Fevraldan etibarən Yevlax və Mingəçevirdəki tibb müəssisələrinin maliyyələşmə prinsipi dəyişəcək, xəstəxana göstərdiyi xidmətin sayına müvafiq vəsait qazanacaq.
Agentlik direktoru əlavə edib ki, bu amil xəstəxana rəhbərliklərindən vəsaitlərdən səmərəli və məqsədyönlü istifadə etməyi tələb edir:
“Tibb müəssisələri çalışacaqlar ki, əhaliyə həm keyfiyyətli tibbi xidmət göstərsinlər, həm də xəstəxanada olmayan tibbi xidmətlərin təşkilinə, kadr potensialının güclənməsinə səy göstərsinlər”.
Z.Əliyevin sözlərinə görə, icbari tibbi sığorta sistemində tibb müəssisələri çarpayı sayına görə deyil, xidmət sayına görə maliyyələşdirilir. Agentlik tibb müəssisələrinə vətəndaşlara göstərilən xidmətlərə əsasən ödəniş edəcək. Bu faktor səhiyyə sahəsi üçün yeni maliyyə imkanları yaradır. Belə ki, daha çox sayda xəstəyə xidmət göstərən tibb müəssisəsinə edilən ödənişlərin məbləği də yüksək olacaq.
Z.Əliyevin sözlərinə görə, pilot ərazilərdəki tibb müəssisələrində baza zərfinə daxil olan tibbi xidmətlər göstərilməsə, vətəndaşın o xidməti digər müqaviləli müəssisədə almasına şərait yaradılacaq:
“Bu, özəl və ya dövlət tibb müəssisəsi ola bilər. Yəni sığortalı vətəndaş göstəriləcək tibbi xidmətin dəyərinin ödənilməsi baxımdan narahat olmayacaq. Baza xidmətlər zərfinə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Bir sıra laboratoriya müayinələri, MRT, KT, rentgen kimi müayinələr də tibbi sığorta təminatına daxil ediləcək. Terapevtik müalicələrin çox hissəsi icbari tibbi sığorta tərəfindən qarşılanacaq. Onu da qeyd edim ki, tibbi sığorta zərfinə cərrahiyə əməliyyatları, o cümlədən müəyyən bahalı əməliyyatlar da daxil edilib”.
Z.Əliyev qeyd edib ki, artıq Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Yevlax Şəhər Uşaq Xəstəxanasının bazalarında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Yevlax Rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının bazasında isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs yaradılıb.
VOİCEPRESS.AZ