Lapşin Azərbaycana verilməsi barədə qərardan şikayət edib

25 Yanvar, 12:41

Azərbaycanın sorğusu əsasında Minskdə həbs olunmuş bloger Aleksandr Lapşin Belarus Baş Prokurorluğunun onun Azərbaycana verilməsi barədə çıxardığı qərardan apellyasiya şikayəti verib.

VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, bu barədə Minsk Şəhər Məhkəməsi sədrinin köməkçisi Anastasiya Şilvyan bildirib.

“Lapşinin Baş Prokurorluğun qərarından verdiyi şikayət Minsk Şəhər Məhkəməsinə daxil olub. Şikayətə yanvarın 26-da baxılacaq, – deyə o qeyd edib.

Belarus Baş Prokurorluğundan isə bildirilib ki, Lapşinin Azərbaycana verilməsi barədə qərarın icrası məhkəmənin çıxaracağı qərarından asılıdır.

Baş Prokurorluqdan bildirilmişdi ki, Lapşinin Azərbaycana verilməsi barədə qərar rəsmi Bakının təqdim etdiyi materiallar əsasında çıxarılıb.

Xatırladaq ki, A. Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib.

A. Lapşinin Rusiya və İsrail vətəndaşlığı var.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here