Qeyd edək ki, XX əsrin əvvəllərindən fiziki işgörmə qabiliyyətini yüksəltmək, bərpa prosesini sürətləndirmək, idman nəticələrini yaxşılaşdırmaqdan ötrü müxtəlif stimullaşdırıcı maddələrdən geniş istifadə olıınmağa başlanılıb. Bura müxtəlif hormonal, farmakoloji və fizioloji preparatlar – dopinq adlanan maddələr aiddir. Dopinqlərin qəbul olunması nəinki idman mübarizəsində qeyri-bərabər şərait yaradır, həm də idmançıların səhhətinə mənfi təsir göstərir. Dopinqlərin qəbulu orqanizmdə bir sıra xoşa gəlməyən dəyişikliklər yaratmaqla yanaşı, insanın ölümünə də səbəb ola bilir. Dopinqlərin müntəzəm qəbul olunması (xüsusilə də hormonal preparatların) orqanizmin bir sıra fizioloji funksiyalarında pozğunluqlar yaradır: – ürək-damar; – daxili sekresiya (xüsusilə də vezilərin atrofiyası) və hipofızin funksiyalarına təsir edir, doğuş funksiyasının pozulması, qadınlarda ikincili kişi cinsiyyətinin (virilizasiya) meydana gəlməsi, kişilərdə süd vəzilərinin böyüməsi (ginekomastiya) və s. kimi hallar baş verir; – qara ciyərin serrozuna, sətəlcəm və hepatit (sarılığın) yaranmasına səbəb olur; – immun sistemin zəiflənməsinə, tez-tez soyuqdəyməyə, viruslarla xəstələnməyə səbəb olur; – sinir sisteminin psixoloji pozğunluqları (aqressivlik, depressiya, yuxusuzluq); – borulu sümüklərin böyüməsinin dayanması (inkışafda olan orqanizmlər üçün daha təhlükəlidir) və s;
Dopinqlərin qəbulundan sonra pozğunluq dərhal baş vermir. Pozğunluq 10-20 il ötdükdən sonra, bəzən də oyunçunun nəslində özünü büruzə verə bilər. Ona görə də 1967-ci ildə BOK xüsusi tibbi komissiya yaradaraq, idmanda qəbul oluna biləcək zərərli preparatların adlarını tərtib edib, dopinq əleyhinə yoxlamaların aparılmasını təşkil edir və bütün beynəlxalq yarışlarda həyata keçirir.
VOİCEPRESS.AZ xəbər verir ki, məşqçi Natiq Quliyev “Ekspress”ə bildirib ki, insanlar müxtəlif səbəblərə görə dopinq qəbul etməyi qərara alır: “Bəziləri idmanda üstünlük qazanmaq üçün bunu edir. Bəzilərisə idmançı olmadan idmançı bədənini arzuladığı üçün bədən şişirdən preparatları axtarıb tapır və fəsadlarını düşünmədən qəbul edir. Əvvəlcə bu dərmanlar fiziki gücü artırdığı üçün bunları qəbul edənlər dərmanların onların sağlamlığına, əhval-ruhiyəsinə müsbət təsir etdiyini fikirləşirlər. Amma bu dərmanlar idmançıların fiziki gücünü artırsa da, onlar xeyirli deyil, hətta sağlamlıq üçün təhlükəlidir. Əgər kimsə bu dərmanlardan qəbul edirsə, bunu dayandırmalıdır. Uzun müddət bədəni şişirdən dərmanların qəbulu ağır fəsadlar verir”.
Terapevt Nadir Məhərrəmovun dediyinə görə, əzələ şişirdən dərmanlara dopinq, anabolik-steroid də deyirlər: “Metiltestostron, oksandrolon və oksimetolon kimi dərmanlar anabolik-steroid dərman növünə aiddir. Eləcə də, əzələ şişirtmək üçün xüsusi qida maddələri qəbul edənlər də olur. Belə qida əlavələri toz və ya həb şəklindədir. Bu qida əlavələri bədəndə keratin yaradır ki, bunu ət yeməklə də əldə etmək olar”.
Məhərrəmov qeyd edib ki, dopinq və steroid əzələləri gücləndirir, üz tüklərinin artması və səsin qalınlaşmasına səbəb olur: “Bəzi idmançılar fiziki gücünü artırmaq üçün süni testosterondan istifadə edirlər. Bu cür dərmanlar yorulmanın qarşısını alır, insana enerji verir. Bunu qəbul edən ağır fiziki güc tətbiq etsə də, yorulmur, özünü gümrah hiss edir. Bu səbəbdən də dərmanın keçici effketinə aldanıb qəbul edirlər. Yeniyetmə və gənclər bilməlidir ki, bu dərmanlardan istifadə kişilərdə sinələrin böyüməsinə, yumurtalıqların sıradan çıxmasına, qadınlarda isə səsin qalınlaşmasına gətirib çıxara bilər. Dopinq tipli dərmanların qəbulu böyrəkdə problemlər də yarada bilər. İnsanın psixoloji durumuna da təsir edir. Bu cür dərmanları qəbul edənlər aqressiv olur, emosiyalarını, qəzəbini idarə edə bilmir. Eləcə də bədəni şişirdən preparatların uzunmüddətli qəbulu insanda səbəbsiz depressiyanın yaranması ilə də nəticələnə bilər. Yeniyetmələr bundan istifadə etdikdə onların boyu dayanır, bir çox xəsətliklərin yaranması üçün orqanizmdə əlverişli şərait yaranır. Əgər gənc bu tip dərmanları qəbul etməyi son çarəsi kimi görürsə, əvvəlcə bu dərman vasitələri haqqında oxuyub məlumatlı olmalıdır”.
VOİCEPRESS.AZ