Əsli Kazımova: “Həkimlərimizin sosial vəziyyətlərinin yaxşılaşdırılması Xalqın sağlamlığı və rifahı deməkdir…”

4 May, 11:06

“Tibb işçilərinə güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququnun verilməsi təqdirə layiq haldır”.

Bunu Voicepress.az-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na təklif olunan dəyişikliklər ümumiyyətlə tibb işçilərinin mənzilə olan tələbatının ödənilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılmasına hesablanıb: “Bu gün ölkəmizdə, xüsusilə pandemiya və pandemiyadan sonrakı dövrdə tibb işçilərinin əhalinin əhəmiyyətli hissəsini təşkil etdiyini görmək mümkündür.

Xüsusilə qeyd etdiyim kimi, tibb işçilərinin pandemiya ilə mübarizə zamanı əziyyətlərini və xidmətlərini gördük. Bu tendensiyanı nəzərə alaraq, deyə bilərəm ki, Xalqın sağlamlığının keşiyində duran həkimlərimizin sosial problemlərinin həlli, onların Xalqa daha yaxşı xidmət göstərməsinə də öz tövhəsini verəcəkdir.

Ona görə də, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına dövlət tibb müəssisələrində çalışan tibb işçilərinin əlavə edilməsi ilə bağlı təklifini sadəcə ayaqda alqışlamaq olar. Həkimlərimizin sosial vəziyyətlərinin yaxşılaşdırılması Xalqın sağlamlığı və rifahı deməkdir”.
Daha sonra Əsli Kazımova əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə həkimlərin əmək haqlarının artırılması ilə bağlı da danışdı: “Ümumiyyətlə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra son əllərinə alacaq məvacibin 1000 manata çatdırılmasının nəzərdə tutulması birmənalı olaraq, yenə də həm həkimlərin rifahının yaxşılaşdırılması, həm də vətəndaşların daha keyfiyyətli tibbi xidmət almalarına hesablanmışdır. Bu tendensiya hesab edirəm ki, Azərbaycanı yaxın gələcəkdə tibbi turizm sahəsindədə inkişafı üçün öz tövhəsini verəcəkdir”.

\voicepress.az\