Qadınların öldürüldüyü dünyada “Qadınlar Günü” təlaşı – Günel Musa yazır

8 Mart, 18:22

Ötən günlərin birində əks cinsin nümayəndəsi olan hörmətli bir dostum sosial şəbəkədə narazılıq etmişdi ki, “niyə müharibələrdə ancaq qadın, uşaq əzablarını, ölümlərini qabardırsınız. Kişilər ölmür?”

Sual məni xeyli düşündürdü. Kişilər də ölür düz deyirdi. Hətta müharibələrdə ən çox ölən kişilər olur. Amma bir mərmi ilə bu dünyadan ayrılan kişilərin qoyub getdiyi qadınlar ömür boyu ölüb-dirilirlər. Bu ölüb-dirilmələr o qədər yorucu, o qədər əzablıdır ki… Məsələn müharibədə kişi cəbhədə düşmənlə döyüşərkən, qadın müharibənin övladlarının və özünün həyatına daxil etdiyi, siyahısı uzandıqca uzanan problemlərlə, ağrılarla, cavabını bilmədiyi, bəzən bilib də gizlətməyə çalışdığı suallarla döyüşür.

Alman yazıçısı Henrix Böll “Kişisiz evlər” romanında ərini müharibədə itirən iki qadının həyatını təsvir edir. Onların hər ikisinin bədbəxtliyi ayrı-ayrılıqda dəhşətlidir. Yaxud da Tatar yazıçısı Güzel Yaxinanın (Züleyxa gözlərini açır) qəhrəmanı Züleyxanın həyatı ilə tanış olduqdan sonra bir daha əmin oldum ki, qadın bütün ağrıların limanıdır bu dünyada. Ümumiyyətlə isə bütün bədii əsərlərdə, çəkilən filmlərdə yaradıcı insanlar qadın əzablarından bəhrələniblər və belə görünür ki, dünya durduqca  qadın mövzusu yazıçıların, rejissorların, rəssamların yaradıcılıqlarının qırmızı xətti olacaq.

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Yazıya bəlkə də sentimental notlarla başladığımı düşüncəksiniz. Amma yaşadığımız həyat, şahid olduğumuz hadisələr təəssüf ki, bayram əhval-ruhiyyəsinə zəmin yaratmır. Bu gün dünyada əməkçi qadınlardan çox zülm, əzab çəkən qadınlar var. Bütün dünyada qeyd edilən bu bayram günündə hər il kişilər, qadınların nə qədər dəyərli olduğundan dəm vurur. Amma ertəsi gün yenə televizorda xəbərləri dinləyərkən, sayt və qəzetlərin səhifələrini çevirərkən həyat yoldaşları, nişanlıları, ataları, sevgililəri, qardaşları tərfindən qətlə yetirilən qadın xəbərləri eşidəcəyik.

Bu qədər qadın qətillərinin olduğu, azadlıqları pul, maddi dəyərlər və qorxu ilə çərçivələnmiş qadınların olduğu bir dünyada qadınlar bu günü necə səbrsizliklə gözləyə bilirlər? Ölkəmiz də daxil 8Mart artıq uzun illərdir ki, əsl mahiyyətini itirərək, “hədiyyələr günü”nə çevrilib. Halbuki, Klara Setkinin məqsədi bu deyildi.

“Beynəlxalq Qadınlar Günü”. Gəlin görək bu termini hansı ölkənin qadınlarına daha rahatlıqla uyğunlaşdıra bilərik.

Türkiyədə, Azərbaycanda namus-qeyrət cinayətlərinə qarşı müdafiəsiz qalan, uşaq olmadan gəlin olan, istismar edilən qadınlar, yoxsa Əfqanıstanda illərdir rejimlərin, törələrin altında əzilən, öldürülən, bütün haqq və hüquqlarından məhrum edilən qadınlar? Amerikanın, Rusiyanın dayanmadan paliqona çevirdiyi Suriyada evsiz, ərsiz qoyduğu qadınlar da var bu dünyada. Bu gün on üç gündür Ukraynada Putinin hikkəsinin, imperialist düşüncəsi üzündən sığınacaqlarda həyat mübarizəsi aparan, silaha sarılıb kişi olan, öldürülən qadınların olduğu dünyada martın 8-i Beynəlxalq Qadınlar Günü olsa nə fərqi var, olmasa nə fərqi…

Qadınlar günü bir tərəfə, bir qadın olaraq özünü belə xatırlamayan  qadınlar var yer üzündə. İnanılmaz bir ağırlıq var içimdə. Bütün bunları iliklərimə qədər hiss etdiyim üçün hər il öz-özümə sual verirəm. Biz bu gün nəyi qeyd edirik axı? Bayram əhval-ruhiyənizi korlamaq istəməzdim, amma təəssüf ki, dünyadakı qadın tablosu budur və siz hələ də bu tabloya baxıb “Qadınlar Bayramıdır” deyə bilirsiniz? Mən deyə bilmirəm. Mənim üçün dünyada müharibələrin, təcavüzlərin, qadın qətillərinin, qadın istismarının, fiziki və mənəvi zorakılığın bitdiyi gün olacaq Beynəlxalq Qadınlar Günü.