Moskva görüşlərindən sonra azərbaycanlı hərbçinin nəşi qaytarıla bilər

25 Yanvar, 12:32

Elmar Məmmədyarovun Moskvaya səfərinin yekunu kimi azərbaycanlı hərbçinin nəşinin qaytarılması da ola bilər.

VOİCEPRESS milli.az-a istinadən xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.
Politoloqun fikrincə, Moskva Azərbaycanla Ermənistan arasında əsas vasitəçii – söz sahibi olduğunu bir daha hamıya göstərmək üçün hərbçimizin nəşinin Azərbaycana qaytarılmasını təmin edə bilər: “Bu onun imkanı daxilindədir. Doğrudur, Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bir müddət öncə bu suala konkret cavab verməkdən yayınmışdı. Ancaq bu dəfə onun şefi təşəbbüsü ələ alaraq azərbaycanlı hərbçinin nəşinin geri qaytarılmasını sürətləndirə bilər. Bəlkə də Lavrovun erməni və azərbaycanlı həmkarlarıyla görüşünün məğzini də elə bu mövzu təşkil edirdi”.

E.Şahinoğlu hesab edir ki, hadisələrin bu istiqamətdə inkişafı İrəvanın da maraqlarına xidmət edir: “İrəvan Rusiyaya bağlılığını göstərmək üçün avropalıların deyil, məhz rusiyalı rəsmilərin “xahişi” (oxu: tələbi – müəllif) ilə azərbaycanlı hərbçinin nəşini qaytara bilər. Yəni faktiki olaraq həm İrəvan, həm də Moskva girov saxlanılan hərbçimizin nəşindən öz geosiyasi məqsədləri üçün istifadə edirlər. Ancaq məsələnin uzanması da istisna deyil”.
Qeyd edək ki, cəmi 5 gün əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da gözlənilmədən Moskvaya səfər etmişdi. Onun Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşərək ikitərəfli məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdiyi bildirilirdi.

Lakin hələlik rəsmi olaraq heç bir tərəf Lavrovla görüşlərində azərbaycanlı hərbçinin nəşinin qaytarılması məsələsinin müzakirə edildiyini bəyan etməyib.

Xatırladaq ki, 2016-cı il dekabrın 29-da Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Qurbanov Çingiz Salman oğlu şəhid olub. Rəsmi Bakı onun meyidinin geri alınması üçün aidiyyəti dövlət qurumları ilə birlikdə bütün zəruri tədbirləri davam etdirsə də, hadisədən bir aya yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan bütün insanlıq qanunlarına tüpürməkdə və hərbçimizin nəşini girov saxlamaqda davam edir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here