Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman vurğulayır:
"Təhsil hər bir ölkənin gələcəyidir... Biz insan kapitalını inkişaf etdirməliyik. Bunun üçün isə təhsilin səviyyəsi yüksək olmalıdır və hər bir gənc təhsil almaq imkanına malik olmalıdır."
Ölkə rəhbərinin də dəfələrlə bəyan etdiyi kimi, gənclərimizin milli-mənəvi dəyərlərə, savada və elmə yiyələnməsi dövlət siyasətinin prioritetidir.
Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində açıq-aşkar təsbit edilib: "Hər bir vətəndaşın təhsil almaq hüququ vardır."
Bununla yanaşı, "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi dövlətin hər bir vətəndaşın təhsil alması üçün bərabər şərait yaratdığını və heç bir halda ümumi təhsildən məhrum edilməsinə yol vermədiyini bildirir:
Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, sosial vəziyyətindən və mənşəyindən asılı olmayaraq hər bir vətəndaşa ümumi təhsil almaq imkanı yaradır.
Təhsildə hər növ ayrı-seçkiliyə yol verilməməsinə tam təminat verilir.
Məktəb yaşlı qız uşaqlarının geyiminə və ya baş örtüyünə (hicaba) görə təhsildən kənarlaşdırılması, qapıdan geri qaytarılması və ya psixoloji təzyiqə məruz qoyulması nəinki onların gələcəyinə vurulan zərbədir, eyni zamanda ölkə qanunvericiliyinə və konstitusion hüquqlara zidd bir haldır.
Məktəbli forması ilə bağlı daxili qaydalar və nizamnamələr heç bir halda Konstitusiyadan və Qanundan üstün ola bilməz. Heç bir bəhanə bir uşağın savadlanmaq, cəmiyyətə faydalı bir fərd kimi yetişmək hüququnu əlindən ala bilməz. Qızlarımızın təhsildən yayındırılması deyil, onların oxuması, inkişaf etməsi və gələcəyimizi işıqlandırması üçün şərait yaradılmalıdır.
Onu da qeyd edim ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və Seyid Yəhya Bakuvi Beynəlxalq Konfransında Türk dünyası, Qafqaz və İslam aləmi arasında birliyin möhkəmləndirilməsinin vacibliyini vurğuladı.
Dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan xalqı Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi dahi şəxsiyyətləri ilə fəxr edir. Onların yaratdığı irs təkcə Azərbaycan üçün deyil, bütün İslam dünyası üçün böyük dəyərdir.
Prezident ölkəmizin İslam mədəniyyəti ilə fəxr etdiyini deyərkən, təəssüf ki, reallıqda fərqli mənzərə görürük. Azərbaycanda hicablı qızlar məktəblərdən qovulur, hicablı müəllimlərin məktəbə gəlməsinə qadağa qoyulur. Onlara "ya başını aç, ya da gəlmə" deyilir.
Sual yaranır: Əgər biz Seyid Yəhya Bakuvi kimi övliyaların, Nəsimi kimi ariflərin varisi olduğumuzu deyiriksə, onların yolunu davam etdirən, İslam dəyərlərinə sadiq qızlarımıza qarşı bu aqressiya niyədir?
Prezident Türk-İslam birliyindən, mənəvi dəyərlərdən danışırsa, aşağıda məktəb direktorları bu birliyə zidd addımlar atırsa, bu dövlət siyasətinə uyğun gəlirmi?
Azərbaycan xalqı dindar xalqdır. Hicab terror deyil, əxlaqdır, mədəniyyətdir. Məktəbli qızın hicabına görə təhsildən məhrum edilməsi nə dünyəvilikdir, nə də Prezidentin dediyi İslam həmrəyliyi ilə bir araya sığır.
Yazar: İsgəndərova Aysel
VOİCEPRESS