DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

MASAZIR HADİSƏSİ: HAMININ ÖZÜNÜ QORUDUĞU YERDƏ AZƏRBAYCAN GƏNCLƏRİNİ KİM MÜDAFİƏ EDİR???

institusional standartların ikililiyi və cavabdehlik balansının pozulması.

|
MASAZIR HADİSƏSİ: HAMININ ÖZÜNÜ QORUDUĞU YERDƏ AZƏRBAYCAN GƏNCLƏRİNİ KİM MÜDAFİƏ EDİR???

11 avqust 2026-cı ildə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Sabah” – “AGF Orhus” (Danimarka) cavab oyunu öncəsi Masazırda yerli və qonaq azarkeşlər arasında qarşıdurma baş verib. Abşeron Rayon Polis İdarəsi tərəfindən cinayət işi açılıb, yerli gənclərdən saxlanılanların olduğu bildirilmişdi.

Amma kimlər saxlanılıb və saxlanılanların aqibəti necə oldu? -Bununla bağlı heç bir məlumat verən tərəf yoxdur…

Hadisənin başlanğıcı ilə bağlı görüntülər və şahidlər fərqli mənzərə ortaya qoyur: ilk xəbərlərdə təşəbbüsün yerli azarkeşlərdən gəldiyi iddia edilsə də, sonradan yayılan kadrlarda danimarkalı qrupun aqressiv davranışı və təhrikedici hərəkətləri aydın görünür.

“Sabah” FK da rəsmi açıqlamasında qonaq azarkeşlərin təhqiramiz ifadələr işlətdiyini təsdiqləyib, lakin ardınca zorakılığı pisləyərək UEFA ilə əməkdaşlığa hazır olduğunu bildirib…

institusional standartların ikililiyi və cavabdehlik balansının pozulması….

Burada “Sabah”ın mövqeyi ayrıca araşdırılmalıdır. Çünki klubun açıqlamasında qonaq azarkeşlərin aqressiv davranışından bəhs edilir, lakin ümumi ton yenə də olduqca ehtiyatlıdır.

Sanki klubun əsas məqsədi hadisənin bütün tərəflərini açmaqdan daha çox, UEFA qarşısında “biz zorakılığı dəstəkləmirik” mesajını verməkdir.

Niyə klubun mövqeyi əsasən “zorakılığı pisləyirik”, “fair play”, “qarşılıqlı hörmət” və “UEFA ilə əməkdaşlıq” çərçivəsində qalır?

Bəs öz azarkeşlərinin hüquqları?

Bəs hadisənin bütün tərəflərinin araşdırılması?

Bəs qarşıdurmanın yaranmasına səbəb olan ilkin davranışlar?

Əgər klubun öz açıqlamasında qonaq azarkeşlərin hadisədən əvvəl aqressiv və təhqiramiz davranışından bəhs edilirsə, onda bu davranışların hadisənin yaranmasına təsiri də tam araşdırılmalıdır…

Bəs “Sabah” niyə danimarkalı azarkeşlərdən şikayətçi olmadı?

Əgər klubun öz açıqlamasına görə, hadisədən əvvəl qonaq azarkeşlər tərəfindən yerli azarkeşlərə qarşı şifahi aqressiya və Azərbaycan mədəni kontekstində təhqiramiz ifadələr olubsa, onda məntiqli sual yaranır:

“Sabah” Futbol Klubu bu davranışlarla bağlı niyə ayrıca şikayətçi qismində çıxış etmədi?

Klub həmin açıqlamada hadisənin tam kontekstinin düzgün təqdim edilməsinin vacib olduğunu bildirir və əlindəki kamera görüntülərini aidiyyəti qurumlara təqdim etdiyini açıqlayır.

O halda sual daha da konkretləşir:

Əgər görüntülərdə danimarkalı azarkeşlərin də qanunazidd və ya qarşıdurmanı qızışdıran hərəkətləri görünürsə, həmin şəxslərin hərəkətlərinə niyə ayrıca hüquqi qiymət verilməsi tələb olunmur?

Bu, İbrahimin və digər saxlanılanların günahsız olduğunu demək deyil.

Bu, başqa bir məsələdir.

Bir tərəfin hərəkətinə görə cinayət işi aparılırsa, qarşı tərəfin hərəkətləri də araşdırılmalıdır.

Əks halda ortaya belə bir mənzərə çıxır:

“Sabah” deyir ki, qonaq azarkeşlər əvvəlcə şifahi aqressiya göstərib. Amma həmin qonaq azarkeşlər barədə şikayət yoxdur. Yerli gənclər isə saxlanılıb və onlardan bəziləri barəsində həbs qətimkan tədbiri seçilib.

Bəs niyə?

Bu isə bizi daha böyük suala gətirir:

UEFA-nın reputasiyası niyə Azərbaycan gənclərinin hüququndan daha önə keçməlidir?

Beynəlxalq futbolun qaydaları əlbəttə qorunmalıdır.

Zorakılıq da qəbuledilməzdir.

Amma UEFA qarşısında hesabat vermək başqa şeydir, hadisənin bütün iştirakçılarına qarşı ədalətli olmaq tamam başqa.

Əgər görüntülər qonaq azarkeşlərin də hadisənin başlanğıcında rolunu göstərirsə, bu fakt niyə açıq şəkildə müzakirə edilmir?

DANİMARKA NİYƏ SUSUR?

DİPLOMATİK SÜKUT, YOXSA SİYASİ MƏQSƏD?

Masazır hadisəsində cavabsız qalan ən ciddi suallardan biri Danimarka tərəfinin nümayiş etdirdiyi qəribə sükutdur. Hadisədən dərhal sonra Azərbaycan tərəfində hüquqi mexanizm böyük sürətlə işə düşdü: cinayət işi açıldı, yerli gənclər saxlanıldı və İbrahim İsgəndərli (21 yaşlı, əvvəllər məhkum olunmamış, Azərbaycan Memarlıq və İnşaat Universitetinin IV kurs tələbəsi)  kimi bir neçə gənc üçün  barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi.

Bəs Danimarka tərəfi haradadır?

Danimarkanın Azərbaycana akkreditə olunmuş səfirliyinin rəsmi bəyanatı haradadır?

Bakıda fəaliyyət göstərən Danimarka Fəxri Konsulluğunun mövqeyi niyə eşidilmir?

Əgər azarkeşləri günahsızdırsa, niyə onları müdafiə etmirlər?

Əgər öz vətəndaşlarının da təxribatda payı varsa, niyə dürüstcə ədalətli araşdırma tələb etmirlər?

Diplomatik sükut, əlbəttə ki, danimarkalı azarkeşlərin avtomatik təqsirli olduğunu sübut etmir. Amma susmaq, onların tamamilə haqlı olduğunun da sübutu deyil. Əksinə, bu səssizlik kadrların arxasındakı acı həqiqəti — danimarkalıların da qarşıdurmanın alovlanmasında iştirak etdiyini dolayısı ilə etiraf etməkdir. Çünki tam haqlı olan tərəf diplomatik korpus səviyyəsində səsini ucaldar, öz vətəndaşının hüququnu tələb edərdi…

“Avropa Ədaləti” deyə örnək gösyərdikləri ədalət budurmu yoxsa?

MƏSƏLƏNİN ALTINDA YATAN BÖYÜK SİYASİ KONTEKST

Əslində, insidentə yalnız idman kontekstində baxmaq safdillik olardı. Son illərdə Azərbaycanla Avropa institutları və Bərbad Qərb diplomatik dairələri arasında gedən gərgin siyasi diskursu hər kəs yaxşı bilir.

Avropa strukturları ən kiçik məsələdə belə “insan hüquqları”, “prosedur ədaləti”, “obyektiv istintaq” və “ikili standartlara yol verilməməsi” haqqında Azərbaycana dərs keçməyi sevir.

Lakin Masazırda baş verənlər bu siyasi atmosferdə tamam başqa bir ikililiyi ifşa edir:

 Əgər Danimarka diplomatiyası susursa, bu sadəcə “istintaqa mane olmamaq” cəhdi deyil. Bu, diqqəti hadisənin səbəbindən (öz azarkeşlərinin təhrikindən) yayındırıb, diqqəti nəticəyə Azərbaycan gənclərinin həbslərinə yönəltmək taktikasıdır. Sabah həmin Avropa institutları hadisənin ilk saniyələrini unutdurub, yalnız “saxlanılan Azərbaycan gənclərini” və ya “avropalı azarkeşlərin guya hücuma məruz qalmasını” siyasi təzyiq rıçağına çevirməyəcəkmi?

 Təsəvvür edin ki, eyni olay Kopenhagen küçələrində baş versəydi və danimarkalı gənclər azərbaycanlı azarkeşlərlə toqquşsaydı, Avropa mətbuatı və diplomatiyası məsələni necə işıqlandırardı? Şübhəsiz ki, azərbaycanlılar dərhal “aqressiv və inteqrasiya olunmayan grup” elan edilərdi.

Masazırda isə tam əksi baş verir: xarici azarkeşlər yerli ərazidə təxribat törədir, amma bütün hüquqi və mənəvi ağır yük Azərbaycan gənclərinin üzərinə yıxılır.

Səfirliyin Susması — Ədalətsizliyin Üstünü Örtməkdir!

Danimarka diplomatiyasının bu hadisədə tam görünməz olması, əslində Azərbaycan hüquq-mühafizə və idman rəhbərliyi üçün rahat bir “fəaliyyət meydanı” yaradır. Xarici diplomatlar susduqca, yerli idman rəhbərliyi və “Sabah” FK da UEFA qarşısında “yaxşı oğlan” görünmək üçün öz azarkeşini qurban verməkdən çəkinmir…

Sözün qısası, Danimarkanın sükutu sadə bir diplomatik prosedur deyil, məsuliyyətdən yayınma və siyasi fürsətçilikdir.

Eyni Avropa dürüstlükdən, ədalətdən və şəffaflıqdan danışırsa, Danimarka Fəxri Konsulluğu çıxıb bəyan etməlidir:

“Bizim azarkeşlərimizin də hərəkətləri araşdırılsın!”

Əgər bunu demirsinizsə və siyasi konyunkturaya arxalanıb susursunuzsa, deməli, sizin üçün ədalət yalnız öz maraqlarınızın başladığı yerə qədərdir. Bəs belə bir vəziyyətdə Azərbaycan tərəfi — klub, federasiya və cəmiyyət — niyə Avropanın bu “seçici ədalətinə” qarşı öz gənclərinin tərəfində durmur?

“SABAH” GÖZDƏN QAÇIRA BİLƏR. BƏS MƏHKƏMƏ NİYƏ BÜTÜN TƏRƏFLƏRİ QİYMƏTLƏNDİRMƏDİ?

Bəlkə də burada “Sabah” Futbol Klubuna yönəltdiyimiz sualı bir qədər dəqiqləşdirmək lazımdır.

Bəli, klub hadisənin bütün tərəflərini hüquqi baxımdan qiymətləndirməyə bilər. Klubun işi məhkəmə deyil. Klub hansısa məqamı gözdən də qaçıra bilər vəya klubun öz şəxsi mənfəfftini düşümək kimi öhdəliyi də ola bilər.

Amma məhkəmə gözdən qaçırmamalıdır!

Çünki məhkəmənin qarşısında artıq sadəcə futbol hadisəsi deyil, insanların azadlığı məsələsi dayanır.

Əgər hadisədə danimarkalı azarkeşlərin də qarşıdurmadan əvvəl davranışları barədə məlumatlar və görüntülər mövcuddursa, məhkəmə bu halların da araşdırılmasını və iş materiallarında nəzərə alınmasını təmin etməli deyilmi?

Əgər hadisənin necə başladığı barədə iki fərqli versiya varsa, məhkəmə yalnız bir tərəfin versiyasına deyil, hər iki tərəfin hərəkətlərinə baxmalı deyilmi?

Əgər qarşıdurmada bir neçə şəxs iştirak edibsə, hər bir şəxsin konkret hərəkəti ayrıca müəyyənləşdirilməli deyilmi?

Ən əsası isə:

Niyə hadisənin bütün konteksti tam aydınlaşdırılmadan gənclər barəsində ən ağır qətimkan tədbirlər seçilir?

Azərbaycan Ali Məhkəməsinin Plenumu özü bildirir ki, həbs qətimkan tədbiri seçilərkən məhkəmə prosessual əsasları formal şəkildə sadalamaqla kifayətlənməməli, hər bir riskin konkret təqsirləndirilən şəxsə münasibətdə nədən ibarət olduğunu və cinayət işinin materialları ilə təsdiqlənib-təsdiqlənmədiyini yoxlamalıdır. Şəxsin yaşı, ailə vəziyyəti, məşğulluğu və digər fərdi halları da nəzərə alınmalıdır. Həmçinin məhkəmə əvvəlcə həbsə alternativ qətimkan tədbirlərinin mümkün olub-olmadığını araşdırmalıdır.

Bu baxımdan əsas sual artıq belə səslənməlidir:

Əgər hadisənin başlanğıcı, qarşıdurmanın bütün iştirakçıları və tərəflərin konkret hərəkətləri tam qiymətləndirilməyibsə, İbrahim İsgəndərlinin (21 yaşlı, əvvəllər məhkum olunmamış, Azərbaycan Memarlıq və İnşaat Universitetinin IV kurs tələbəsi) və digər gənclərin istintaqdan qaçacağı, şahidlərə təsir göstərəcəyi və ya istintaqa mane olacağı qənaətinə hansı konkret faktlarla gəlinib?

Çünki ittihamın mövcudluğu ilə həbs qətimkan tədbirinin zəruriliyi eyni şey deyil!!!

Bir gəncin cinayətdə iştirakına dair əsaslı şübhənin olması belə avtomatik olaraq onun həbsdə saxlanılmasının zəruri olduğu anlamına gəlmir. Həbs üçün ayrıca, konkret və fərdiləşdirilmiş əsaslandırma tələb olunur.

Məhz burada məhkəmənin üzərinə daha böyük məsuliyyət düşür.

“Sabah” hansısa hadisəni düzgün qiymətləndirməyə bilər.

Danimarka tərəfi öz vətəndaşlarının mövqeyini müdafiə etmək məqsədi ilə susa bilər.

Amma məhkəmə hər iki tərəfin mövqeyini, mövcud sübutları və hər bir təqsirləndirilən şəxsin konkret hərəkətini ayrıca qiymətləndirməlidir!

Əks halda ortaya çox təhlükəli sual çıxır:

Biz həqiqəti müəyyən etmək üçün bütün hadisəni araşdırırıq, yoxsa hadisənin sonunda bir neçə gənc tapıb bütün məsuliyyəti onların üzərinə qoyuruq?

Ədalət bir tərəfi seçib digər tərəfi görməmək deyil.

Ədalət hər iki tərəfi görməkdir…

 

Araşdırmalarımız davam edir. Aidiyyəti qurumların məsələ ilə bağlı ədalətli və rəsmi mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.

 

Yazar: Ülkər Fərmanqızı

«МЯСАЗЫРСКИЙ ИНЦИДЕНТ: КОГДА КАЖДЫЙ ЗАЩИЩАЕТ ТОЛЬКО СЕБЯ, КТО ЗАЩИТИТ АЗЕРБАЙДЖАНСКУЮ МОЛОДЁЖЬ???»

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR