Azərbaycanda yaxın günlərdə hava şəraiti dəyişəcək. Bir sıra bölgələrdə intensiv yağış, şimşək və dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
VOİCEPRESS-in Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumatına görə, noyabrın 30-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimal edilir. Axşam saatlarında şimal-qərb küləyi arabir güclənəcək.
Ölkənin rayonlarında da yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə intensiv yağış, şimşək və duman gözlənilir. Dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-10, gündüz 10-12 dərəcə isti olacaq.
Rayonlarda gecə 3-8, gündüz 9-12 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 2-5 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta gözlənilir.
Qeyd edək ki, yağıntılarla əlaqədar çaylarda sululuğun artması, bəzi dağ çaylarından qısamüddətli sel keçməsi ehtimalı da var.
Vətəndaşlara əlverişsiz hava şəraitində ehtiyatlı olmaları tövsiyə edilir.
VOİCEPRESS