İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general Kəyumərs Heydəri bu gün ölkəsinə qarşı mümkün hərbi təhdidlərlə bağlı sərt açıqlama verib.
VOİCEPRESS-in məlumatına görə, general bildirib ki, İran artıq mümkün hücumlara cavab verərkən coğrafi məhdudiyyət tanımayacaq. Onun sözlərinə görə, dünyanın hansı ölkəsində yerləşməsindən asılı olmayaraq, İrana qarşı təhdidin yarandığı istənilən məkan Tehran üçün legitim hədəf hesab ediləcək.
“Dünyanın hansı ölkəsindən bizə qarşı atəş açılsa, həmin məkan legitim hədəf olacaq və oraya zərbə endiriləcək. İran Silahlı Qüvvələri ABŞ, İsrail və digər düşmən ölkələrin mümkün addımlarına cavab verməyə tam hazırdır”, – deyə Heydəri vurğulayıb.
O, həmçinin İran ordusunun mümkün hərbi qarşıdurmaya hazır vəziyyətdə olduğunu bildirib.
Generalın bu açıqlaması regionda hərbi gərginliyin davam etdiyi və ABŞ ilə İran arasında qarşıdurma risklərinin müzakirə olunduğu bir vaxtda səsləndirilib.
Qeyd edək ki, Heydərinin bəyanatı İranın mümkün hücumlara cavab tədbirlərinin yalnız ölkə ərazisi ilə məhdudlaşmayacağına dair açıq xəbərdarlıq kimi qiymətləndirilir.
VOİCEPRESS