VOİCEPRESS.AZ axar.az-a istinadən xəbər verir ki, bu sözləri ilahiyyatçı Elşad Miri Ağdaş rayonunda “peyğəmbərin yanına getmək üçün” intihar edən 12 yaşlı oğlan haqda danışarkən söyləyib. O bildirib ki, intihar etmək islamın ən böyük günahlarından olduğu halda, bu gün bir insan din üçün intihar edirsə, demək ki, ona öyrədilən din anlayışının özündə yanlışlıq var:
“Birincisi, fikir vermək lazımdır ki, molla o uşağa nə öyrədib və ya uşaq ondan nə öyrənə bilib? Şəxsən mən övladlarıma din öyrədərkən bəzi məsələləri onların yaşlarına uyğun və başa düşəcəkləri şəkildə izah etməyə çalışıram. Məsələn, bir sıra xarici ölkədə dinlə bağlı xüsusi tədris materialları var. Uşaqlara dinin, kitabın, mələklərin, peyğəmbərin nə olduğu öyrədilir. Daha sonra onlara Qurani-Kərimdə və ya digər müqəddəs kitablarda qeyd olunanlar tədris olunur.
Peyğəmbərimiz gələn kimi insanlara ayələri öyrətməmişdi. Həmin vaxta qədər 23 il keçmişdi. Ona görə də peyğəmbərimizin həmin metodologiyasından istifadə edib övladlarımıza, gənclərimizə dini öyrətməliyik”.
İlahiyyatçı bildirib ki, qonşu Türkiyənin təcrübəsindən istifadə edərək, din orta məktəblərdə tədris olunmalı və azyaşlılara nəyin necə olduğu öyrədilməlidir:
“Bu gün demək olar ki, Türkiyədəki bütün orta məktəblərdə din ayrıca fənn kimi tədris olunur. Biz də onları örnək götürərək dinlə bağlı tədris aparmalıyıq. Amma əvvəlcə kadr yetişdirmək lazımdır. Həmin kadrlar psixoloji və dini səviyyədə fənni öyrətməyə hazır olmalıdırlar ki, uşaqlara özlərinin mənsub olduğu dini ideologiyanı deyil, həqiqətən Allahın bizdən istədiyi normal dini həyat tərzini çatdırsın. Din bir neçə illik yox, təhsil prosesinin əvvəlindən sonuna qədər uşaqların psixoloji yetişmə dövrünə uyğunlaşdırılaraq öyrədilməlidir”.
Məsələ ilə bağlı danışan psixoloq Saqibə Hüseynova isə bildirib ki, 12 yaşlı uşağı intihara sövq edən səbəblərdən biri də mədrəsədə ona dinin düzgün təbliğ edilməməsidir:
“Məktubdan belə başa düşülür ki, ailə konfliktli ailədir. 12 yaşlı uşağın məntiqi, təfəkkürü o qədər inkişaf etməyib ki, dini düzgün başa düşsün. Burada “ölüm haqdır” deyərək, yanlış yönləndirmə ola bilər. Bəlkə də mədrəsənin müəllimləri uşağın dərk edə biləcəyi şəkildə deyil, özləri başa düşəcəkləri səviyyədə onu başa salıblar. Hər uşağın özünə məxsus şəkildə qavrama qabiliyyəti var və onların hər biri dünyanı fərqli şəkildə başa düşür. Onun intiharına səbəb mədrəsə də ola bilər. İkinci bir səbəb isə ailədə yaşanan anlaşılmazlıqlar ola bilər. Bu uşaq çıxış yolunu ölümdə görüb. Düşünüb ki, ölüm haqdır və mən peyğəmbərimizin yanına gedəcəyəm. Bu uşağın ailəsindəki problemlər, dini dərslərə meyilliliyi və dini düzgün anlamaması onu intihara sürükləyən səbəblərdəndir. Bu yaşda olan uşaqların valideynləri diqqətli olmalı, övladlarının psixoloji vəziyyəti ilə maraqlanmalıdırlar. Burada günahkar valideyndir. Yəni həqiqətənmi vacib idi ki, 12 yaşlı uşağa dini bilgilər təbliğ edilsin. Əlbəttə, uşaq dini başa düşməlidir, amma düzgün qavramadan dərinliyinə getmək yaxşı nəticə verməz”.
Psixoloq onu da vurğulayıb ki, bəzi valideynlərin özünün düzgün psixoloji tərbiyəsinin olmaması nəticəsində övladlarına da psixoloji tərbiyə verə bilmirlər.
Qeyd edək ki, bir müddət əvvəl Ağdaş rayonunun Ləki qəsəbə sakini, 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. 12 yaşlı məktəbli intihardan əvvəl valideynlərinə məktub yazıb. O, məktubda peyğəmbərin yanına getmək üçün intihar etdiyini qeyd edib. Uşağın psixoloji problemlərinin olmadığı, məktəbdə dərslərini yaxşı oxuduğu bildirilir.
Faktla bağlı Ağdaş Prokurorluğu tərəfindən araşdırma aparılır.
VOİCEPRESS.AZ