Litvalı hərbi jurnalist Riçardas Lapaitis 8 Mart- Beynəlxalq Qadınlar Günündə Feysbuk səhifəsində xocalılı gənc qızın şəkilini paylaşaraq Xocalıda baş verən faciəyə diqqət çəkib. Riçards qeydində Ukraynada baş verən hadisələrin onu 30 il əvvələ, Xocalıda dəhşətli faciənin yaşandığı günlərə apardığını yazır.
Voicepress.az sözügedən yazını təqdim edir:
“Hazırda Ukraynada baş verənlər mənə Azərbaycanın Xocalı adlı şəhərində baş verənləri xatırladır. Əsasən də bu gün 8 Mart Beynəlxalq Qadınlar Günündə. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda, Ukraynanın on bir günlük müharibədə itirdiyi qədər insanın öldürüldüyü barədə çox danışıldı. Azərbaycan bir gecədə bu qədər çox dinc vətəndaşını itirdi!
Martın əvvəlində hava çox isti idi və qəribə hisslər keçirirdim. Azərbaycanlı qaçqınların taleyi heç kimin vecinə deyildi. Əvvəlcə Ağdamda qalmağa çalışdılar, şəhər raketlə atəşə tutulduqda isə ordan da getmli oldular … O qədər çox idilər ki, yolda qalırdılar. Yeri gəlmişkən, bəzi yerlərdəki bu xarabalıqlar hələ də olduğu kimi qalır. O zaman çox güman ki, hamı unutmuşdu ki, 8 Mart Beynəlxalq Qadınlar Günüdür.
O vaxt Ağdam mehmanxanasında gülləri gördüm. Heç harada, nə işıq var idi, nə də istilik… Yalnız şəffaf vazadakı o güllər…Bəlli idi ki, onlar kiməsə aiddir.
Şəhərə hələ də azərbaycanlı hərbi əsirləri gətirirdilər. Onlar işkəncə görmüş və döyülmüşdülər. Amma heç kimə onların taleyi maraqlı deyildi. Vəhşicəsinə öldürülənləri də gətirirdilər. Onlar sakitcə dəfn olunurdu. Başımın üstündə yalnız qızğın bir günəş var idi. Yarıdağıdılmış evlərdə beton arxasında qırılmış şüşələrdə güllər görsənirdi. Artıq heç kim onlara baxmırdı. Amma yenə də çiçəkləyirdilər… Erkən yaz çiçəkləri. O vaxt çox kədərli idim. Mən yenə, ya xəstəxanaya, ya da başqa yerlərə gedirdim. İçəri girir və ən çox susurdum. Qulaq asmağa çalışırdım! Anla! Yadda saxla! Hərdən bir məscidə gedirdim… Orda həmişə samovar və çay olurdu. Bəzən mənə elə gəlir ki, bütün bunlar real deyil. Dəhşətli yuxudur. Amma bu yuxu keçmirdi! Azərbaycanlıları hamı unutdu. Mən hiss edirdim ki, bunun sonu yaxşı bitməyəcək! Mən bunu bilirdim. Belə şeyi unutmaq olmaz. Unuda bilməzsən… Biganəliyin tərəfini tutmaq olmaz. Susmaq olmaz! Qaçqınlar üçün çadır da göndərən olmadı. Heç kim! Uşaqlar üçün ərzaqlar belə bitmişdi. Əyinlərində paltar da yox idi. Camaatın pulu yox idi. Hətta bir çoxunun sənədləri yox idi! Və heç kimi bu maraqlandırmırdı! Dünya qaya kimi, daş kimi susdu!
Bax belə oldu martın əvvəli. Təkcə günəş isti idi, amma günəşin işığının belə bu dünyanın biganəliyinin qaranlıq səltənətinə gücü çata bilmədi. Heç kimi günahlandırmıram. Mən ancaq həmin günləri xatırladım.
Xatırlayıram bir qaçqın düşərgəsində yerdə oturmuşdum.. İnsanlar mənə nə isə deyir, əlləri ilə işarələr edir və ağlayaraq dəhşətli həyatlarını göstərirdilər. Mən isə Azərbaycan dilində heç nə başa düşmürdüm. Sonra sükut və kimsə çay gətirdi. Mən çoxlu uşaqlar görürdüm. Gözlər görürdüm. Gənc qadınları görürdüm. Ata-anaları görürdüm. Amma heç cür yadıma sala bilmirdim ki, bura da 8 Mart gəlib. Yaxınlarda Novruz bayramı gəlir. Bütün müharibələrdən və biganəlikdən daha üstün bir şey var. Belə xatirələr həmin vaxtdan mənim ürəyimdə qalıb. Böyük sevgi və ümidlə yaxşıya doğru. Belə xatirələr mənim ürəyimdə yaşayır. Hamımız insanıq. Bəs bunu kim eşidəcək. 8 Mart 1992- ci il”.









