Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq prezident Volodimir Zelenskinin sabiq mətbuat katibi Yuliya Mendel barəsində cinayət işi açıb.
VOICEPRESS xəbər verir ki, təhlükəsizlik xidmətinin məlumatına görə, Mendel Ukraynaya qarşı informasiya-təxribat fəaliyyəti ilə məşğul olub.
Ona Ukrayna Cinayət Məcəlləsinin iki maddəsi üzrə ittiham irəli sürülüb ki, bunlar hərbi vəziyyət dövründə dövlətə xəyanət, həmçinin Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünə haqq qazandırmaq və onun iştirakçılarını təbliğ etməkdir.
Xidmət bildirir ki, Mendel ictimai çıxışlarında və sosial şəbəkə paylaşımlarında Ukraynanı beynəlxalq arenada nüfuzdan salmağa çalışıb, həmçinin Rusiyanın müharibəsinə haqq qazandırıb.
Hazırda Ukraynadan kənarda olan Mendelin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, Mendel daha əvvəl Ukrayna və prezident Zelenski barədə tənqidi açıqlamalar verib. O, bu ilin mayında jurnalist Taker Karlsona müsahibəsində Rusiya təbliğatına uyğun fikirlər səsləndirib. 2026-cı ilin avqustunda isə Fransanın “Le Journal” nəşrinə müsahibəsində Zelenskini müharibədən ən çox faydalanan şəxs adlandırıb, onu avtoritarizmdə və korrupsiya problemlərinə məhəl qoymamaqda ittiham edib.
VOICEPRESS