1 Oktyabr 1942 ci ildə doğulan eks millət vəkili, Azərbaycan Sosial Rifah Partiyasının qurucusu və fəxri sədri, İqtisad Elmləri Doktoru, Professor Xanhüseyn Kazımlının 80 yaşı tamam olur. Azərbaycan Sosial Rifah Partiyası ailəsi Xanhüseyn Kazımlını yubiley günü tək qoymayıb. Ölkəmizin hər tərəfindən, hətta Türkiyədən, Belarusiyadan və digər ölkələrdən ünvanlanan təbrik məktubları 80 illik yubileyin boşa keçmədiyini bir daha təsdiqləyir.
Xatırladaq ki, ömrünün 80 ci ilini yaşayan Azərbaycan Sosial Rifah Partiyasının fəxri sədri Xanhüseyn Kazımlı düz 5 il əvvəl, 75 illik yubileyi ilə əlaqədar Milli Məclisin (MM) Fəxri medalı ilə təltif olunmuşdu.
Qeyd edək ki, Xanhüseyn Kazımlı 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. 1967-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri, prorektor, 1994-cü ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri olmuşdur.
Birinci, ikincı,üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. 2010-cu il noyabrın 7-də 66 saylı Biləsuvar seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin 5 ci çağırış deputatı seçilmişdi. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin üzvü olub
Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çin, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının və İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü olub.
50-dən çox monoqrafiyanın və dərsliyin, 300-dən çox elmi-publisistik məqalənin müəllifi olan Xanhüseyn Kazımlı Beynəlxalq Qiymətləndiricilər Cəmiyyətinin üzvü, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədridir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli, 716 saylı Fərmanına əsasən “Şöhrət” ordeni ilə təltif edilmişdir. “Qızıl qələm” və Hacı Zeynalabdin Tağıyev mükafatları laureatıdır.
VOİCEPRESS