VOİCEPRESS xəbər verir ki, “Alfred Nobel” qızıl medalı” mükafatı 1997-ci ildə Alfred Nobelin şərəfinə Rusiya Təbiətşünaslıq Akademiyası və Avropa Elm Mərkəzi tərəfindən təsis edilib və Rusiya Təbiətşünaslıq Akademiyası rəyasət heyətinin qərarı ilə ixtiraçılığın inkişafına töhfələr verən alim və mütəxəssislər təltif olunur.
Məlumat üçün bildirək ki, ötən müddət ərzində bu medal elmdə alınan əsaslı nəticələrə və bu nəticələrin tətbiqlərinə görə 120 postsovet və avropa aliminə verilmişdir. Onlardan biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat və informatika fakültəsinin Hesablama riyaziyyatı və informatika kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru, dosent Rövşən Hümbətəliyevdir. Belə ki, dosent Rövşən Hümbətəliyev riyaziyyat sahəsində aldığı nəticələr və bu nəticələrin tətbiqləri nəzərə alınaraq “Alfred Nobel” qızıl medalı” ilə təltif edilib. Qeyd edək ki, dosent R.Hümbətəliyev bu medalla təltif olunan ilk azərbaycanlı alimdir.
Bundan başqa, dosent R.Hümbətəliyev son beş ildə informatika və kompüter elmləri sahəsində apardığı araşdırmalar və müəllifi olduğu dərs vəsaitlərinə əsasən Rusiya İnformatika-Təhsil Akademiyasının həqiqi üzvü seçilib. Onu da bildirək ki, R.Hümbətəliyev həmin akademiyaya üzv seçilən ikinci həmyerlimizdir. Rusiya İnformatika-Təhsil Akademiyasına ilk dəfə 1999-cu ildə ADPU-nun tarix fakültəsinin Ümumi pedaqogika kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Hüseyn Mustafa oğlu Əhmədov seçilmişdir.
Dosent Rövşən Hümbətəliyev, həmçinin Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2016-cı ildən isə Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü seçilib. Bundan başqa o, beynəlxalq “Caspian Journal of Aplied Mathematics, Economics and Ecology” jurnalının redaksiya heyətinin üzvüdür.
Rövşən müəllimi uğurları münasibətilə ürəkdən təbrik edir, cansağlığı və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
VOİCEPRESS.AZ