Əməkdar artist Rasim Cəfərovla uzun müddətdir müsahibə planlaşdırsam da iki il ərzində həyatımıza girən “ölü dövr” buna mane olurdu. Pandemiya dövrü başa çatdı və biz şeytanın qıçını sındırıb Köhnə Bakının dar küçələrindən birindəki kafenin terasına çəkilib, Voicepress.az üçün çəkilişləri bu yaxınlarda yekunlaşan “Çılpaq” filmindən danışdıq. Filmə baxmadan film haqqında söhbət etmək nə qədər çətin olsa da çəkiliş proseslərindən danışmaq da bir o qədər maraqlıdır.
– “Çılpaq” necə oldu ekrana daşındı?
-Filmin ideyası, eyni zamanda ssenarisi aktyor Hikmət Rəhimova məxsusdur. Hikmət bir gün mənə filmin ssenarini göndərdi. Fikirlərimi öyrənmək istəyirdi. Ssenarini oxudum bəyəndim. Sonra ssenari ətrafında müzakirələrimiz oldu. Hər dəfə müzakirədən sonra Hikmət ssenarini dəyişir daha da təkmilləşdirirdi. Hikmətin rejissor olaraq ilk tammetrajlı filmidir və o çox istəyirdi ki, bu filmi çəksin. Mən də bir tərəfdən onu ruhlandırırdım. Elə oldu ki, ssenarini İctimai Televiziyaya təqdim etdi. Orda da bəyənildi və filmin maddi dəstəyini İctimai Televiziya öz üzərinə götürdü.
-Dostunuz olduğu üçün onu ruhlandırırdınız yoxsa ssenaridə doğurdan da bir işıq görürdünüz?
– Ssenari doğurdan da çox maraqalı idi. Bu filmi maraqlı edən detallardan biri də mövzunun qeyri-ənənəvi olmasındadır.
– Bildiyim qədərilə filmin elə böyük büdcəsi yoxdur. Az büdcə ilə keyfiyyətli iş ortaya qoya bilmək üçün rejissordan həm də “sehirbazlıq” tələb olunur. Hikmət bunun öhdəsindən gələ bildimi?
– Sözün açığı filmi hələ görməmişəm. Amma sosial şəbəkələrdə filmlə bağlı şəkillər paylaşırıq və reaksiyalar inanılmaz dərəcədə yaxşıdı. Mən Hikmətə çox inanıram. İnanıram yaxşı film alınıb. Çünki komandada hamı çalışırdı ki, flm yaxşı alınsın. Hikmət filmin rejissoru olsa da çəkiliş meydançasında tək rejissor deyildi. Həm filmdə rolu var, bundan başqa, Hikmət çəkiliş meydançasında demək olar hər işə qaçırdı. Filmin hardasa 60-70% yağışlı səhnələrdir. Ona görə yanğınsöndürən maşınların köməyindən istifadə etməli olurduq. Başqa cür mümkün deyildi təbiətə müdaxilə etmək olmur (gülür). Bax həmin yağışlı səhnələrin çəkilişlərində çox vaxt “yağışı” Himət özü yağdırırdı.
– Çəkiliş proseslərində hansı çətinlikləriniz olurdu?
– Həm fiziki, həm texniki, həm də səhnənin yükü baxımından olduqca ağır çəkilişlər idi. Filmi 8 gün dayanmadan çəkdik. Əsasən texniki mənada da çox çətinliklərimiz olurdu. Yağış səhnələri zülüm idi (gülür). Çəkilişlər soyuq havada baş tuturudu. İndi təsəvür edin də. Soyuq hava, üstünə səpilən soyuq su… Filmdə istifadə olunan təcili yardım maşını texniki baxımdan yaxşı vəziyyətdə deyildi. Ən pisi isə maşının “mexanika” olması idi. Mən də “mexanika” maşın sürməkdə çətinlik çəkirəm. Əməlli başlı zülüm çəkdim (gülüdü). Çəkilişlərin sonuna yaxın da maşını vurdum. Çəkilişlər olduqca narahat bir yolda gedirdi. İşlək yol olduğu üçün bizə çətinlik yaradırdı. Avtomobilin içində çəkiliş gedirdi. Qəfil qarşıma daş daşıyan yük maşını çıxdı mən tez maşını döndərdim və gedib çırpıldım ağaca.
– Çəkiliş zamanı avtomobil qəzası işinizi ləngitmədi?
– Xoşbəxtlikdən yük maşınına çırpılmadım. Yoxsa hər şey məhv olardı.
– Bir-birinizin yaradıcılığına uzun illərdir bələdsiniz, amma Hikmətin rejissor olaraq ilk işi idi. İlk dəfə film çəkən rejissorun filmində oynamaq da özü bir risk tələb edir. Heç tərəddüdləriniz oldumu?
– Hikmət çox yaxşı aktyordur. Azərbaycanda barmaqla sayılacaq beş aktyordan biridir. O barədə mən onun zövqünə çox inanırdım. İnanırdım ki, o yaxşı iş ərsəyə gətirə biləcək. Biz Hikmətlə filmin çəkilişlərinə qədər dəfələrlə görüşüb uzun-uzadı müzakirələr etmişdik və mən artıq bilirdim o nə istəyir. Mənim belə bir xüsusiyyətim var. Əgər aktyor olaraq hansısa bir işə razılıq vermişəmsə artıq bu o rejissora inanıram deməkdir və özümü tamamilə rejissora həvalə edirəm.
– Belə bir fikir var ki, ən yaxşı rejissorlar aktyorlardan olur.
– Amma düşünürəm bu da mütləq deyil. Çünki elə mükəmməl rejissorlar var ki, onun akrtyorluqdan anlayışı yoxdur. Amma yaxşı filmlər çəkir. Doğru istiqamətləndirə bilir. Yaxşı rejissor komandir kimidir. Aktyora doğru tapşırığı verə bilən rejissor ən yaxşı rejissordur. Hikmətin üstünlüyü odur ki, aktyor kimi bütün səhnəni, aktyorun səhnədə yerini hiss edə bilir.
– Tez-tez sosial şəbəkədə çəkilişdən fotolar paylaşırsınız. İçi mən qarışıq hələ heç kim tuta bilməyib ki, filmdə söhbət nədən gedir. Tamaşaçını sözün əsl mənasında intizarda saxlamağı bacarmısınız. Amma mən bir balaca qaydaları pozmağı istəyəcəm sizdən. Filmdə söhbət nədən, kimlərdən gedir?
– Süjeti bütövlükdə danışa bilmərəm. Amma filmin mahiyyətini tam açmamaq şərtilə kiçik ipucu verə bilərəm. Əvvəlcə onu qeyd edim ki, bu filmdə olan bütün obrazlar həyatın dibində olan insanlardır. Belə deyək də yanından gündə yüz dəfə ötüb keçdiyimiz, amma fikir vermədiyimiz insanların hekayəsindən bəhs edir film. Tamaşaçı orda bir nəfər də işıqlı sima, pozitiv insan görməyəcək.
– Bir sözlə həyatın reallığını ekrana daşımızınız və biz filmə baxanda “Axı bu kinodu” deyə bilməyəcəyik.
-Bəli. Filmdə ümudverici heç nə yoxdur. Amma bu o insanların, kənar məhəllələrdə, yaddan çıxan insanların reallığıdır. Filmin qısa süjeti belədir. Qonşuda bir nəfər iki-üç gündür rəhmətə gedib heç kimin xəbəri olmayıb. Rəhmətə gedən kişinin də ruhi xəstə bir oğlu var, həmin ruhi xəstəni də Hikmət özü oynayır. Qonşuluqda yaşayan Sabir duyuq düşür ki, kişi ölüb. Rəhmətə gedənin oğlu ilə birlikdə kişini maşına qoyub dəfn etmək üçün yer axtarırlar. Bütün qəbiristanlıqları gəzirlər. Filmdə cərəyan edən hadisələrin hamısı da yolda baş verir.
-Sizin oynadığınız obrazdan danışaq bir az. Sabir necə insandır?
– Sabir haqqında Hikmətlə çox danışırdıq. Hətta Sabir obrazını Hikmət mənə təklif edəndə ondan soruşdum ki, əminsən məni bu obrazda gördüyündən. Dedi, əminəm və istəyirəm bu rolu sən oynayasan. Mən ssenarini oxuyanda Sabiri daha yaşlı, sınmış, əzilmiş yaxşı görünən, amma əslində yaxşı olmayan insan kimi təsəvvür edirdim.
– Mənfi obrazdır?
– Sabir hər şeydə öz xeyirini güdən bir obrazdır. Həyatda o qədər pis şeylər görüb ki, bu adam artıq bacardıqca hardan nə qopartsa qənimət bilən insandır.
– Saçlarınızı keçəl qırxdırmısınız filmə görə. Bu rejissorun fikri idi yoxsa sizin?
– Saçımı keçəl etmək mənim fikrim idi. Obraz elə bir obrazdır ki, mənim görünüşüm tamamilə dəyişilməliydi filmdə. Bunun da bir yolu var idi. Mən keçəl olmalıydım. Uğurlu oldu. Mən o filmdə həqiqətən də özümə heç bənzəmirəm. Özüm də özümü tanımıram (gülür). Hikmətə saçlarımın keçəl olmasını deyəndə gördüm o da eyni şeyi düşünüb, amma mənə təklif etməkdən çəkinib.
– Niyə?
-Maliyyə az olduğu üçün fikirləşib ki, birdən mənə hansısa bahalı, daha gəlirli layihə təklifi gələr və bu görünüş mənə maneə yaradar. Mən bu sözü eşidəndən sonra daha da qətiləşdirdim fikrimi. Dedim keçəl edək saçlarımı. Bu film Hikmət üçün nə qədər əhəmiyyətli idisə mənim üçün də bir o qədər əhəmiyyətli idi. Ona görə yox ki, Himət mənim dostumdur. Ona görə ki, ortada doğurdan da keyfiyyətli sənət işi var idi.
– Yadıma elə sizin də çox bənzədiyiniz məhşur aktyor Endri Brodinin müsahibəsindən bir fikri düşdü. O, deyirdi ki, yalnız iş görmək xatirinə, pul qazanmaq məcburiyyətində olmadığım və özümü bundan qoruduğum üçün çox şanslıyam.
– Mən sənət baxımından tutarlı iş ərsəyə gətirmək istəmişəm hər zaman. Ola bilər ki, bu film kassalarda rekord qırmasın, gəliri olmasın. Amma mən həmişə özümü xoşbəxt hiss edəcəm ki, daha bir kefiyyətli işdə adım oldu
– Hikmətlə çəkiliş meydançasında münasibətləriniz daha çox hansı müstəvidə idi: rejissor-aktyor, yoxsa iki dost.
– Mən hər çəkilişdən əvvəl Hikmətə dönə-dönə deyirdim ki, biz həyatda dost, sənət yoldaşı olsaq da çəkiliş meydançasında yalnız rejissor-aktyoruq. Bütün şəxsi münasibətləri bir kənara qoy və filmə fokuslan. Sən rejissorsan mən sənin filmində aktyor. Mən sənə inanıram və sənə arxayınam. Rusların məşhur bir sözü var “İş işdir, dostluq dostluqdur”. Biz Hikmətlə o cür işlədik.
– Çəkiliş meydançasında gərginlik olurdumu və əsasən nədən qaynaqlanırdı bu gərginlik?
– Rejissor-aktyor arasında heç bir gərginlik olmadı. Çünki Hikmətin aktyor seçimi həqiqətən də mükəmməl idi və komandada gərginliyə səbəb olacaq aktyor yox idi. Ayşad Məmmədov, Azər Aydəmir, Elşən Əsgərov, Elşən Rüstəmov Cavanşir Məhərrəmov, Rüstəm Rüstəmov, Vaqif Kərimov. Bu aktyorların hər biri peşəkar aktyorlar idi və konfliktsiz adamlar idi. Ona görə aktyorlar arasında, rejissor- aktyor arasında heç bir gəginlik olmadı. Gərginlik daha çox texniki baxımdan olurdu. Gah hava qaralırdı çəkiliş alınmırdı, gah su yaxşı vurmurdu yağışlı səhnəni çəkmək istəyəndə istədiyimiz effekti ala bilmirdik. Vaxt az idi hər şeyi çatdırmağa çalışırdıq bu zaman darlığı bizi gərginləşdirirdi. O da düşünürəm normaldır olmalıdır.
-Sabirin təsindən çıxıb real həyata qayıtmaq çətin olmadı ki?
– Bizdə şablon olan söz var; rolu yaşamaq. Yaxud da deyirlər yaxşı oynamaq. Mən 2008-ci ildə Rusiyada filmə çəkiləndə orda müəyyən aktyor kurslarına qatılırdım. Rejissorlardan birindən bir cümlə eşitdim. O cümlə mənim aləmimdə hər şeyi dəyişdi. Həmin fikir Stansliavskidə də var, amma onu bizə doğru çatdıra bilməyiblər. Həmin rejissor deyirdi ki, nə oynamaq lazımdır, nə yaaşamaq. Təbii var olmaq lazımdır. Mən Sabiri oynayıramsa beynimə Sabir olduğumu yeritməli deyiləm. Bu düz deyil. Obrazı oynayarkən özünü unutmalı deyil aktyor. Bu insan olaraq aktyora çox pis təsir edir. Sonra insan xəstə olar. Aktyorluq həyat deyil peşədir. Onun da öz qaydaları var. Bu sənin peşəndir və hisslərinlə oynamağı bacarmalısan. Stansilavski deyirdi ki, əgər sən idarəetməni itirisənsə deməli peşəkar deyilsən. Məndə o baxımdan bu hallar baş vermir. Obraz mənim həyatımda ancaq sənət baxımından iz buraxır.
-Al Paçino müsahibələrinin birində deyird ki, ilk dəfə danışa bildiyimi hiss etdiyim yer səhnə olub. Olubmu ki, real həyatda deyə bilmədiyiniz fikirləri oynadığınız obrazın vasitəsilə çatdımsınız?
– Al Paçino sevdiyim aktyorlar arasındadır. Onun sözündə həqiqət var. Mən də həqiqətən səhnədə hiss etdim ki, danışa bilirəm. Çünki əvvəllər çox utancaq olmuşam. Robert De Niro da bu fikrə bənzər fikir söyləyib. Deyəsək əksər aktyorlarda belədir. İnsan bir üzlü deyil. İnsanın içində bütün rənglər var. Sadəcə sən hansı rənglə daha çox işləyirsənsə o rənglər daha çox gözə çarpır. Amma aktyor peşəkarlığı ondadır ki, istədiyi rəngi istədiyi yerdə istifadə edə bilir. Mən xəsis obrazı oynayıramsa özümün xəsis tərəfimi, yaltağı oynayırmasa yaltaq tərəfimi, mərd adamı oyanıyarmsa mərd tərəfimi qabardıram və s. Bir də belə bir söz deyim Bəzən olur adamın içində qəribə hisslər olur. “Desəm öldürərlər, deməsəm ölləm kimi bir şey”. Onu hansısa obraz vasitəsilə necəsə dilinə gətirib deyirsən və ondan azad olursan rahatlaşırsan. Məndə demək olar ki, hər oynadığım rolda hansısa daxili problemimi həll edirəm. Qoymuram o problem məni məhv etsin.
-Sabirdə hansı tərəfinizi qabartmısınız maraqlıdır?
-Sabir xeyirxah adam kimi görünür, amma sonda əsas məqsədləri üzə çıxır. Sabirdə xəbis tərəfimi qabartmışam (gülür). Sabirin çox murdar tərəflərini həm fiziki həm mənəvi anlamda çalışmışam göstərim. Nə dərəcədə alınıb onu tamaşaçılar deyəcək.
– Aktyor olaraq obraza hazırlaşmaqa üçün hansısa bir metodunuz var?
– Məndə daha çox belə metod var. Oynadığım obrazı bir müddət həyat tərzimə çevirirəm. Daha çox düşünürəm. Obrazın plastikası ilə hərəkət etməyə başlayıram. Getdiyim hər yerdə onu axtarıram.
-Özünüzdən Sabirə nə isə qatmısınız yoxsa ssenaridə nə var odur?
-Əlbəttə bunsuz mümkün deyil. Hərdən mənə sual verirlər ki, hansı obraz sizin üçün daha doğmadır. Deyirəm vallah bilmirəm. Çünki bütün obrazlarımda məndən bir şey var. Sabir obrazında da məndən nələrsə var. Hikmət üçün belə bir qayda yox idi ki, ssenaridə necə yazılıbsa elə də olmalıdır. Onun üçün olması vacib olan şey arientillər idi.
– Həyatda Sabir kimi insanlarla rastlaşmısınız heç?
– Bəlkə də yüz dəfə çıxıb qarşıma. Hamımızın qarşısına mütləq bir Sabir çıxır, amma hekayəsini bilmirik. Məsələn bundan əvvəl çəkildiyim “Əlvida Şmidt” filmi var idi. Mən orda taksi sürücüsü idim. Həyatımda o qədər elə taksi sürücüsü görmüşdüm ki, mənim üçün obrazı oynamaq daha rahat idi. Əlimdə material çox idi. Xırdalanda yaşayıram hər gün taksi ilə gedib- gəlirdim. Müşahidə edirdim bütün sürücüləri. Amma bu filmdəki Sabir obrazı ilə həyat yollarım kəsişməyib. Filmin çəkilişi zamanı gözüm daha çox axtarırdı Sabiri.
– Fotolardan belə bir nəticəyə gəlmək olur ki, filmin atmosferi çox ağırdı.
– Əslində biz filmdə çalışmışıq hər şey daha təbii olsun. Elə də olub. Filmdə təbii olmayan yeganə şey yağışdı (gülür). Amma filmin mövzusu, əhvalatları, insanların ab-havası, ümumiyyətlə prosesin özü o qədər solğun idi ki, ona görə də filmdə əlavə rənglərə yer qalmırdı.
– Bu cür ağır atmosferi olan film tamaşaçını yormayacaq?
– Ola bilər ki, kassaları partlatmasın. Amma sənət var burda. Biz kommersiya filmi çəkməmişik. Bu filmə sadəcə baxmaq istəyən gəlib baxacaq. Bəyənən də olacaq, bəyənməyən də. Bu normaldır.
-Filmin ekrana çıxmayacağı ilə bağlı söz-söhbət gəzir. Belə bir ehtimal varmı?
– Bu söhbəti kim buraxıb bilmirəm. Elə bir şey yoxdur. Filmin artıq çəkilişləri başa çatıb montaj prosesi də yekunlaşmaq üzrədir. İctimai Televiziyada yayımlanacaq.
-Bizim incəsənət mühitində sənətdən çox şəxsi münasibətlərə köklənmə sindomu var. Yaxşı bir iş şəxsi münasibətlərə görə çox amasız şəkildə yerdən-yerə vurulur. Bu hallar sizi bir sənətçi olaraq təsirləndirirmi?
– Bu məni həqiqətən həmişə düşündürən və dərindən sarsıldan bir problemdir. Xüsusilə köhnə nəsilin yeni nəsilə münasibəti birmənalı deyil. Bu gün aktyor yetişmir, rejissor yetişmir, kino yaranmır deyirlər. Amma mən deməzdim ki, aktyor yetişmir, kino yaranmır. Hətta deyərdim yaxşı aktyor, yaxşı rejissor yetişdirəcək mühitin olmamasına rəğmən heç də keçmiş nəsil sənətkarlardan zəif olmayan aktyor, rejissor yetişir və çox böyük bir fərq var; indiki nəsil özü-özünü yetişdirir. Çünki bizdə o mühit yoxdur. Aktyor kimi inkişaf etməyim üçün nə teatrlarda, nə kinostudiyalarda şərait yoxdur.
Bəzən “İndi Azərbaycanda köhnə filmlər kimi filmlər çəkilmir. Heyf deyildi sovet dövrü” deyənləri görəndə əsəbləşirəm. Sovet dövründə ilə 3-4 film çəkilirdi. Amma tamaşaçı uzaq başı 20-30 film adı xatırlayır. Ən yaxşı film olaraq 20 filmin adını ancaq çəkə bilərsən. Halbuki 300-dən çox film çəkilib həmin dövrdə.
-Necə düşünürsünüz, “Çılpaq” tamaşaçını təəccübləndirə biləcək?
-Hikməti tanıyanları təəccübləndirəcək. Onu bir rejissor kimi kəşf edəcək həm tamaşaçı, həm kino camiəsi.
-Çəkilişlər zamanı yadınızda qalan ən maraqlı əhvalat nə oldu?
-Filmdə bir kadr var. Həyətdə meyiti yuyuram. O səhnə ən yadda qalan çəkilişlərdən oldu mənim üçün. Əvvəl elə bilirdim o səhnə olmayacaq. Çünki hava çox soyuq idi. Dedim heç olmasa yazıqdı kişi donar bağlı yerdə yuyaq. Dedilər yox həyətdə yuyulacaq. Təsəvvür edin soyuq havada kişi yarıya kimi çılpaq uzanıb mən də onu yuyuram. Yazıq kişiyə də deyirlər ki, nəfəs alma özünü qurut, çünki sən dörd gündür ölmüsən. Kişini yuya-yuya fikrim kişinin yanında qalmışdı. Elə bilirdim həqiqətən kişi öləcək soyuqdan (gülür). Axıra yaxın kişinin soyuqdan dodaqlatı zarımağını eşitdim.
– Çəkilişlər əsasən harda aparılıb?
– Çəkilişlər Bakıda baş tutdu. Şəhərdə nə qədər qəbiristanlıq tanıyırsınız hamısını gəzmişik.
-Filmdə sanki sosial mesaj da var elə deyil?
– Filmdə hər şey var. Kim nəyi istəyir onu ala biləcək. Əslində film mənə görə, sosial problem qabardacaq, mesaj verəcək bir şey deyil. Film media deyil. Burda daha çox insan faktoru var. Mən göstərirəm sən tamaşaçı olaraq sənə lazım olan mesajı götür.
-Filmi hansısa beynəlxalq festivallara təqdim etmək planda varmı?
-Var. Ancaq bu artıq İctimai Televiziyanın verəcəyi qərardır. Hikmət də bunu çox istəyir, mən də. Əgər ortalığa keyfiyyətli bir iş qoyulubsa, istədiyimiz alınıbsa istəməzdik bu sadəcə İctimai Televiziya çərçivəsində qalsın. Düzdü bir az qeyri-ənənəvi leksikonda çəkilən bir filmdir. Bu filmdə ədəbi cümlələr yoxdur. Tamamilə reallıq var. Obrazlar jarqonla danışır. Hətta söyüş belə var filmdə. O cür qara adamlar necə danışa bilər?
“Üzr istəyirəm sizin qəbirstanlıqda üçün dördə yer olmaz ki” belə danışıqlar deyil. Real həyatda o cür insanlar necə danışırsa elədir dialoqlar filmdə. Mən, bu filmin sırf jarqona görə gecə saat 12-ən sonra bir- iki dəfə göstərilməsini istəməzdim.
-Tamaşaçı bu filmə niyə baxmalıdır?
-Mənə elə gəlir tamaşaçı həyatın bu üzünü də görməlikdir. Həyatda hər şey “ha-ha” deyil. Həyatın bu tərəfi də var.
Günel Musa \voicepress.az\
Foto: Nicat