“Azərbaycanın COP29-a ev sahibliyi etməsi bir sıra Qərb ölkələrində qısqanclıq yaradıb”

3 İyun, 12:39

“Bəzi Qərb ölkələri Azərbaycanın uğurlarını qəbul etmək istəmir. Son zamanlar  Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi bir sıra Qərb ölkələrində qısqanclıq yaradıb”. Bu fikirləri saytımıza Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib.

Asif Əsgərli deyib ki, erməni lobbisi də bu tədbirə qarşı öz qara kampaniyasını aparır: “Məlumdur ki, erməni lobbisini ideoloji olaraq ABŞ-dan Amerikanın Erməni Milli Komitəsi (ANCA) idarə edir. Bu təşkilatın ətrafında 60-dan artıq ABŞ konqresmeni toplaşıb. Elə məhz onlardan 26 nəfəri mayın 13-də ABŞ Dövlət katibi Antoni Blinkenə və ABŞ Prezidentinin baş müşaviri John Podestaya məktubla müraciət edərək, Azərbaycanın COP29-a sədrliyini əsassız və absurd ittihamlarla qaralamağa cəhd ediblər. Bu kimi addımın atılacağı gözlənilən idi. Xüsusən Vətən müharibəsindən sonra ABŞ konqresmenləri dəfələrlə ABŞ prezidenti və dövlət katibinə Azərbaycanla bağlı belə qaralama məktubları göndəriblər. Bu məktublarda hər dəfə onlar yalanlar uydururlar. Əlbəttə ki, bütün bu müraciətlər erməni lobbisinin sifarişi olaraq yerinə yetirilir. Bu konqresmenlər hələ də anlamır ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsini rəsmi Ağ Ev alqışlayıb və dəstəkləyib.

Maraqlıdır ki, bundan sonra mayın Paris Şəhər Şurası Azərbaycanın COP29-a ev sahibliyini boykot etmək barədə qərar imzalayıb. Dünyada iqlim dəyişikliyi baş verir. Belə bir vaxtda Fransa qlobal miqyaslı tədbiri boykot etməklə özünün beynəlxalq aləmdə çəkisini və nüfuzunu daha da azaldır. Prezident İlham Əliyev bildirib ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur: “Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi… Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar”. Əlbəttə ki, ABŞ konqresmenlərinə, erməni lobbisinə və elə Fransaya ən yaxşı cavab Azərbaycanın COP29-u yüksək səviyyədə keçirməsi olacaq”.