Sən hardasan Çiçero?

11 May, 12:39

Yox yox, bu məşhur Romalı siyasətçi və filosofdan bəhs etməyəcəm. Hətta onun bu anda bizə ən lazımlı olan, „Bir yerdə həyat varsa orda ümid də vardır“, sözünü də şərh etməyə çalışmayacağam. Mənim çağırdığım və sizlərin hüzuruna gətirmək istədiyim Çiçero almanların əhəmiyyətli mədəniyyət və ədəbiyyat jurnallarından biri olan “Çiçero”dur. Bu aralar Şərq ədəbiyyatına o qədər də üz verməyən “Çiçero” öz dərdiylə məşğulmuş. Ən son “Yazın sürətiylə” (Mit der Geschwindigkeit des Sommers, 2009) romanıyla alman oxucularının diqqətini çəkən yazıçı və tərcüməçi Yulya Şox (Julia Schoch ) “Çiçero” jurnalı üçün gözəl bir məqalə yazandan sonra  “Çiçero”nun dərdindən xəbərdar olabildik.

Yulya Şox, “Nə üçün Ədəbiyyatın Böhrana Ehtiyacı var” başlıqlı məqaləsində Qərb ədəbiyyatının nə üçün və niyə yoksullaşdığını,  gücünü itirdiyini izah edir.

Əslində Yulyanın məqaləsinin başlığında yazılan, “Banklar iflas edirlər, iş yerləri bağlanır, insanlar işsiz qalırlar, satılan kitab sayı azalır, nəşriyyatçılar daynamadan şikayətlənirlər,” sözləri onun məqaləsinin içində itib-batır.

Məqaləni bütöv oxuduğunuz zaman anlayırsan ki, bütün bu iqtisadi böhranlar Yulyanın heç vecinə də deyil. Yulyanın dərdi insanın dünyasındaki yoxsullaşmadır. Məsələn, “Divarlı zamanı yaşamamış bir yazar yaxşı yazar deyil,” yazmasının səbəbi də budur. Çünki Qərb dünyası Sovet hakimiyyəti çökənə qədər divar və qadağalardan həm yaxşı bir ədəbiyyat yaratmağı, həm də böyük pullar qazanmağı bacardı. Məşhur “007 James Bond” filmləri də bu ədəbiyyatın reklam bölümləri idi. Təbii ki, Sovet hakimiyyəti də eyni yolu izləyirdi və onların filmlərinə, romanlarına görə Amerika və Qərb dünyası yerlərdə sürünürdü.

Yulya bütün bu kompleks qaralamalardan, təbliğatlardan sonra həll edilən, yox olan bir dünyanın zərərçəkənlərini axtarıb tapır, onları deşifre edir. Məsələn Praqalı sürgün rəssam Sabina, Milan Kunderanın ” Mövcudluğun dayanılmaz yüngüllüyü” romanından öz divarının öhdəsindən gəlməyi öyrənir. Amma İsveçrədə keçirtdiyi dörd illi sürgün həyatından sonra daşımaq məcburiyyətində olduğu heç bir yükün qalmadığını dərk edir. Nə istəyirsə edə bilir. Məsələn, sevgilisini, təqib olunmaq və intiqam alınma qorxusu olmadan tərk edə bilir. Ayrıca, azadlığa qaçışında sonra ağır həyat şərtləri və siyasi günahlandırmalar ortadan qalxır. Sonra insan, ölkəsi, ailəsi, eşqi haqqında danoslar yaza bilər. Amma ölkə, ailə, eşq yoxsa nə edəcəksən? Kimin haqqında yazacaqsan danosu? Maraqlı və ağrı verici bir itki deyilmi?

Budur, Sabinanın birdən hiss etdiyi və fərqində olduğu dərin, sərhədsiz bir boşluqdur. Bir psixiatr bu vəziyyəti, keçmiş və yox olmağın qısqacında qalmış bir insanın həyat boyu davam edən melanxoliyası olaraq təyin edir.

Yulya soruşur. Bəs Sabinanın bu qorxusu, bu hüznü, bu təkliyi bizlərə tanış gəlmirmi? Çətinliklərdən boşluğa, qələbəliklərdən təkliyə, həbsxanalardan azadlığa keçiddə nələr itirir insan? Dəyişən dünyalar, dəyişən yazılar, ailələr, ətraf, insanlar, birdən birə yox olan sistemlər, diktatorlar və boşluq … Bu boşluqda nəyin ədəbiyyatını yazacaqsan?

“Bütün zəncirlərdən xilas olmaq…” Bu nə deməkdir? Təcrid (izolyasiya) olmaq mı? Bu təcrübə yalnız siyasi sistemlərin dəyişməsiyləmi ortaya çıxdı? Yoxsa başqa səbəblər var? Dəyişən sərhədlər? Dəyişən, kövrəkləşən həyat hekayələri? Amma zamanın divarı hər yerdə özünü göstərmirmi?

Jonathan Franzen  (Harper ‘s Essay!), yazısında “Nə üçündür bu çabalamaq?” Deyə qışqırarkən, sürətlə inkişaf edən və dəyişən ünsiyyət dünyasının da Qərb insanının təkliyi, təcriti üzərindəki təsirini sorğulayırdı. Əvvəllər qarşılaşmalarda doğan anlaşılmazlıqlar indi tənhalıqlar və özünü cəmiyyətdən soyutlamaqla ortadan qalxırdı. (Klassik cəmiyyət romanlarının təməli olan hadisələr.) Artıq çox normal birliklər belə unudulub təklik və ünsiyyətsizlik seçilərkən bütün bağlardan xilas olan insan dünya səthində daha da kiçilərək görünməz hala gəlirdi.

Amma bütün bu mənfiliklərə baxmayaraq Yulya öz dünyasını yazıq rəssam Sabinanın dünyasına bənzətmək istəmir və belə yazır :

“Öz gələcəyimi yazmaq istədiyim zaman Sabinanın sindromunu yaşamayacağam. Mən uçarlığı seçəcəyəm. Uçarılık əslində bir az da yazını təyin edənlərə görünməmək deməkdir. Yazıdan bizə qalan təcrübə insana qumarxana içində yaşamağı da öyrədir. Mən orda oynanan, arada bir məntiqə da sahib və içinə sızılmaz qanunları olan ruleti sevirem. İnsan zamanla o qumarxanadakı masaların birinin müdavimi olur və orda olan, artıq dəbdən düşmüş insanların üzlərindəki çarəsizliyi və gözlərindəki işıltını anlaya bilir ….

Kiçik bir miniatür həyatı bizə qalsa da çox köhnə bir sürünən və ya işə yaramaz bir keşiş kimi uzaqdan da olsa köhnə təcrübələrimizi yenidən yaşamağa çalışırıq. ”

Dəyişən sərhədlər, yıxılan sistemlər, dağılan həyatlar və kiçilən insan … Bu dağınıqlıq və kiçiklikdə Yulya kimilərin olduğu kimi bizim də işimiz olduqca çətindir. Amma məncə ədəbiyyat o qədər zəngin və ovsunlayıcı bir dünyadır ki, həyatın hər nöqtəsində mütləq qarşımıza çıxacaq və həyatla insan nə qədər kiçilirsə, kiçilsin onları izah etməyə davam edəcək. Bu aydınlaşdırma və axtarışlar zamanı  Ömər Xəyyam da bizləri tək buraxmır əlbəttə…

Gün doğularkən səhər xoruzları nə üçün

Acı -acı bağrışırlar, bilərsənmi?

Dan yerini göstərib deyəcəklər sənə:

Bir gecən keçdi gedir, sən hardasan?

\voicepress.az\