtəbəli binaların zəlzələyə davamlı layihələndirilməsi, seysmik təsirlərin hesablanması, enerji dissipasiyası texnologiyaları, mədəni irs obyektlərinin zəlzələdən qorunması və müasir mühəndislik yanaşmaları ətrafında elmi müzakirələr aparılıb.

AzMİU rektorunun müşaviri, Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin direktoru, professor Azər Qasımzadə “Seysmik izolyasiyanın tətbiq sahələrinin və effektivlik sərhədlərinin genişləndirilməsi: seysmik mühafizədən dayanıqlılığa doğru” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə müasir zəlzələ mühəndisliyində yalnız insan həyatının qorunması ilə kifayətlənməyən, zəlzələdən sonra binaların funksionallığının saxlanılmasını və qısa müddətdə bərpasını da nəzərdə tutan yeni yanaşmaların əhəmiyyətindən bəhs olunub.

Vörkşopun diqqətçəkən elmi təqdimatlarından biri də professor Azər Qasımzadənin ixtirası olan Struktur Seysmik İzolyasiya Metodu (Structural Seismic Isolation Method – SSIM) ilə bağlı olub. Yeni metod zəlzələ zamanı konstruksiyaların dayanıqlılığının artırılmasına, tikililərin zədələnmə riskinin azaldılmasına və zəlzələdən sonra onların funksionallığının qorunmasına yönəlib.

Beynəlxalq tədbir çərçivəsində seysmik mühafizə texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin və mütəxəssislərin təqdimatları da dinlənilib, müxtəlif ölkələrdə tətbiq olunan qabaqcıl mühəndislik həlləri ətrafında fikir mübadiləsi aparılıb.

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Beynəlxalq vörkşop çərçivəsində AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin nəzdində bp şirkətinin dəstəyi ilə yaradılmış “Strateji əhəmiyyətli binaların monitorinqi və müşahidəsi laboratoriyası” da təqdim olunub.

Açılış mərasimində AzMİU rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova, bp-nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, universitetin və bp-nin əməkdaşları, zəlzələ mühəndisliyi üzrə dünyanın tanınmış alimləri iştirak ediblər.

Binaların fasiləsiz seysmik monitorinqi istiqamətində Azərbaycanda və Cənubi Qafqazda ilk olduğu bildirilən laboratoriya strateji əhəmiyyətli bina və qurğuların texniki vəziyyətini real vaxt rejimində izləməyə, konstruksiyalarda baş verə biləcək dəyişiklikləri erkən mərhələdə müəyyənləşdirməyə imkan verir.

Laboratoriyanın əsas üstünlüklərindən biri bina və qurğuların vəziyyətinin sutkanın 24 saatı, həftənin 7 günü fasiləsiz monitorinq edilməsidir. Bu məqsədlə Cənubi Qafqazın ən hündür binası kimi təqdim olunan Baku Tower-də Qurğusal Seysmik Monitorinq Sistemi quraşdırılıb. Hazırda bina laboratoriya vasitəsilə fasiləsiz izlənilir və əldə olunan məlumatlar təhlil edilir.

Sistem binanın ilkin ölçmələr zamanı müəyyən edilmiş texniki və dinamik göstəricilərini sonrakı monitorinq nəticələri ilə müqayisə etməyə imkan verir. Başqa sözlə, laboratoriya binanın bir növ “nəbzini” daim izləyir. Konstruksiyanın davranışında normadan kənar dəyişiklik aşkarlandıqda onun səbəblərinin araşdırılması və vaxtında müvafiq mühəndislik tədbirlərinin görülməsi mümkün olur.

Laboratoriya, həmçinin Səyyar Qurğusal Seysmik Monitorinq Sistemi ilə təchiz edilib. Mobil sistem vasitəsilə müxtəlif bina və qurğularda birbaşa yerində ölçmələr aparmaq, onların konstruktiv vəziyyətini tikiliyə zərər vermədən qiymətləndirmək mümkündür.

Bundan əlavə, laboratoriyada binaların daşıyıcı konstruksiyalarının texniki vəziyyətini təxribatsız üsullarla müəyyən edən müasir cihazlar mövcuddur. Bu avadanlıqlar betonun möhkəmliyini, armaturun yerləşməsini və digər parametrlərini, betonun qoruyucu təbəqəsinin vəziyyətini, eləcə də armaturda korroziya proseslərini qiymətləndirməyə imkan yaradır.

Yeni laboratoriyanın fəaliyyəti yalnız zəlzələdən sonra binaların vəziyyətinin yoxlanılması ilə məhdudlaşmır. Burada toplanan məlumatlar müasir elmi-mühəndislik metodları əsasında təhlil olunur, hər bir binanın faktiki davranışını əks etdirən eksperimental modeli hazırlanır və onun texniki vəziyyətinin dəyişmə tarixçəsi formalaşdırılır.

Bu yanaşma konstruksiyalarda yarana biləcək problemləri erkən mərhələdə müəyyənləşdirməyə, qabaqlayıcı tədbirlər görməyə, binaların təhlükəsiz istismar müddətini uzatmağa və təmir-bərpa xərclərini optimallaşdırmağa xidmət edir.

Laboratoriyanın texnoloji imkanları dünyanın müxtəlif ölkələrində yerləşən bina və qurğuların da məsafədən monitorinqinə şərait yaradır. Bu isə AzMİU-nun beynəlxalq elmi-tədqiqat və mühəndislik layihələrində iştirak imkanlarını genişləndirir.

Yeni laboratoriya universitetdə aparılan elmi tədqiqatların inkişafı ilə yanaşı, tələbə və gənc tədqiqatçıların müasir seysmik monitorinq texnologiyalarına yiyələnməsi, nəzəri biliklərin praktiki tətbiqi və yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanması baxımından da əhəmiyyət daşıyır.

SIED2026 beynəlxalq vörkşopu və yeni laboratoriyanın yaradılması AzMİU-nun zəlzələ mühəndisliyi sahəsində elmi potensialının gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və müasir seysmik təhlükəsizlik texnologiyalarının Azərbaycanda tətbiqi istiqamətində həyata keçirilən fəaliyyətin davamıdır.

.

.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR