Mariya Zaxarova: “Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işə başlamaq mümkün olacaq”

18 May, 20:59

“Biz ardıcıl olaraq Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və onun sonradan demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasının tərəfdarıyıq”.

 Voicepress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O, qeyd edib ki, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçi sammitinin yekunlarına dair üçtərəfli bəyanatında təsbit edildiyi kimi, iki ölkənin sərhədində sabitliyin yüksək səviyyədə olması üçün addımların atılması zəruridir: “Bu məsələ Düşənbədə Ermənistan, Azərbaycan və Rusiya Federasiyası xarici işlər nazirlərinin üçtərəfli görüşündə müzakirə olunub. Tərəfdaşlar milli nümayəndə heyətlərinin formalaşdırılması prosesini başa çatdırmaq üzrə olduqlarını bildirdilər. Rusiya artıq öz ekspert qrupunu formalaşdırıb. Biz gözləyirik ki, yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı əməli işə başlamaq mümkün olacaq.

Onu da vurğulamaq istərdim ki, Rusiya postsovet məkanında sərhəd mübahisələrinin delimitasiyası və həlli sahəsində unikal ekspert potensialına malikdir. Komissiyanın fəaliyyəti çərçivəsində təcrübəmizi erməni və azərbaycanlı dostlarla bölüşməkdən məmnun olarıq”.

\voicepress.az\