XX əsrdə yaradılmış institutlar görünməmiş sürət, miqyas və qarşılıqlı əlaqə ilə xarakterizə olunan XXI əsr çağırışları ilə üz-üzədir. Onlar insanların gözləntilərini qarşılamaqda uğursuz olduqda, bunun nəticəsi yalnız səmərəsizlik olmur. Nəticə həm də ictimai etimadın və idarəetmənin legitimliyinin zəifləməsidir.
VOICEPRESS xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət İnstitutları və Rəqəmsal Hökumət Bölməsində Proqramların İdarə Edilməsi və Potensialın İnkişafı Bölməsinin rəhbəri Adriana Alberti Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı sammit çərçivəsində “Dayanıqlı inkişaf naminə gələcəyə hazır dövlət institutlarının formalaşdırılması üzrə əsas məruzələr” adlı plenar sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, əgər institutlar dünyanın hazırkı reallıqlarını əks etdirmirsə, biz mövcud problemləri səmərəli şəkildə həll edə bilmərik. Əksinə, onlar problemlərin həllinə töhfə vermək əvəzinə, özləri onun bir hissəsinə çevrilmək riski ilə üzləşirlər.
Adriana Albertin sözlərinə görə, güc mərkəzlərinin dəyişməsi, davam edən və yeni yaranan münaqişələr, artan proteksionizm və digər amillər institutlara, eləcə də onların bir-biri ilə əlaqəli çoxsaylı böhranlara qətiyyətlə cavab vermək imkanlarına olan ictimai inamı zəiflədir. Bu isə elə bir dövrə təsadüf edir ki, biz ekzistensial təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə aparmaq, pandemiyalara qarşı tədbirlər görmək, demoqrafik dəyişikliklərin yaratdığı çağırışları həll etmək, yoxsulluğu aradan qaldırmaq və hamı üçün ləyaqətli həyat şəraitini təşviq etmək üçün güclü və birgə fəaliyyətə hər zamankından daha çox ehtiyac duyuruq.
“İnanıram ki, bu Sammit idarəetmənin niyə dəyişməli olduğu sualından onun necə dəyişdirilməli məsələsinə keçmək üçün mühüm bir fürsətdir. Gələcəyə hazır idarəetmə öyrənə, uyğunlaşa və qabaqcadan hazırlıq görə bilən institutların formalaşdırılmasını nəzərdə tutur”, - deyə o əlavə edib.
VOICEPRESS