“Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya deklarə edən çox önəmli bir sənəddir”.
Bunu Voicepress.az-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamədən düz bir il ötür: “Bu bir il ərzində əminliklə deyə bilərik ki, iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsası qoyulmuşdur. Bu gününü anlamı çox böyükdür. İlk növbədə bu gün Şuşada Azərbaycan və Türkiyə bayraqlarının dalğalanması ölkələrimiz arasındakı qardaşlıq və dostluq bağını simvolizə edir. Şuşa Bəyannaməsi iki ölkə arasındakı müttəfiqliyin geostrateji əhəmiyyətini artırmaqla yanaşı, illərdir Azərbaycana və Türkiyəyə qarşı ikili standartlardan çıxış edən qüvvələrə verilmiş ən tutarlı mesajdır. Şuşa Bəyannaməsi sadəcə siyasi və strateji əməkdaşlığı əhatə etmir. Bu bəyənnamə olduqca unikal bir əməkdaşlıq müstəvisidir və bu bəyənnamə birmənalı olaraq, ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etməyi hədəfləyir. Şuşa bəyənnaməsi illərdir dediyimiz “Bir millət, iki dövlət” şüarının ən gərçək və real şəklidir, deyə bilərik. İki qardaş ölkə arasındakı əlaqələrin çoxşaxəli müttəfiqlik rəmzini ifadə edən bəyənnamə, regionda sülhün, əminamanlığın, təhlükəsizliyin davamlı olmasını ifadə edir.
Beləki, regionda beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edən Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bu nöqteyi nəzərdən, bəyənnamə nəinki Türkiyə və Azərbaycan üçün, ümumilikdə regon üçün olduqca böyük əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan bölgədə və dünyada sülhün, təhlükəsizliyin, iqtisadi və nəqliyyat-daşınma loqistikanın inkişafına mühüm töhfə verməkdədir. Bu iki ölkənin hərtərəfli münasibətləri regionda sülhün, rifahın, inkişafın modelini yaradır. Biz artıq müşahidə edirik ki, bir çox ölkələr istər Azərbaycan, istərsə də Türkiyə ilə yaxından əməkdaşlıq etməyə hazır olduqlarını bildirirlər. Bu gün regionda Azərbaycan və Türkiyə birlik və bərabərliyinin yaratdığı yeni reallıqları qəbul edən hər kəs artıq problemlərin silah, hədə-qorxu gücü ilə deyil, əməkdaşlıq, dostluq, qarşılıqlı fayda verən münasibətlər çərçivəsində həll edilməsi həqiqətini qəbul edir. Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik, dostluq, nümunəsi olaraq dəyərləndirilməlidir. Ölkə başçısı Cənab İlham Əliyevin qeyd etdiyi kimi: “ Bu gün biz dünya miqyasında əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.
Dünya ictimaiyyəti bu reallığın fərqinə varmalıdır. Bilməlidir ki, Şuşa Bəyannaməsi əhatəli sülhə yol açmaqla yanaşı, Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün də əlavə imkanlar yaratmağı hədəfləyir. Ona görə də, hesab edirəm ki, Şuşa Bəyannaməsi sadəcə Azərbaycanın və Türkiyənin deyil, o cümlədən bütünlükdə regionun siyasi, diplomatik və iqtisadi uğurudur!”
\voicepress.az\