DOLAR
49,47 ₺
EURO
55,39 ₺
STERLİN
65,73 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

AZƏRBAYCANDA MULTİKULTURALİZM SİYASƏTİ: DÖVLƏTİN ÖHDƏLİKLƏRİ, TƏHSİL MODELİ VƏ XARİCİ TƏSİR SUALLARI

DİNİ YENİLƏMƏK, DÜNYƏVİLİK VƏ DİNİ AZADLIQ: AZƏRBAYCANDA HİCAB MÜBAHİSƏSİNİN ARXASINDA HANSI SUALLAR DAYANIR?

|
AZƏRBAYCANDA MULTİKULTURALİZM SİYASƏTİ: DÖVLƏTİN ÖHDƏLİKLƏRİ, TƏHSİL MODELİ VƏ XARİCİ TƏSİR SUALLARI

Azərbaycan məktəblərində hicabla bağlı mübahisə ilk baxışda geyim qaydaları ətrafında yaranmış mübahisə kimi görünür. Lakin məsələnin hüquqi və siyasi tərəfləri daha genişdir. Burada dünyəvi dövlət anlayışı, dini azadlıq, təhsil hüququ, dövlətin cəmiyyətin mənəvi həyatına müdaxiləsinin sərhədləri, multikulturalizm siyasəti və dini məsələlərin regional siyasi rəqabətdə istifadəsi kimi bir-biri ilə əlaqəli mövzular dayanır.

Müzakirənin mühüm tərəfi odur ki, Azərbaycan Konstitusiyası dövləti dünyəvi elan etməklə yanaşı, vətəndaşların vicdan azadlığını da tanıyır. Deməli, mübahisənin mərkəzində təkcə dövlətin məktəb geyimlərini tənzimləmək səlahiyyəti deyil, bu səlahiyyətin hansı həddə və hansı hüquqi əsaslarla həyata keçirilməsi dayanmalıdır.

Digər tərəfdən, xatırlamaq gərəkir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2018-ci ildə İslamın hökmlərinin müasir dövrə uyğun tətbiqi barədə səsləndirdiyi fikirlərdən tutmuş, Azərbaycanın multikulturalizm siyasətinə və İranın regiondakı dini-siyasi təsir imkanlarına qədər bir sıra məsələlər bu müzakirənin daha geniş kontekstdə araşdırılmasını zəruri edir.

 Lakin məqsədim, həmin məsələlər arasında əlaqə qurmaqla onların vahid planın tərkib hissəsi olaraq eyni şey olduğunu iddia etmək deyil.... Məqsədim sadəcə mövcud duruma daha geniş aspektdən baxabilməkdir...

Ərdoğanın “İslam yenilənməlidir” ifadəsi: dinin özü, yoxsa onun şərhi?

2018-ci ilin martında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslamın hökmlərinin yenilənməsi barədə açıqlaması ilə Türkiyədə və beynəlxalq mediada geniş müzakirəyə səbəb oldu. O, 8 Mart tədbirində İslamın 14–15 əsr əvvəlki hökmlərinin bu gün olduğu kimi tətbiq edilə bilməyəcəyini, dini tətbiqin yerə, zamana və şəraitə görə dəyişdiyini bildirmişdi. Ertəsi gün isə "İslamın güncəllenməsi gərəkir" kimi sözlərinin dinin özünün dəyişdirilməsi kimi başa düşülməsinə etiraz edərək, “Biz dində islahat axtarmırıq” mövqeyini ifadə etmişdi.

Bu açıqlamaların ilkin kontekstində qadınlara münasibət, bəzi din xadimlərinin çıxışları və dini hökmlərin müasir cəmiyyətdə necə şərh edilməsi məsələsi dayanırdı. Ərdoğan həmçinin dini məsələlərdə səlahiyyətli ilahiyyatçıların və Türkiyə Diyanət İşləri Başkanlığının roluna diqqət çəkirdi. 

Bu hadisə mühüm bir sual ortaya qoyur: dini ənənənin müasir şəraitə uyğun şərhini kim müəyyən etməlidir — dini alimlər, dini qurumlar, siyasi hakimiyyət, yoxsa cəmiyyətin özünün açıq müzakirəsi?

Əslində, burada üç ayrı anlayış var: Birincisi, dini mətnlərin dəyişdirilməsi; ikincisi, dini mətnlərin və hökmlərin şərhi; üçüncüsü isə dövlətin dinə münasibətdə həyata keçirdiyi siyasət. Bu anlayışların bir-birinə qarışdırılması həm dini, həm də siyasi mübahisələrin mahiyyətini təhrif edə bilər.

Ərdoğanın 2018-ci il çıxışından çıxarıla biləcək əsas nəticə İslamın mətnlərinin dəyişdirilməsi barədə qərar qəbul edildiyi deyil. Söhbət dini hökmlərin müasir şəraitdə tətbiqi, qadınların hüquqları və dini şərh səlahiyyəti ətrafında gedən siyasi müzakirədən gedirdi.

Bununla belə, hadisə daha geniş bir məsələni gündəmə gətirir: dinin müasir dövrə uyğun şərhi ilə siyasi hakimiyyətin dinin ictimai ifadəsinə müdaxiləsi arasında sərhəd haradan keçir?

Bu sual Türkiyə üçün olduğu kimi, Azərbaycan üçün də əhəmiyyətlidir. Çünki dini azadlıq yalnız dövlətin dini qurumlarla münasibəti deyil, insanın öz inancını gündəlik həyatda necə ifadə edə bilməsi məsələsidir...

Dünyəvilik: Eyni prinsip, fərqli siyasi modellər...

Dünyəvilik anlayışı tez-tez dinin ictimai həyatdan çıxarılması kimi təqdim edilir. Halbuki hüquqi baxımdan dünyəvi dövlətin əsas xüsusiyyəti dövlət hakimiyyətinin dini hakimiyyətdən ayrılması və dövlət qərarlarının konstitusiya və qanunlar əsasında qəbul edilməsidir. Bəs o zaman dünyəvilik nə üçün yeni bir siyasi cərəyan olaraq və ya yeni bir model olaraq tətbiq olunur? Bunun arxasında nə var və bu söz haradan gəlir? 

Fransanın dünyəvilik modeli bu mübahisənin müqayisəli təhlili üçün mühüm bir  nümunələrdəndir deyə bilərəm.  Fransız dilində bu anlayış laïcité, oxunuşu bəlkə sizə nələri isə xatırladar, "laisi" yəni Türk dilində yaxın zamanda tez tez eşitdiyimiz "laiklik" sözünün özüdür, desək yanılmarıq.  Rus dilində "светскость государства" (принцип светскости), ingilis dilində isə "state secularism" və ya "secularism" olaraq bilinir və siyasi alət rolunu oynayır deyə bir çox analitiklər bu cərəyanı tam olaraq izahını belə verir. 

Məsələyə biraz başqa yönlərdən baxaq: Deməli, bu "dünyəvilik" ki var, Türkiyədəki "laiklik" ki var Fransada tətbiq olunmuş bir modeldir.   Fransa modelinin hüquqi əsaslarından biri 9 dekabr 1905-ci il tarixli Kilsə ilə dövlətin ayrılması haqqında qanun olaraq bilinir.  Bu qanun vicdan azadlığını və dini ibadət azadlığını tanıyır, dövlətlə dini təşkilatlar arasında institusional ayrılığı müəyyən edir. Fransa hökumətinin rəsmi izahına görə, "dünyəvilik" üç əsas prinsipə söykənir:

 vicdan azadlığı, dövlətlə dini qurumların ayrılması və insanların inanclarından asılı olmayaraq qanun qarşısında bərabərliyi....

İlk baxışda qulağa xoş gəlir deyil mi?  Eynən üzəri gözəl cığcığalı ama dadını bilmədiyimiz bir konfeti xatırladır...

Gəlin indi də bu "dünyəvilik" prinsipinə bükülən "konfetin" dadına baxan Fransa modelini biraz daha tətlil edək...

Lakin Fransa modelinin xüsusiyyəti yalnız dövlətin dini qurumlardan ayrılması ilə məhdudlaşmadı.  Bu ölkədə dünyəvilik prinsipi dövlət məktəblərində dini simvolların istifadəsinə dair konkret məhdudiyyətlərin də hüquqi əsasına çevrildi. 

Yəni bu qanun Fransada 15 mart 2004-cü ildə qəbul edilmiş qanun dövlət məktəblərində şagirdlərin dini mənsubiyyətini açıq şəkildə nümayiş etdirən simvol və geyimləri qadağan etdi. Bu qayda İslam hicabına, yəhudi kipasına, iri xristian xaçlarına və siqh türbanına eyni hüquqi prinsip çərçivəsində bu gün də tətbiq olunur.

Fransa hakimiyyətinin yanaşmasına görə, dövlət məktəbi ümumi vətəndaşlıq dəyərlərinin öyrədildiyi, dövlətin dini neytrallığının qorunduğu məkandır. Bu baxımdan, məktəbdə dini mənsubiyyətin nəzərəçarpacaq şəkildə nümayiş etdirilməsinə qoyulan məhdudiyyət "dünyəvi təhsil" prinsipinin təmin olunması vasitəsi kimi əsaslandırılır.

Burada vacib hüquqi fərq də var: Fransa dövlət məktəblərində şagirdlərin dini simvollarına dair xüsusi məhdudiyyət tətbiq edir, lakin bu, bütün ictimai məkanlarda dini geyimin ümumi qadağası demək deyil.  Fransanın rəsmi izahında ictimai məkanda dini inancların geyim və simvollar vasitəsilə ifadəsinə, qanuni məhdudiyyətlərə riayət olunmaq şərtilə, ümumən icazə verilir amma məktəblərdə eynən Azrbaycanda yeni tətbiq olunan qaydalar kimi icazə vermir. 

FRANSA MODELİ: DÜNYƏVİLİK DİNİ AZADLIĞI QORUYUR,

YOXSA ONUN SƏRHƏDLƏRİNİ MÜƏYYƏN EDİR?

Fransa təcrübəsi dünyəvilik prinsipinin tətbiqi ilə bağlı müzakirələrdə xüsusi yer tutur, bunu xüsusilə bir daha vurğulamaq istəyirəm.

Çünki bu ölkədə dünyəvilik yalnız dövlətin dinlə münasibətlərini müəyyən edən hüquqi prinsip deyil, eyni zamanda təhsil, milli kimlik, miqrasiya və dini azlıqların cəmiyyətə inteqrasiyası ilə bağlı siyasi mübahisələrin də mərkəzində dayanır.

Lakin Fransa dünyəviliyinin tətbiqi yalnız dini qurumlarla dövlət arasındakı münasibətlərin ayrılması ilə məhdudlaşmayıb. 2004-cü ildə qəbul edilmiş qanun dövlət məktəblərində şagirdlərin dini mənsubiyyətini açıq şəkildə nümayiş etdirən simvolların və geyimlərin istifadəsini qadağan edib. Bu məhdudiyyət müsəlman qızların hicabına, yəhudilərin kipasına, iri xristian xaçlarına və siqh türbanına da şamil olunurdusa, 2010-cu ildə isə ictimai yerlərdə üzün tam örtülməsinə dair ayrıca qanun qəbul edildi.

Bununla belə, bu qanunları bir-birindən fərqləndirmək vacibdir: Fransada küçədə hicab taxmaq ümumi şəkildə qadağan edilmir, amma bəzi yerlərdə tətbiq edilən qeyd edilən məhdudiyyətlər insanları dini inancları və məcburiyyətləri arasında seçim etməyə sövq edir. 

Fransız modelinin tərəfdarları hesab edirlər ki, dövlət məktəbi dini təsirlərdən kənar qalmalı, şagirdlər ortaq təhsil mühitində bərabər iştirak etməli və təhsil müəssisələri dini təbliğat məkanına çevrilməməlidir. Bu baxımdan dünyəvilik dövlətin dini qruplar arasında tərəf tutmasının qarşısını alan, ümumi vətəndaşlıq dəyərlərini qoruyan prinsip kimi təqdim olunur.

Ancaq bu siyasətin digər tərəfi də var.

Dövlətin neytrallığı ilə şagirdin dini kimliyini geyim vasitəsilə ifadə etməsinin məhdudlaşdırılması eyni məsələ deyil. Ancaq  dünyəvilik adı altında tətbiq olunan qaydalar xüsusilə hicablı müsəlman qızların seçim imkanlarını daralda, onların təhsil mühitində özlərini kənarda hiss etməsinə şrait yarada bilər. Beləliklə, dövlətin neytrallığını qorumaq məqsədi ilə fərdin dini azadlığını təmin etmək arasında hüquqi və sosial gərginlik yaranır ki, bunun canlı nümunəsini hazırda biz Azərbaycanda müşahidə edə bilirik. 

Bu mübahisənin əhəmiyyəti Fransada müsəlman əhalinin sayına da bağlıdır. Fransada bəzi mənbələrin 2019–2020-ci illər üzrə araşdırmalarına əsasən, Fransada 1əhalinin təxminən 10 faizi özünü müsəlman kimi təqdim edib.  Digər mənbələrin verdiyi statistik məlumatlara  görə isə 2016-cı il üçün ölkədə təxminən 5,7 milyon müsəlmanın yaşayırdı. Bu rəqəmlər müxtəlif dövrlərə və ölçmə üsullarına aid olsa da, ölkədə dini geyimlərə qoyulan məhdudiyyətlərin müsəlmanların dini kimliyinin ictimai görünürlüğünü azaltdığını və onların cəmiyyətə inteqrasiyasını çətinləşdirdiyini söyləməyə əsas verir.

Bəs bu prinsip Fransaya nə qazandırdı? 

Fransada dünyəvilik prinsipinin dövlət idarəçiliyində əsas yer tutması ölkənin hüquqi, siyasi və sosial quruluşunda mühüm dəyişikliklərə yol açdı. Dövlətin dini qurumlardan ayrılması qanunvericiliyin dini hökmlərdən asılı olmadan formalaşdırılması, təhsil sisteminin dünyəviləşdirilməsi və fərdi hüquqların dini mənsubiyyətdən asılı olmayaraq müəyyənləşdirilməsi üçün hüquqi zəmin yaratdı. Lakin bu modelin nəticələri yalnız dövlət və din münasibətləri ilə məhdudlaşmadı. Ailə hüququ, maliyyə sistemi, əyləncə sənayesi və şəxsi həyatla bağlı bir sıra sahələrdə də dini normalardan fərqli hüquqi yanaşmalar formalaşdı.

Qumar və kazino fəaliyyətinə diqqət edək: Fransada kazino, lotereya və müəyyən mərc oyunları qanunla müəyyən edilmiş şərtlər və dövlət nəzarəti altında fəaliyyət göstərir. İslamda qumar qadağan olunduğu halda, Fransa hüquq sistemi bu fəaliyyətlərin müəyyən formalarını qanuni iqtisadi fəaliyyət kimi qəbul edir. Bu, dünyəvi hüququn dini qadağaları deyil, dövlətin müəyyən etdiyi hüquqi meyarları əsas götürməsinin nümunəsidir. Bununla belə, qumarın yaratdığı asılılıq, ailə problemləri və maliyyə itkiləri bu modelin sosial riskləri sırasında qalır.

Fahişəlik və seksual xidmətlərə gəlincə,  Fransada fahişəlik fəaliyyəti qadağan edilməyib və yetkin şəxsin öz istəyi ilə bu sahədə çalışması özlüyündə cinayət hesab olunmur. Bu yanaşma İslamın ənənəvi dini normaları ilə ziddiyyət təşkil edir, çünki İslamda zina və fahişəlik qadağandır. Fransanın dünyəvi hüquq sistemi isə dini hökmləri ümumi hüquqi norma kimi qəbul etmədiyindən, fahişəliyin özünü cinayət saymır.

Faizli kreditlər və bank sistemi. Fransanın dünyəvi hüquq sistemində İslamın ənənəvi yanaşmasında qadağan edilən riba — faizli borclanma — qanuni maliyyə münasibəti kimi qəbul edilir. Faizli kreditlər, bank depozitləri və istiqrazlar dini hökmlərə deyil, dövlətin maliyyə qanunvericiliyinə əsasən tənzimlənir. Beləliklə, dini baxımdan qadağan edilən faizli əməliyyatlar dünyəvi hüquq çərçivəsində qanuni fəaliyyət statusu qazanır.

Fond birjası və investisiya fəaliyyəti. Fransada fond birjası, səhmlərin və istiqrazların alqı-satqısı, eləcə də faiz və spekulyativ gəlirə əsaslanan maliyyə əməliyyatları qanuni fəaliyyətlərdir. İslamın ənənəvi hüquqi yanaşmasında isə faiz, qumar xarakterli əməliyyatlar və həddindən artıq qeyri-müəyyənlik ehtiva edən bəzi maliyyə sövdələşmələri qadağan edilir. Fransanın dünyəvi hüquq sistemi bu əməliyyatları dini hökmlərə görə deyil, maliyyə qanunvericiliyinə əsasən tənzimləyir. Nəticədə dini baxımdan yolverilməz hesab edilən bir sıra maliyyə əməliyyatları dünyəvi hüquq çərçivəsində qanuni status alır.

Spirtli içkilərin istehsalı və satışı. Fransada spirtli içkilərin, o cümlədən şərabın istehsalı, satışı və istehlakı qanunidir. İslamda isə spirtli içkilər haram hesab olunur. Fransanın dünyəvi hüquq sistemi bu dini qadağanı ümumi dövlət qanunu kimi qəbul etmədiyindən, spirtli içkilərin istehsalı və ticarəti qanuni fəaliyyət statusu daşıyır.

Ailə münasibətləri və şəxsi seçimlər. Fransada dünyəvi hüquq sistemi dini normalardan fərqli olaraq boşanma hüququnu, abortu və eynicinsli nikahları qanuniləşdirib. Boşanma hüququ 1884-cü ildə bərpa edilib, abort 1975-ci ildə qanuniləşdirilib, 2013-cü ildə isə eynicinsli nikahlar hüquqi baxımdan tanınıb. İslamın ənənəvi dini hüququnda nikah, boşanma, abort və eynicinsli münasibətlər fərqli dini normalarla tənzimləndiyindən, Fransada bu sahələrdə qəbul edilən qanunlar dini hökmlərdən asılı olmayan dünyəvi hüquqi yanaşmanı əks etdirir.

Göründüyü kimi, Fransada "dünyəvilik" dini hökmlərin dövlət qanunvericiliyində məcburi norma kimi qəbul edilməməsinə şərait yaratdı. Nəticədə faizli maliyyə əməliyyatları, kazino və qumar fəaliyyəti, spirtli içkilərin satışı, fahişəlik, abort və eynicinsli nikahlar dini normalardan fərqli hüquqi çərçivədə tanındı....

Lakin bu model sosial problemləri aradan qaldırmadı: qumar asılılığı, borclanma, alkoqolun sağlamlığa zərərləri və insan istismarı kimi məsələlər aktuallığını hələ də qoruyur. Digər tərəfdən, dövlət məktəblərində dini simvolların məhdudlaşdırılması "dünyəviliklə vicdan azadlığı" arasında mübahisələri də hər an qızışdırmağa icazə verəcək şəkildə açıq saxlayır...

Beləliklə, Fransanın təcrübəsi göstərir ki, dini qadağaların hüquqi məcburiyyət daşımaması bəzi fəaliyyətlərin qanuniləşdirilməsinə imkan versə də, onların sosial və mənəvi nəticələrini aradan qaldırmır....

Və nəzərə alınmalıdır ki, Fransa bir müsəlman ölkəsi deyil və bu modelin orada tətbiqinə uzun illər əvvəl başlanılıb və hələ də gərəkli şəkildə tətbiq edilmiş şəklinə mütəşəkkil tətbiq demək mümkün deyil. 

FRANSA TƏCRÜBƏSİ AZƏRBAYCAN ÜÇÜN NƏ DEMƏKDİR?

İndi isə gəlin Fransa nümunəsindən Azərbaycana qayıdaq.  Çünki bu məsələni yalnız Fransanın daxili siyasəti kimi qiymətləndirmək düzgün olmaz.

Azərbaycanda məktəblərdə hicabla bağlı müzakirələr fonunda əsas sual yaranır: "dünyəvi dövlət" olmaq dini simvolların məhdudlaşdırılmasınımı tələb edir, yoxsa dövlətin vəzifəsi dünyəvi təhsil sistemini qorumaqla yanaşı, vətəndaşların vicdan azadlığına da təminat verməkdir?

Azərbaycan Konstitusiyasının 18-ci maddəsi dinin dövlətdən ayrı olduğunu və dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığını müəyyən edir. Konstitusiyanın 48-ci maddəsi isə hər kəsin vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək və dini etiqadını ifadə etmək hüququnu tanıyır. 

Deməli, Konstitusiyanın hər iki müddəasını birlikdə nəzərə almaq lazımdır. Dövlətin dünyəvi olması ilə vətəndaşın dini inancını ifadə etməsi bir-birini avtomatik istisna edən anlayışlar deyil. Əsas məsələ bu hüquqlar arasında yaranan münasibətin hansı hüquqi əsaslarla tənzimlənməsidir.

Düzdür, Fransada dövlət məktəblərində dini simvolları məhdudlaşdıran xüsusi qanun qəbul edilib. Lakin həmin ölkənin tarixi, cəmiyyətin dini münasibətləri və hüquqi ənənələri Azərbaycandan fərqlidir. Buna görə də Fransada tətbiq olunan qaydaları başqa ölkələr üçün universal model kimi qəbul etmək olmaz. Hər bir dövlət öz konstitusiyasını, hüquqi öhdəliklərini və cəmiyyətinin xüsusiyyətlərini nəzərə almalıdır.

Azərbaycan özünü multikulturalizm və dini müxtəlifliyə hörmət siyasəti ilə təqdim edir. Belə olan halda, məktəblərdə hicab məsələsinə münasibət də bu siyasətin mahiyyəti ilə birlikdə qiymətləndirilməlidir... Əgər dini müxtəliflik cəmiyyətin qorunan dəyərlərindən biridirsə, bu yanaşmanın gündəlik həyatda, xüsusilə də təhsil mühitində necə əks olunduğu sualı da cavablandırılmalıdır.

Burada əsas məsələ hicabın tərəfdarı və ya əleyhdarı olmaqdan daha genişdir: dünyəvilik adı ilə tətbiq olunan hər hansı məhdudiyyətin hüquqi zərurəti, məqsədi və şagirdlərin hüquqlarına təsiri aydın izah edilməlidir. Eyni zamanda, dini inancın ifadəsi də təhsil prosesinin və digər şagirdlərin hüquqlarının pozulması üçün əsas ola bilməz.

Beləliklə, Azərbaycan qarşısında duran məsələ Fransa modelini təkrarlamaq deyil, dünyəvi təhsil prinsipini vicdan azadlığı və multikulturalizm siyasəti ilə necə uzlaşdırmaqdır. Məhz bu nöqtədə məktəblərdə hicab mübahisəsi sadəcə geyim məsələsi olmaqdan çıxır və dövlətin öz konstitusion prinsiplərini necə tətbiq etdiyinə dair daha geniş müzakirəyə çevrilir.

Azərbaycanın multikulturalizm siyasətində 2026-cı ilin sınağı:

 dünyəvilik, hicab və geosiyasi hesablamalar

Düşünürəm ki, bu sadəcə bir forma və bir qərarla kifayətlənəcək qədər bəsit bir addım deyil. Nəzərər almaq gərəkir ki, 2026-cı ildə Azərbaycanda baş verənləri ayrı-ayrı qərarlar kimi deyil, bir-biri ilə əlaqəli siyasi proseslər kimi nəzərdən keçirmək lazımdır. Bir tərəfdən, dövlət beynəlxalq münasibətlərin təhlili və multikulturalizm sahəsində institusional islahat aparır, digər tərəfdən isə dövlət məktəblərində geyim qaydalarının dünyəvilik prinsipi ilə əlaqələndirilməsi dini azadlıqlar ətrafında ciddi müzakirələrə səbəb olur.

Fevralın 20-də qəbul edilmiş yenidən təşkil qərarı nəticəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi vahid qurumda birləşdirildi. İyulun 22-də yeni qurumun — Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqləndi. Sentyabrın 11-də isə Nizamnaməyə dəyişiklik edilərək ölkədə, regionda və dünyada baş verən etnosiyasi və dini proseslər üzrə analitik-informasiya materiallarının hazırlanması ayrıca vəzifə kimi əlavə olundu.

Bu ardıcıllığa diqqət etmək çox  əhəmiyyətlidir!

Çünki dövlətin institusional səviyyədə etnosiyasi və dini proseslərin təhlilinə verdiyi əhəmiyyət artdığı bir vaxtda, məktəblərdə hicabla bağlı yaranan mübahisə Azərbaycanın dünyaya təqdim etdiyi multikulturalizm modeli üçün sanki bir sınağa çevrilib...

Hicabdan başlamaq: strateji səhv harada yarandı?

Sentyabrın 21-də Nazirlər Kabinetinin 309 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrinin şagird geyimlərinə dair qaydalara yeni müddəalar əlavə edildi. Həmin müddəalara əsasən, məktəbli geyiminin vahidliyini pozan və ümumi təhsilin "dünyəvilik prinsipinə" uyğun olmayan digər geyim elementlərinə yol verilmir. Qərarda hicabın adı birbaşa çəkilməsə də, onun tətbiqi hicablı şagirdlərin məktəblərə buraxılmaması ilə bağlı mübahisələrə səbəb oldu.

Oktyabrın 6-da müəllimlərin geyiminə dair qaydaların da qəbul edilməsi ilə müzakirə şagirdlərin geyimindən çıxaraq müəllimlərin əmək fəaliyyəti və dini etiqad azadlığı məsələsinə qədər genişləndi. Oktyabrın 14-də artıq yerli və xarici mətbuat bəzi müəllimlərin və şagirdlərin məktəblərə buraxılmadığı barədə məlumat yayımladı.

Burada əsas sual Azərbaycanın dünyəvi dövlət olub-olmaması deyil.

Konstitusiyanın 18-ci maddəsi dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığını müəyyən edir. Eyni Konstitusiyanın 48-ci maddəsi isə vicdan azadlığını və insanın öz dini etiqadını müstəqil müəyyənləşdirmək hüququnu da tanıyır.

Deməli, dövlətin qarşısında iki konstitusion prinsipin tətbiqini uzlaşdırmaq vəzifəsi dayanır: təhsilin dünyəviliyini qorumaq və dini etiqadına görə insanın hüquqlarının əsassız məhdudlaşdırılmasına yol verməmək.

Strateji səhv ehtimalı məhz bu tarazlığın qurulmasında yarana bilər. Əgər vahid məktəbli forması yaratmaq məqsədi dini geyim elementlərinin məhdudlaşdırılması ilə həyata keçirilirsə, bunun zəruriliyi, hüquqi əsasları, proporsionallığı və uşaqların təhsil hüququna təsiri əvvəlcədən ətraflı qiymətləndirilməlidir.

Bir dövlət qərarının hüquqi məqsədi ilə onun cəmiyyətdə doğurduğu siyasi nəticə həmişə eyni olmur. Qərarın məqsədi təhsil sistemində dünyəviliyi təmin etmək ola bilər. Lakin tətbiq zamanı dini kimlik üzərindən qarşıdurma yaranırsa, dövlətin əldə etmək istədiyi nəticə ilə faktiki nəticə arasında ziddiyyət meydana çıxır...

Yeni dünya düzənində Azərbaycanın geosiyasi mövqeyi...

Azərbaycanın geosiyasi mövqeyi yalnız xarici siyasət və iqtisadi tərəfdaşlıqlarla müəyyənləşmir. Ölkənin müsəlman dünyası ilə münasibətləri, Türkiyə ilə strateji müttəfiqliyi, Avropa ilə əlaqələri, İranla qonşuluq münasibətləri və dünyada multikulturalizm nümunəsi kimi təqdim etdiyi model də bu mövqenin mühüm elementləridir.

Məktəblərdə hicabla bağlı mübahisə artıq yalnız daxili təhsil məsələsi çərçivəsində qalmayıb. Bir çox xarici mətbuat 12 oktyabr tarixli təhlilində Azərbaycan əhalisinin təxminən 96 faizinin özünü müsəlman kimi tanıdığını qeyd edərək qərarın cəmiyyətdə doğurduğu reaksiyaları işıqlandırıb. Oktyabrın 14-də isə məsələ Türkiyə ilə münasibətlər və müəllimlərin iş hüquqları kontekstində də təqdim edilib.

Bu, mühüm geosiyasi məqamdır: daxili siyasətdə verilən qərar xarici informasiya məkanında dövlətin dünyəvilik və dini azadlıqlar arasında qurduğu tarazlığın göstəricisi kimi təqdim edilə bilər. Belə şəraitdə Azərbaycanın rəqibləri də bu mübahisədən ölkənin beynəlxalq imicini müzakirəyə çıxarmaq üçün istifadə edə bilərlər. Bu, onların mütləq belə etdikləri barədə hökm deyil, yaranmış vəziyyətin mümkün siyasi nəticəsidir...

Əgər Azərbaycanın məqsədi yeni beynəlxalq şəraitdə mövqeyini gücləndirmək, müxtəlif tərəfdaşlarla münasibətlərini qorumaq və multikulturalizm modelinin nüfuzunu artırmaqdırsa, dini simvollar üzərindən yaranan qarşıdurmanın xarici siyasətə təsiri də qərar qəbul edilməzdən əvvəl hesablanmalı idi.

Başqa sözlə, hicab məsələsini geosiyasi strategiyanın mərkəzinə çəkmək, onun hüquqi və sosial nəticələri əvvəlcədən ölçülmədən addım atmaq, nəzərdə tutulan siyasətin öz əleyhinə işləməsi riskini yarattı...

 Siyasətin «əldə partlaması» demək d  bu olsa gərək...

Belə ki,  məhz bu ehtimalı nəzərdə tutmaq olar: bir məsələni inzibati qaydada həll etmək cəhdi daha böyük ictimai, diplomatik və informasiya probleminə çevrilə bilər...

Məncə bu məsələyə bir qədər fərqli, hətta yazının əvvəlində xatırlatdığım məsələyə yenidn qayıdaraq izah etmək daha doğru olar deyə düşünürəm. 

Türkiyənin siyasi təcrübəsi: İslamın yenidən şərhi necə həyata keçirilir?

Ərdoğanın 2018-ci ildə səsləndirdiyi “İslamı güncəlləməliyik” fikri ilə Azərbaycanın 2026-cı ildə dini geyimlə bağlı atdığı addımlar arasında siyasi baxımdan maraqlı bir paralel qurmaq istəyirəm...

 Burada söhbət iki ölkənin eyni qərarı qəbul etməsindən deyil, dinin cəmiyyətdəki mövqeyinin dövlət siyasəti vasitəsilə dəyişdirilməsi və ya yenidən çərçivələndirilməsi prosesindən gedir. 

Ərdoğan 2018-ci ildə dini mətnlərin və hökmlərin dövrün tələbləri nəzərə alınmadan tətbiq edilməsini tənqid edərək “İslamı güncəlləməliyik” demişdi. Bu ifadə Türkiyədə dinin müasir cəmiyyətlə münasibətlərinin yenidən müzakirəsinə səbəb oldu. Ancaq Türkiyənin sonrakı siyasi təcrübəsi göstərdi ki, dini dəyişikliklərə münasibət yalnız dini şərhlərlə müəyyənləşmir; onların hansı siyasi vasitələrlə həyata keçirilməsi də həlledicidir.

Türkiyə hakimiyyətinin təcrübəsi ondan ibarətdir ki, cəmiyyətin mühafizəkar və dindar təbəqələrinin həssaslıqlarını nəzərə almadan dinlə bağlı siyasət aparmaq ciddi siyasi nəticələr doğura bilər. AKP hakimiyyəti dövründə hicab məhdudiyyətlərinin mərhələli şəkildə aradan qaldırılması dini kimliyin ictimai həyatda qəbul edilməsinə imkan yaratdı. Eyni zamanda, bu siyasət partiyanın mühafizəkar seçici bazası ilə əlaqələrini möhkəmləndirən siyasi vasitəyə də çevrildi.

Burada Türkiyənin təcrübəsini yalnız dini azadlıqların genişləndirilməsi kimi deyil, dövlətin cəmiyyətin dini kimliyi ilə münasibətlərini siyasi vasitələrlə idarə etməyi öyrənməsi kimi də təhlil etmək mümkündür.

 Bu, dinin siyasətdən ayrılması demək deyil. Əksinə, dinin ictimai əhəmiyyətini nəzərə alaraq dəyişikliklərin daha mərhələli, siyasi baxımdan hesablanmış və cəmiyyətin reaksiyasına həssas şəkildə aparılması deməkdir...

Azərbaycanın hazırkı addımlarında isə fərqli mənzərə görünür. Sentyabrın 21-də qəbul edilmiş məktəbli geyimi qaydaları hicabı birbaşa qadağan etməsə də, "dünyəvilik prinsipinə" uyğun olmayan geyim elementləri ilə bağlı müddəalar bəzi məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmaması ilə nəticələnib. Oktyabrda məsələ Türkiyədə də siyasi müzakirəyə çevrilib və Azərbaycan hakim partiyası Ankaradan gələn tənqidlərə sərt cavab verib.

Məsələnin siyasi baxımdan həssas nöqtəsi məhz budur: əgər Azərbaycanda məqsəd dini kimliyin ictimai həyatda ifadə formasını dəyişdirmək və dünyəvilik anlayışını daha sərt tətbiq etməkdirsə, bu məqsədə birbaşa inzibati məhdudiyyətlərlə nail olmağa çalışmaq cəmiyyətin reaksiyasını əvvəlcədən hesablamadan atılmış addım təsiri yarada bilrdi ki, bunu da müşahidə edirik...

Türkiyə isə öz təcrübəsindən bilir ki, mühafizəkar cəmiyyətlərdə dini simvollar yalnız geyim elementi deyil. Onlar ailə tərbiyəsi, mənəvi dəyərlər, ictimai kimlik və dövlətlə münasibətlərin bir hissəsidir. Buna görə dini sahədə dəyişikliklər yalnız hüquqi qərarla deyil, təhsil, siyasi diskurs, ictimai legitimlik və uzunmüddətli sosial təsir vasitəsilə həyata keçirilir.... Daha səbirli və ehtiyatlı bir siyasət yolu ilə desək, yanılmarıq...

Buradan Azərbaycanın Türkiyənin təcrübəsini nəzərə almadığı qənaətinə gəlmək mümkündür, lakin bu, hələlik qərar qəbul edənlərin niyyəti barədə təsdiqlənmiş fakt deyil. Daha dəqiq ifadə budur ki, qərarın tətbiqi zamanı Türkiyənin dini həssaslıqların siyasi idarə olunması sahəsində topladığı təcrübənin nəzərə alınıb-alınmadığı ciddi sual doğurur.

Belə bir siyasətin gözlənilməyən nəticəsi də var: dövlət dini təsiri azaltmaq və ya dünyəvilik prinsipini gücləndirmək istəyərkən, əksinə, dini kimliyi siyasi qarşıdurmanın mərkəzinə çəkə bilər. Hicab məsələsi inzibati qayda kimi başlayır, sonra ictimai etiraz, Türkiyə ilə diplomatik polemika və beynəlxalq informasiya mübahisəsinə çevrilir.

Bu mənada Azərbaycanın qarşılaşdığı problem yalnız qərarın məzmunu deyil, onun həyata keçirilmə üsuludur. Türkiyənin siyasi təcrübəsi göstərir ki, dini kimliyə toxunan addımlar cəmiyyətin mühafizəkar hissəsinin mövqeyi nəzərə alınmadan atıldıqda, həmin addımlar hüquqi məqsədlərindən daha geniş siyasi nəticələr yarada bilər.

Əsas fərq belə ifadə oluna bilər: Türkiyədə dinin ictimai həyatda mövqeyini dəyişdirən siyasət uzunmüddətli siyasi mübarizə, seçici bazası ilə münasibətlər və mərhələli hüquqi dəyişikliklər vasitəsilə həyata keçirilib. Azərbaycanda isə hicab məsələsində inzibati qərarın tətbiqi daha tez şəkildə açıq siyasi qarşıdurma yaradıb.

Bu müqayisənin mahiyyəti Türkiyənin siyasətini ideal nümunə kimi təqdim etmək deyil. Məqsəd göstərməkdir ki, dini və ictimai kimliyə toxunan dəyişikliklərdə siyasi mexanizmlərin seçilməsi qərarın özü qədər əhəmiyyətlidir. Azərbaycanın buraxdığı mümkün strateji səhv də məhz burada — dəyişikliklərin cəmiyyətin dini həssaslıqları, daxili siyasi tarazlıq və regional nəticələr nəzərə alınmaqla deyil, daha çox inzibati vasitələrlə həyata keçirilməsində axtarılmalıdır.

Amma məsələyə bir başqa önəmli pəncərədən də baxmaq gərəklidir. Bəs bu məsələdə tez tez adı çəkilən İran və İsrailin qazancı nədir? 

İran və İsrail: eyni hadisədən fərqli geosiyasi qazanc...

Hesab edirəm ki, bu məsələdə İran və İsrailin maraqlarını ayrı-ayrılıqda deyil, Azərbaycanın regional mövqeyi, Türkiyə ilə strateji münasibətləri və dini kimlik üzərindən yaranan siyasi gərginlik kontekstində təhlil etmək lazımdır.

14 oktyabr 2026-cı il vəziyyətinə görə, beynəlxalq mediada hicab mübahisəsinin Türkiyə–Azərbaycan münasibətlərinə təsiri artıq müzakirə olunur.  xarici analitiklər artıq oktyabrın 13-də Bakı ilə Ankara arasında açıq fikir ayrılığını, daha sonra isə İranın susqunluğu fonunda hicab məsələsi ilə Azərbaycanın İsraillə münasibətlərinin yaratdığı regional konteksti təhlil edirlər...

Açıq bir şəkildə etiraf etmək gərəkir ki, burada İranın qazancı:

Türkiyənin regional təsirinin zəifləməsidir!

İranın maraqları baxımından əsas məsələ hicabın özü deyil, bu mübahisənin Azərbaycan–Türkiyə münasibətlərində hansı nəticələr yaradacağıdır. Türkiyə Azərbaycanın Cənubi Qafqazda əsas strateji tərəfdaşlarından biridir. Ankara ilə Bakı arasında siyasi, hərbi və iqtisadi əməkdaşlığın güclü olması İranın regionda öz təsirini genişləndirmək imkanlarını məhdudlaşdıran amillərdən biridir. İranın Azərbaycan və Türkiyə ilə münasibətlərində əvvəlki gərginliklər də bu rəqabətin yeni olmadığını göstərir...

İndi isə dini və ictimai həssaslıq üzərindən başlayan mübahisə iki ölkənin hakim siyasi dairələri arasında qarşılıqlı ittihamlara çevrilir. Azərbaycan hakim partiyası Türkiyəli rəsmilərin tənqidlərini daxili işlərə müdaxilə kimi qiymətləndirir, Türkiyə tərəfdən isə hicablı şagirdlərin təhsil hüququnun müdafiəsi tələb olunur.

İran üçün də potensial qazanc burada yaranır: Ankara ilə Bakı bir-birinə qarşı siyasi ritorikanı sərtləşdirərsə, ortaq regional maraqlar üzrə koordinasiya çətinləşə bilər. Bu, Tehrana diplomatik manevr üçün əlavə imkan yarada bilər.

Ancaq İranın bu gərginliyi təşkil etdiyinə və ya qəsdən yaratdığını söyləmək mümkün deyil. Buna daha çox mövcud dejavantajı öz leyhinə çevirə biləcək siyasi menevrlərdən söz gedə bilər. Yəni qısacası, burada söhbət  mövcud fikir ayrılığından faydalanmaq imkanından gedir.

Bəs İsrailin mümkün qazancı nədir? 

İsrail Azərbaycanın dünyəvilik prinsipini daha sərt tətbiq etməsi fonunda Türkiyə ilə fikir ayrılıqlarının dərinləşməsindən və özünü Azərbaycanın əsas təhlükəsizlik tərəfdaşlarından biri kimi möhkəmləndirmək imkanından geosiyasi üstünlük əldə edə bilər.

Yəni İsrailin maraqları bir qədər  fərqli istiqamətdədir... 

 Bakı ilə Tel-Əviv arasında münasibətlərin əsas dayaqlarından biri təhlükəsizlik əməkdaşlığı, enerji əlaqələri və İran amilidir.

Bir çox xarici analitiklərin araşdırmalarına görə, İsrail Azərbaycanın mühüm silah təchizatçılarından biri olub; iki ölkənin münasibətlərində Azərbaycanın enerji resursları və İranla bağlı təhlükəsizlik maraqları da əhəmiyyət daşıyır.

Hicabla bağlı qərarların Azərbaycanın dünyəvi dövlət modelini daha sərt şəkildə tətbiq etmək cəhdi kimi təqdim olunması İsrail üçün müəyyən siyasi üstünlük yarada bilər. Bakı dünyəvi idarəçiliyi təhlükəsizlik və dövlətçilik anlayışının bir hissəsi kimi vurğuladıqca, Azərbaycan–İsrail əməkdaşlığını tənqid edən dini-siyasi ritorikaya qarşı öz mövqeyini daha aydın ifadə edə bilər.

Lakin burada bir incə məqam var: İsrailin Azərbaycanla əməkdaşlığı onsuz da mövcud olan strateji maraqlara əsaslanır. Hicab mübahisəsinin bu münasibətləri avtomatik gücləndirdiyini və ya İsrailin məhz bu nəticəni əldə etmək üçün hadisələrə təsir göstərdiyini demək siyasi baxımdan çox primitiv və əsassız yanaşmadır...

İsrail üçün daha konkret potensial üstünlük Azərbaycanın İranla münasibətlərdə təhlükəsizlik əməkdaşlığını davam etdirməsi və Tehranın regional təsirini məhdudlaşdıran tərəfdaş olaraq qalmasıdır. Məktəblərdəki geyim qaydaları isə bu strateji münasibətlərin yalnız dolayı siyasi kontekstidir və sabit olmasa da ən azından zəmin ola biləcək məsələdir. 

Hesab edirəm ki, burada ən doğru yanaşma və bizi narahat etməli olacaq məsələnin ziddiyəti İranın dini narazılıqdan, İsrailin isə təhlükəsizlik əməkdaşlığından faydalana bilməsinin nə qədər həqiqətə uyun olub olmamasıdır...

İran üçün mümkün üstünlük: Azərbaycanda dini kimliyinə görə özünü sıxışdırılmış hiss edən insanların narazılığı Tehranın dini-siyasi təbliğatı üçün materiala çevrilə bilər. Türkiyə ilə Azərbaycan arasında yaranan gərginlik də İranın regional rəqabətdə maraqlarına uyğun nəticə verə bilər.

İsrail üçün mümkün üstünlük: Azərbaycanın dünyəvi dövlət modelini daha sərt tətbiq etməsi və İsraillə təhlükəsizlik əməkdaşlığını davam etdirməsi Tehranın regiondakı təsir imkanlarının məhdudlaşdırılması baxımından İsrailin maraqlarına uyğun ola bilər. Eyni zamanda, hicab məsələsi ətrafında yaranan mübahisənin Türkiyə–Azərbaycan münasibətlərində fikir ayrılıqlarını dərinləşdirməsi Türkiyənin regiondakı siyasi təsirinin zəifləməsi üçün əlavə imkan yarada bilər. Belə bir ssenaridə İsrail həm Azərbaycanla strateji tərəfdaşlığını möhkəmləndirmək, həm də Türkiyə və İranın regional təsir imkanları ilə rəqabətdə öz mövqeyini gücləndirmək üçün əlverişli şərait əldə edə bilər.

Fərq etdinizsə, burada paradoks yaranır: eyni daxili mübahisə İranın dini ritorikası üçün də, İsrailin Azərbaycanla təhlükəsizlik tərəfdaşlığını əsaslandıran dünyəvi dövlətçilik çərçivəsi üçün də istifadə oluna bilər.

Azərbaycanın strateji hesablaması...

Əsas məsələ İranın və İsrailin bu hadisələrdən istifadə edib-etməyəcəyindən daha genişdir.

Azərbaycan qərar qəbul edərkən daxili hüquqi məqsədlərlə yanaşı, dini kimlik, cəmiyyətin mühafizəkar həssaslıqları, Türkiyə ilə münasibətlər və İranla regional rəqabət kimi amilləri də nəzərə almalıdır.

Əgər inzibati qərar nəticəsində Türkiyə ilə münasibətlərdə açıq fikir ayrılığı yaranırsa, dini narazılıq artırsa və ölkənin beynəlxalq imici mübahisə predmetinə çevrilirsə, bu nəticələrin hamısı strateji təhlilin mövzusu olmalıdır.

İranın mümkün qazancı Türkiyə–Azərbaycan fikir ayrılığından və dini narazılıqdan istifadə etmək imkanındadır; İsrailin mümkün qazancı isə Azərbaycanın İranla bağlı təhlükəsizlik maraqları çərçivəsində öz strateji tərəfdaşlığını davam etdirməsindədir.

Azərbaycanın öz yolu: Dünyəvilik və multikulturalizm arasında dövlətçilik tarazlığı

Gördüyünüz kimi, aparılan təhlil və araşdırmalar göstərir ki, nə dinin dövlət idarəçiliyində həlledici mövqeyə malik olduğu İran modeli, nə də Fransada tətbiq edilən sərt dünyəvilik yanaşması Azərbaycanın tarixi, milli-mədəni xüsusiyyətləri və ictimai reallıqları baxımından problemsiz nümunə sayıla bilməz. 

 Bu modellərin hər birinin özünəməxsus siyasi və ictimai nəticələri var. Onları olduğu kimi mənimsəmək əvəzinə, Azərbaycanın öz tarixi təcrübəsindən və cəmiyyətin çoxşaxəli kimliyindən çıxış etmək daha əsaslı yanaşmadır.

Məhz bu nöqtədə Heydər Əliyevin əsasını qoyduğu "multikulturalizm siyasəti", müxtəlif dini və etnik qrupların birgəyaşayışına, qarşılıqlı hörmətə və tolerantlığa əsaslanan dövlət idarəçiliyi prinsipi xüsusi əhəmiyyət kəsb edir. Bu yanaşmanın mahiyyəti nə dini dövlətin siyasi iradəsinə tabe etmək, nə də dünyəviliyi dini kimliyin ictimai həyatdan sıxışdırılması kimi təqdim etməkdir. Əsas məsələ dünyəvi dövlət quruluşunu qorumaqla yanaşı, vətəndaşların dini etiqad azadlığını və konstitusion hüquqlarını da təmin etməkdir.

Azərbaycanın qarşısında duran əsas vəzifə bu iki prinsip arasında qarşıdurma yaratmaq deyil, onların hüquqi və ictimai tarazlığını qorumaqdır. Çünki multikulturalizm yalnız beynəlxalq tədbirlərdə səsləndirilən şüar və ya dövlətin xarici imicini formalaşdıran anlayış olmamalıdır. O, qanunvericilikdə, təhsil siyasətində, dövlət qurumlarının qərarlarında və gündəlik ictimai münasibətlərdə öz əksini tapmalıdır.

Heydər Əliyevin siyasi irsindən gələn multikulturalizm və tolerantlıq xətti Azərbaycan üçün müzakirə edilməli və inkişaf etdirilməli olan mühüm dövlətçilik istiqamətidir.

Bu irsə sadiqlik isə təkcə onun adını çəkməklə deyil, həmin prinsipləri müasir şəraitdə ardıcıl və ədalətli şəkildə tətbiq etməklə mümkündür. Azərbaycan dünyəvi dövlət olaraq qalmalı, dini kimliyi siyasi müdaxilə vasitəsinə çevirməyə çalışan təsirlərə qarşı hüquqi mexanizmlərini qorumalı, eyni zamanda öz vətəndaşlarının dini inanclarını dövlətlə qarşıdurmaya sürükləyən qərarlardan çəkinməlidir. Ölkənin özünəməxsus inkişaf yolu məhz bu tarazlığın qorunmasından keçir.

Bu məqamda qeyd etmək istədiyim bir önəmli məsələ də var:  indiyədək ölkədəki məsələlərlə bağlı səsi eşidilməyən Multikulturalizm Mərkəzinin üzərinə böyük məsuliyyət düşür. Mən bir yazar, araşdırmaçı jurnalist kimi, əslində, bu mərkəzin missiyasını öz üzərimə götürərək mövcud vəziyyəti araşdırmağa, fərqli modelləri təhlil etməyə və Azərbaycanın milli-mədəni reallıqlarına uyğun yanaşmanı ortaya qoymağa çalışdım.

Məqsədim yalnız problemi göstərmək deyil, həm də Bakıda fəaliyyət göstərən Multikulturalizm Mərkəzinin sadəcə formal mövcudluq üçün yaradılmadığını, ölkənin qarşılaşdığı ideoloji, dini və ictimai çağırışlar qarşısında real mövqe ortaya qoya, təşəbbüs göstərə və zəruri addımlar ata biləcək bir qurum olduğunu xatırlatmaqdır. Çünki multikulturalizm yalnız dövlət siyasətində bəyan edilən prinsip deyil, həm də qorunmalı, izah edilməli və dəyişən ictimai-siyasi şəraitdə fəal şəkildə müdafiə olunmalı dəyərdir.

Əgər bu mərkəzin missiyası Azərbaycanın multikulturalizm modelini öyrənmək, təbliğ etmək və beynəlxalq səviyyədə təqdim etməkdirsə, deməli, onun fəaliyyəti yalnız nəzəri müzakirələrlə məhdudlaşmamalıdır. Bu gün cəmiyyətin cavab gözlədiyi suallar qarşısında susmaq deyil, elmi əsaslara söykənən təhlillərlə ictimai müzakirəyə qoşulmaq və Azərbaycanın özünəməxsus modelinin üstünlüklərini əsaslandırmaq lazımdır.

 

 

Yazar: Ülkər Fərmanqızı

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR