“Birliyin Gücü – 2026” birgə hərbi təlimi çərçivəsində Xocavənd rayonunda media nümayəndələri hərbi qulluqçuların tibbi təminatının təşkili məqsədilə yaradılmış mobil səhra hospitalının fəaliyyəti ilə tanış olublar.
Voicepress xəbər verir ki, media nümayəndələrinə təlim iştirakçılarının tibbi təminatını həyata keçirmək məqsədilə ərazidə müasir tibbi avadanlıqlarla təchiz edilmiş, NATO standartlarına uyğun mobil səhra hospitalının fəaliyyət göstərdiyi barədə məlumat verilib.
Bildirilib ki, ikinci səviyyəli tibbi yardım mərhələsi kimi fəaliyyət göstərən Role 2 səhra hospitalı xəstə və yaralıların qəbuluna tam hazır vəziyyətdədir. Təlimin gedişində tibbi yardıma ehtiyacı olan Azərbaycan Ordusunun, eləcə də Türkiyə və Özbəkistan Silahlı Qüvvələrinin hərbi qulluqçularına müvafiq tibbi yardım göstərilib.
Media nümayəndələri səhra hospitalının imkanları, tibbi təminatın təşkili, həmçinin xəstə və yaralıların qəbulu və müalicəsi zamanı həyata keçirilən prosedurlarla tanış olublar.





Voicepress