Mikro, kiçik və orta biznesi dəstəkləyən qrant müsabiqələri

22 Dekabr, 19:44

Müsabiqələr KOB-lara maliyyə dəstəyi göstərilməsi, onların potensialının, səmərəlilik drayverlərinin daha dəqiq müəyyən edilməsi, ideyalarının effektivliyinin qiymətləndirilməsi baxımdan önəmlidir

Kiçik və orta biznes subyektləri (KOB) iqtisadi artımın və iş yerlərinin yaradılmasının əsas drayverlərindən hesab olunur. KOB-ların səmərəli fəaliyyəti təkcə urban və aqrar sahələrdə iş yerlərinin yaradılıması ilə məhdudlaşmır, ümumilikdə, iqtisadiyyatda dayanıqlılıq və innovativliyi təmin edir. Yaradılmış əlverişli investisiya və biznes mühiti nəticəsində ÜDM-də özəl sektorun payı 80%-dən yuxarı olan Azərbaycanda da KOB-ların inkişafı və iqtisadi inkişafa töhfələrinin artırılması üçün müxtəlif dövlət dəstəyi tədbirləri həyata keçirilir. Belə ki, KOB-ların inkişafı üçün münbit biznes şəraiti, xidmət infrastrukturu yaradılıb, güzəştlər tətbiq olunur, texniki-təşkilati dəstək göstərilir, bilik və bacarıqlarının artırılması yönündə təlim və seminarlar keçirilir və s.
Qeyd edilənlərlə yanaşı, KOB-ların maliyyələşmə mənbələrinə çıxış imkanlarını  asanlaşdırmaq üçün bir sıra dövlət dəstəyi tədbirləri həyata keçirilir, güzəştli kredit, zəmanət və digər bu kimi dəstək mexanizmləri mövcuddur. KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsi, bu sahədə yeni mexanizmlərin tətbiqi sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yeni məhsul və xidmətlərin yaradılmasına imkan verir.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyət istiqamətlərindən biri də KOB-ların maliyyə resurslarına çıxışının dəstəklənməsidir. Bu məqsədlə 2021-ci ildə yeni dəstək mexanizmi KOB-ların istifadəsinə verilib. Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarına uyğun olaraq, Agentlik tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək sahələrində KOB subyektlərinin layihələri maliyyələşdirilir. Bu, Agentlik tərəfindən keçirilən müsabiqələr vasitəsilə həyata keçirilir. Müsabiqələr KOBİA tərəfindən il ərzində iki dəfədən az olmayaraq keçirilir. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olan istənilən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müsabiqədə iştirak etmək hüququna malikdir. Hər bir şəxs hər müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim edə bilər. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz. Hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manatadəkdir. Müsabiqəyə təqdim edilən layihələr Ekspert Komissiyası tərəfindən qiymətləndirilir və maliyyələşdirmə barədə qərar qəbul olunur.
Qeyd edək ki, artıq ilk müsabiqə Agentlik tərəfindən bu il keçirilib və 300-dən çox layihə təklifinin daxil olduğu müvafiq istiqamətlər üzrə 15 layihə maliyyələşdirilib. Layihələr yanacağa qənaət, müxtəlif qurğuların və proqram təminatının hazırlanması, təkrar emal, tullantısız istehsal, beynəlxalq sertifikatların və patentlərin alınması, qadınların məşğulluğunun təmin edilməsi istiqamətlərini əhatə edib. Hər layihənin ayrı-ayrılıqda maliyyələşdirilməsi üçün minimum 14 min, maksimum 20 min manat həcmində vəsait ayrılıb. Burada layihələrin davamlı, mikro, kiçik və orta biznes sektoru üçün faydalı olmasında, eləcə də mexanizmin səmərəli dəstək tədbiri kimi inkişaf etdirilməsi əsas hədəflərdəndir. KOBİA tərəfindən layihələrin icrasına və ödənilən vəsaitin təyinatı üzrə istifadə edilməsinə nəzarət olunur, şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə monitorinqlər aparılır.
KOB-ların elm və dəstək layihələrinin   maliyyələşdirilməsi üçün növbəti qrant müsabiqəsinə isə 200 layihə təqdim olunub. Artıq müsabiqəyə müraciətlərin qəbulu başa çatıb və hazırda layihələr Eksperlər Komissiyası tərəfindən qiymətləndirilir. İkinci müsabiqənin nəticələrinin gələn ilin fevralında açıqlanması nəzərdə tutulur. Agentliyin məlumatına görə, müsabiqəyə marağın böyük olması və iştirak üçün təqdim edilmiş layihə təkliflərinin çoxluğu ən yaxşı layihələrin müəyyənləşdirilməsinə və maliyyələşdirilməsinə imkan verəcəkdir.
Əlavə edək ki, bu cür müsabiqələr KOB-ların maliyyə baxımından dəstəklənməsi ilə yanaşı, səmərəli biznes təcrübələrinə uyğunlaşması üçün innovativ yolların, habelə KOB-ların potensialının və səmərəlilik drayverlərinin daha dəqiq müəyyən edilməsi üsullarının tapılması, ideyalarının effektivliyinin qiymətləndirilməsi baxımdan mühüm önəm kəsb edir.

 

Əkbər