Azərbaycan və Türkiyə “İki dövlət, bir millət” deyir. Ancaq son vaxtlar görürük ki, hər iki ölkədə bəzi insanlar bir-birinin siyasi sistemini və siyasi partiyalar arasındakı fərqləri kifayət qədər tanımadan fikir bildirirlər.
Əvvəlcə bunu anlamaq lazımdır: Eyni ideologiyaya yaxın olmaq eyni partiyada olmaq, eyni düşünmək və hər məsələdə razılaşmaq demək deyil. Türkiyədə siyasi partiyalar arasında ciddi fikir ayrılıqları var.
Hətta eyni siyasi ənənədən gələn partiyalar belə bir-birinə qarşı mübarizə aparır, fərqli ittifaqlarda yer alırlar. Məsələn, Türkiyədə millətçi MHP, İYİ Partiya və Zafer Partiyası eyni şey deyil.
Onların millətçilik anlayışları, siyasi strategiyaları və ittifaq seçimləri fərqlənir. Necə ki, CHP, Memleket Partiyası və Vatan Partiyası da eyni siyasi xətti təmsil etmir. Sol düşüncəli partiyaların belə bir-birindən fərqləndiyi Türkiyədə bütün mühafizəkar partiyaları da eyni mövqedə hesab etmək yanlışdır.
AK Parti, Yenidən Rifah Partiyası və Səadət Partiyası da bir-birindən fərqlənir.
Bu partiyaların bəziləri oxşar siyasi ənənələrdən gəlsələr də, siyasi qərarları, hakimiyyətə münasibətləri və ittifaq seçimləri eyni deyil. Bir partiyanın hakimiyyətlə ittifaq qurması, digərinin isə müxalifətdə qalması mümkündür. Hətta eyni siyasi düşərgədən olan partiyalar bir-birini tənqid edə bilərlər.
Türkiyənin demokratik siyasi sistemini də xüsusi vurğulamaq lazımdır. Burada siyasi partiyalar öz proqramları, ideologiyaları və siyasi məqsədləri əsasında fəaliyyət göstərirlər. İttifaq qurmaq, ittifaqdan ayrılmaq, hakimiyyəti tənqid etmək və fərqli mövqe ortaya qoymaq siyasi rəqabətin bir hissəsidir. Heç bir partiya yalnız müəyyən ideologiyaya sahib olduğu üçün başqa bir partiyanın bütün qərarlarını dəstəkləməyə məcbur deyil.

Efirlerde tez-tez belə suallarla qarşılaşıram: “Ərdoğan niyə filan siyasətçini, filan jurnalisti susdurmur?”
Məsələn, niyə Ərdoğan Ümit Özdağa, Fatih Erbakana, Özgür Özələ və ya hansısa jurnalistə “sus, bunu demə, onu yazma” demir?
Bu sualı verənlər Türkiyənin siyasi sistemini necə təsəvvür edirlər? Türkiyədə siyasi partiyalar Ərdoğanın və onun partiyasının tabeliyində fəaliyyət göstərmirlər. Onların öz rəhbərləri, proqramları, siyasi məqsədləri və qərarları var.
Siyasətçilər hakimiyyəti tənqid edə, jurnalistlər müxtəlif fikirlər səsləndirə bilirlər. Əlbəttə, Türkiyədə söz və mətbuat azadlığının vəziyyəti ayrıca müzakirə oluna bilər. Ancaq bütün siyasətçilərin və jurnalistlərin Ərdoğanın göstərişi ilə hərəkət etməsini gözləmək siyasi sistemin mahiyyətini anlamamaqdır.
Ərdoğan hər siyasi liderin nə deyəcəyini, hansı qərarı verəcəyini müəyyənləşdirən şəxs deyil. Müxalif partiyaların mövcudluğu, siyasi rəqabət və fərqli fikirlərin səsləndirilməsi Türkiyənin siyasi həyatının reallıqlarıdır. Bir jurnalistin və ya siyasətçinin Ərdoğanı tənqid etməsi onun mütləq dövlətə qarşı olması demək deyil. Eyni şəkildə, hakimiyyəti dəstəkləmək də bütün məsələlərdə onunla razılaşmaq anlamına gəlmir.
Bunu Azərbaycanla Türkiyənin münasibətlərinə də tətbiq etmək lazımdır. Türkiyədəki siyasi prosesləri Azərbaycanın siyasi sistemi ilə eyniləşdirmək, yaxud bir ölkədəki münasibətləri digər ölkənin siyasi reallıqları əsasında qiymətləndirmək düzgün deyil. İki ölkənin dövlət quruluşu, siyasi rəqabət mühiti və partiyalararası münasibətləri fərqlidir.
Türkiyədə millətçi partiyaların hamısı eyni olmadığı kimi, mühafizəkar partiyaların hamısı da eyni deyil. Müxalifətdə olmaq dövlətə düşmən olmaq demək deyil. Hakimiyyətlə eyni ittifaqda olmaq isə hər məsələdə eyni düşünmək anlamına gəlmir.
Ona görə də bir-birimizin daxili siyasi proseslərinə münasibət bildirərkən diqqətli olmalıyıq. Qardaşlıq, digər ölkənin siyasi reallıqlarını görməzdən gəlmək deyil, onları düzgün anlamaqdır.
Unutmayın: Türkiyənin siyasi reallıqlarını tanımadan Türkiyə haqqında hökm vermək olmaz! Hər millətçini eyni partiyadan, hər mühafizəkarı hakimiyyət tərəfdarı, hər müxalifi isə dövlətə düşmən hesab etməyin. Siyasi rəqabəti düşmənçiliklə, fərqli fikirləri xəyanətlə qarışdırmayın. Türkiyədəki hər siyasətçinin və jurnalistin Ərdoğanın göstərişi ilə hərəkət etməsini gözləmək də həmin ölkənin siyasi sistemini anlamamaqdır.
Azərbaycanla Türkiyə arasındakı qardaşlıq bir-birimizin bütün siyasi fikirlərini eyniləşdirmək deyil, fərqləri anlayaraq ortaq dəyərlərimizi qorumaqdır.
Kənardan baxıb iki qardaşın arasına nifaq salmağa çalışanlara da, bilmədən bu nifaqa xidmət edənlərə də qarşı ən güclü cavabımız məlumat, sağlam düşüncə və milli məsuliyyət olmalıdır.
İki dövlət, bir millət! Siyasi baxışlarımız fərqli ola bilər, amma ortaq tariximizə, dövlətlərimizin suverenliyinə və qardaşlığımıza məsuliyyətlə yanaşmalıyıq.
Duyqu deyil, ağıl!
Əvvəl araşdır, sonra danış!