Buça hadisələrindən sonra ABŞ Rusiya prezidenti Vladimir Putinin qızlarını və iki Rusiya bankını sanksiya siyahısına salıb və bu ölkəyə yeni investisiyaların qoyulmasına qadağa qoyub.
Voicepress.az xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamada Ukraynanın Buça şəhərində yüzlərlə mülki şəxsin cəsədinin tapılmasından sonra G7 və Avropa Birliyi ilə koordinasiyalı şəkildə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edildiyi açıqlanıb.
Müvafiq olaraq, Rusiyanın ən böyük maliyyə qurumu Sberbank və ölkənin ən böyük özəl bankı Alfa Bank-ın daha əvvəl ABŞ-ın sanksiyalar siyahısına daxil etdiyi bütün aktivləri dondurulub.
Rusiya dövlətinə bağlı mühüm müəssisələrin də əmlakı dondurulmuş və bu müəssisələrlə kommersiya əlaqələri qadağan edilmişdir.
Sanksiyalara Rusiya elitası və onların ailələri, həmçinin Putinin iki qızı, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun arvadı və qızı, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev və baş nazir Mixail Mişustin daxildir.
Bundan əlavə, sanksiyalara əsasən, ABŞ Maliyyə Nazirliyi Rusiyaya ABŞ-ın yurisdiksiyasındakı vəsaitlərlə borc ödəmələrini qadağan edib.
Yeni sanksiyalar çərçivəsində Rusiyadakı bütün investisiyalar da qadağan edilib.
Xatırladaq ki, aprelin 1-də Ukraynanın paytaxtı Kiyev yaxınlığındakı Buça şəhərini rus qoşunlarından azad edən Ukrayna ordusu binaları dağıdılmış, küçələri meyitlərlə dolu şəhərlə qarşılaşıb.
Kiyev yaxınlığında azad edilmiş yaşayış məntəqələrində 410 mülki şəxsin cəsədi tapılıb.