Azərbaycanda multikulturalizm, dünyəvilik və vicdan azadlığı məsələləri ətrafında müzakirələr davam edərkən, diqqətçəkən suallar ortaya çıxır. Xüsusilə məktəblərdə hicab məsələsi, şagirdlərin dini inancları və dövlət məktəblərinin daxili qaydaları arasındakı münasibət hüquqi baxımdan aydın izah tələb edən həssas mövzulardandır. Burada əsas sual məhdudiyyətlərin hansı hüquqi əsaslara söykəndiyi və vicdan azadlığı prinsipi ilə necə uzlaşdırıldığıdır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2026-cı il tarixli fərmanı ilə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiq edilib. Daha sonra, 11 sentyabr 2026-cı il tarixli sərəncamla Fərid Rauf oğlu Şəfiyev Mərkəzin İdarə Heyətinin sədri təyin olunub.
Bu dəyişikliklər fonunda multikulturalizm, dünyəvilik və vicdan azadlığı ilə bağlı ictimai müzakirələrdə Mərkəzin mövqeyi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə məktəblərdə hicab məsələsi kimi həssas mövzularda qərarların hüquqi əsaslarının və tətbiq meyarlarının ictimaiyyətə aydın şəkildə izah edilməsi vacibdir.
Məhz bu məsələlərə aydınlıq gətirmək məqsədilə keçmiş Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin keçmiş icraçı direktoru, multikulturalizm üzrə ekspert Rəvan Həsənova müraciət etdik.
Bununla yanaşı, Mərkəzin rəhbərliyinə qurumun rəsmi mövqeyini öyrənmək məqsədilə ünvanladığımız digər sualların cavablandırılmasını gözləyirik. Çünki söhbət yalnız ekspert yanaşmasından deyil, eyni zamanda dövlətin multikulturalizm siyasətini təmsil edən qurumun ictimaiyyət qarşısında aydın mövqe ortaya qoymasından gedir.
Beləliklə, müsahibəmizdə Azərbaycanın multikulturalizm modeli, dünyəvi təhsil, vicdan azadlığı və dövlət məktəblərində hicab məsələsi ətrafında yaranan suallara aydınlıq gətirməyə çalışdıq. İlk sualımız dünyəviliklə vicdan azadlığı arasındakı münasibət və bu iki prinsip arasında yarana biləcək fikir ayrılıqlarının hansı hüquqi və ictimai meyarlarla həll edilməli olduğu barədə oldu.
Sual: Mərkəz multikulturalizm və dünyəvi təhsil prinsipləri ilə şagirdlərin dini inancları arasında ziddiyyət yarandığı halları necə qiymətləndirir? Dünyəvi qaydalara riayət etməklə insanın vicdan azadlığı hüququna hörmət arasında sərhəd haradan keçir?
Ekspert: İlk növbədə, bir mühüm məqamı vurğulamaq istərdim: dünyəvilik və vicdan azadlığı bir-birinə zidd olan, yaxud toqquşmalı olan prinsiplər deyil. Əksinə, onlar bir-birini tamamlayan və demokratik cəmiyyətin əsasını təşkil edən iki fundamental dəyərdir. Azərbaycan üçün dünyəvilik sadəcə konstitusion prinsip deyil, həm də cəmiyyətimizin tarixi inkişafının, sabitliyinin və müxtəlif dini etiqadlara mənsub insanların birgəyaşayışının mühüm təminatıdır. Dünyəvi dövlət dinə qarşı olan dövlət demək deyil. Əksinə, dünyəvi dövlət hər bir vətəndaşın dini etiqadından asılı olmayaraq bərabər hüquqlara malik olmasını təmin etməyə çalışır. Bu baxımdan, dünyəvi təhsil sisteminin qorunması xüsusi əhəmiyyət daşıyır. Məktəb uşaqların dini mənsubiyyətindən asılı olmayaraq eyni imkanlara sahib olduğu, ortaq vətəndaşlıq dəyərləri əsasında yetişdiyi bir məkan olmalıdır. Eyni zamanda, dünyəvi təhsil prinsipi insanların dini inanclarına hörmətsizlik kimi başa düşülməməlidir. Bizim üçün əsas məsələ bu iki prinsipdən birini digərinə qarşı qoymaq deyil, onların arasında hüquqa, qarşılıqlı hörmətə və cəmiyyətin ümumi maraqlarına əsaslanan tarazlığı qorumaqdır. Konkret məsələlərdə yaranan fikir ayrılıqları da məhz bu yanaşma ilə hell edilmelidir. Azərbaycan multikulturalizminin mahiyyəti də bundadır: fərqlilikləri qarşıdurma səbəbinə deyil, qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyətinin əsasına çevirmək. Dünyəviliyi qorumaqla vicdan azadlığına hörmət etmək arasında seçim etməli deyilik. Biz hər ikisini qorumalıyıq. Çünki Azərbaycanın həm dünyəvi dövlət kimi inkişafı, həm də dini və mədəni müxtəlifliyinin yaşadılması məhz bu prinsiplərin birlikdə təmin olunmasından asılıdır.
Sual: Azərbaycan multikulturalizmi müxtəlif mədəniyyətlərə və dinlərə hörmətə əsaslanan dövlət siyasətinin tərkib hissəsi kimi formalaşıb. Mərkəz dindar insanların hüquqlarının qorunması və dini etiqadlarını sərbəst şəkildə yaşamaq imkanlarının təmin edilməsi baxımından bu prinsiplərin praktikada həyata keçirilməsinə necə töhfə verir?
Ekspert: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə gətirdiyi mühüm yanaşmalardan biri ondan ibarət idi ki, ölkəmizdə dini və milli müxtəliflik cəmiyyəti ayıran deyil, birləşdirən dəyər kimi qəbul edilməlidir. Məhz bu siyasi fəlsəfə əsasında Azərbaycanda dünyəvi dövlətçilik prinsipləri ilə dini və mədəni müxtəlifliyə hörmət arasında qarşılıqlı əlaqə formalaşmışdır.
Mən hesab edirəm ki, dini etiqad azadlığı yalnız insanın hansı dinə inanmaq hüququnun tanınması deyil, həm də onun bu inancı sərbəst şəkildə yaşaya bilməsi, yaxud heç bir dinə etiqad etməmək seçiminə hörmət göstərilməsidir. Burada əsas prinsip dövlətin bütün vətəndaşlara dini mənsubiyyətindən asılı olmayaraq bərabər münasibət göstərməsidir.
Eyni zamanda, çox mühüm bir məqamı unutmamalıyıq: vicdan azadlığı kimi, dünyəvilik də konstitusion dəyərdir. Dini etiqad azadlığına hörmət göstərilməsi dövlətin dünyəvi xarakterindən imtina etməsi demək deyil. Bu azadlığın həyata keçirilməsi digər insanların hüquqları, ictimai maraqlar və qanunvericiliyin tələbləri ilə birlikdə qiymətləndirilməlidir. Heydər Əliyevin multikulturalizm irsinin müasir dövr üçün əsas əhəmiyyəti də məhz bundadır: dövlətin dünyəvi xarakterini qorumaqla insanların dini və mədəni kimliyinə hörmət etmək.
Sual: Dövlət məktəblərində şagirdlərin xarici görünüşünə dair tələblər müəyyən edildikdə, ailənin dini inancları hicab taxılmasını nəzərdə tutursa, bu ziddiyyət necə həll edilməlidir? Belə hallarda qərar qəbul edilərkən hansı prinsiplər üstün tutulmalıdır?
Ekspert: Mən hesab edirəm ki, bu məsələyə ilk növbədə hüquqi dövlətçilik, dünyəvilik və vətəndaşların qanun qarşısında bərabərliyi prinsiplərindən yanaşmaq lazımdır. Dövlət məktəblərində müəyyən edilmiş vahid geyim qaydaları hər hansı dinə və ya dini etiqada qarşı yönəlmiş tədbir deyil. Bu qaydaların əsas məqsədi məktəb mühitində vahid standartların, nizam-intizamın və şagirdlər arasında bərabərliyin təmin edilməsidir.
Unutmamalıyıq ki, Azərbaycan dünyəvi dövlətdir və dünyəvi təhsil sistemi dövlətçiliyimizin mühüm prinsiplərindən biridir. Qanunvericiliklə müəyyən edilmiş qaydalara hörmət etmək isə hər bir vətəndaşın məsuliyyətidir. Dini etiqadından asılı olmayaraq, hər kəs ümumi hüquqi çərçivəyə hörmətlə yanaşmalıdır.
Burada vacib bir fərqi də görmək lazımdır: insanın dini etiqad azadlığı ilə dövlət təhsil müəssisəsində tətbiq olunan geyim qaydaları eyni hüquqi anlayışlar deyil. Vahid məktəbli formasına dair tələbin mövcudluğu özlüyündə vicdan azadlığının pozulması demək deyil.
Mənim üçün əsas prinsip budur: dövlətin dünyəvi xarakterinə hörmətlə insanların dini inanclarına hörmət bir-birini istisna etmir. Məktəb dini qarşıdurmaların deyil, təhsilin, bərabər imkanların və ortaq vətəndaşlıq dəyərlərinin məkanı olmalıdır. Biz həm qanunun aliliyini qorumalı, həm də bu məsələlərin həllində qarşılıqlı anlayışı esas tutmaliyıq.
Sual: Dövlətin dini müxtəlifliyə hörmət siyasəti bəyan etdiyi halda, praktikada insanların dini inanclarına uyğun yaşamaqla təhsil almaq arasında seçim etməli olduqları təəssüratı yaranmırmı? Mərkəz bu cür halları necə qiymətləndirir?
Ekspert: Mən hesab edirəm ki, məsələ heç bir halda insanın dini etiqadı ilə təhsil almaq hüququ arasında seçim etmək məcburiyyətinə gətirib çıxarılmamalıdır. Çünki burada mahiyyət etibarilə bir-birinə zidd olan iki anlayışdan söhbət getmir. Dini və mədəni müxtəlifliyə hörmət cəmiyyətimizin ən mühüm mənəvi dəyərlərindən biridir, təhsil almaq isə insanın ən fundamental hüquqlarındandır. Bu iki dəyəri qarşı-qarşıya qoymaq həm hüquqi, həm də məntiqi baxımdan yanlış yanaşmadır.
Azərbaycan dünyəvi dövlətdir və dünyəvi təhsil sisteminin qorunması dini etiqad azadlığının inkarı kimi təqdim edilməməlidir. Eyni zamanda, dini etiqad azadlığına hörmət də təhsil sistemində qanunla müəyyən edilmiş ümumi qaydaların əhəmiyyətini azaltmır.
Məncə, ən təhlükəli yanaşma bu iki mühüm prinsipi süni şəkildə bir-birinə qarşı qoymaq və cəmiyyətdə mövcud olmayan bir qarşıdurma təsəvvürü yaratmaqdır. Belə yanaşmaların arxasında hər zaman eyni niyyətin dayandığını söyləmək doğru olmaz. Lakin bu mövzudan məqsədli şəkildə qarşıdurma yaratmaq üçün istifadə edilməsi nə dini azadlığa, nə də təhsil hüququna xidmət edir.
Bizim məqsədimiz insanları seçim qarşısında qoymaq deyil, qanunun aliliyini, dünyəvi təhsili və vicdan azadlığını eyni zamanda qorumaq olmalıdır. Çünki sağlam cəmiyyət bu dəyərlərdən birini digərinin hesabına deyil, onların qarşılıqlı hörmət və tarazlığı əsasında inkişaf etdirir.
Təəssüf ki, cavabsız qalan suallarımız
5. 2026-cı ildə institusional dəyişikliklərdən sonra Mərkəzin real səlahiyyətləri nələrdir?
Mərkəzin multikulturalizm sahəsində dövlət siyasətinin həyata keçirilməsi üçün hansı konkret mexanizmləri mövcuddur? Mərkəz ictimai müzakirələr təşəbbüs edə, ekspert rəyləri ilə çıxış edə, normativ aktlara dəyişikliklər təklif edə və ya vətəndaşların dini və mədəni hüquqlarına toxunan münaqişələrin həllində iştirak edə bilərmi?
6. Dövlət məktəblərində hicab məsələsi ilə bağlı Mərkəzin konkret mövqeyi nədir?
Mərkəz dövlət məktəblərində hicab taxılması məsələsi ilə bağlı mövqeyini açıq şəkildə bəyan etməyə və həm dünyəvi təhsil prinsipini, həm də vicdan azadlığını nəzərə alan həll yolu təklif etməyə hazırdırmı? Yoxsa bu məsələni öz səlahiyyətləri xaricində hesab edir?
7. Mərkəzin real səlahiyyətləri və məsuliyyəti nədən ibarətdir?
Azərbaycanda multikulturalizm sahəsində fəaliyyət göstərən Mərkəzin real səlahiyyətləri hansılardır? Onun ictimai problemlərin həllinə təsir göstərmək, vətəndaşların mədəni, dini və dil hüquqlarının qorunmasına töhfə vermək üçün hansı konkret mexanizmləri mövcuddur? Mərkəz baş verənləri sadəcə müşahidə etməklə kifayətlənməyərək, hansı addımları atmaq hüququna və məsuliyyətinə malikdir? Fəaliyyətinin real nəticələri barədə cəmiyyətə hansı məlumatları təqdim edə bilər?
Ümid edirik ki, cavabsız suallarımız da cavabını tapacaq
Təəssüf ki, Mərkəzin qurum olaraq ölkə daxilindəki fəaliyyəti, hüquqi statusu, real səlahiyyətləri və dövlət məktəblərində hicab məsələsinə dair konkret mövqeyi ilə bağlı suallarımıza cavab ala bilmədik.
Ümid edirik ki, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bu suallarımızı cavabsız qoymayacaqdır. Çünki söhbət sıradan bir qurumdan deyil, Ulu Öndər Heydər Əliyevin bütün dünyaya nümunə kimi təqdim olunan multikulturalizm ideyalarının təmsilçisi hesab edilən bir Mərkəzindən gedir.
Və beləbir mötəbər qurum, ölkədaxilində birbaşa qurumu əlaqələndirən məsələlərlə bağlı dünyanın o biri başından reaksiyalar var ikən, susqunluğunu qoruması, istər-istəməz suallar doğurur. Çünkü bütün dünyaya örnək kimi təqdim edilən multikultural ve tolerantlıq ideası modelinin gücü yalnız bəyan etdiyi dəyərlərlə deyil, həmin dəyərlərin təcrübədə necə qorunması və tətbiq olunması ilə də ölçülür.
Biz də bir media qurumu olaraq cavabsız qalan suallarımıza aydınlıq gətiriləcəyinə və Mərkəzin gələcəkdə fəaliyyəti, səlahiyyətləri və qarşıya qoyduğu vəzifələrlə bağlı ictimaiyyətə daha ətraflı məlumat verəcəyinə ümid edirik.
Yazar: Cəmilə Çebotaryova/ Ülkər Fərmanqızı