Erməni türkoloq: “Türkiyə Moskva ilə Qərb arasındakı ziddiyyətlər üzərində oynamağı bacarır”

18 May, 21:42

“Moskvanın Cənubi Qafqazı itirməsi Rusiyanın bütün cənubunun itirilməsinə gətirib çıxaracaq və Rusiya dövlətinin mövcudluğunu şübhə altına alacaq”.

Voicepress.az xəbər verir ki, bunu Ermənistan mediasına müsahibəsində türkoloq Andranik İspiryan deyib. Cənubi Qafqazın Türkiyə üçün “qırmızı xətt” olduğunu deyən erməni türkoloq, “Türkiyəyə onsuz da çox icazə verilir. Kreml Qafqaza milli təhlükəsizlik kontekstində baxır. Burada, hətta Finlandiya və İsveçin NATO-ya daxil ola biləcəyi kontekstində belə, Türkiyə ilə müzakirə ediləcək heç nə yoxdur” deyə əlavə edib.

İspiryanın fikrincə, Rusiya-Ukrayna müharibəsi Türkiyəyə həm xarici siyasətdə (uzunmüddətli təcriddən çıxmaq baxımından), həm də daxili siyasətdə (iqtisadi problemlərin olması və Ərdoğanın güc reytinqinin düşməsi baxımından) problemləri həll etmək imkanları yaradıb: “Bu müharibə Ankaranın can damarına çevrildi. Türkiyə yenidən ənənəvi ikiüzlü siyasətini həyata keçirməyə başladı. İndi o, həm də ona qarşı tətbiq olunan sanksiyaları yüngülləşdirmək üçün Finlandiya və İsveç ətrafında gedən proseslərdən yararlanmağa qərar verib. Türkiyə F-35 almaq, sanksiyaların aradan qaldırılmasına, silah alışına qoyulan embarqonun aradan qaldırılmasına, S-400 ətrafında mövzunun bağlanmasına nail olmaq üçün Qərbi şantaj edir. Əgər Ukraynada münaqişə başlamazdan əvvəl Türkiyə ya F-16-nı təkmilləşdirmək, ya da F-35 almaq imkanından danışırdısa, indi hər ikisini istəyir. NATO-da hamı bunu anlayır, onlar da Rusiyanın bugünkü şəraitdə, Rusiya ilə münaqişə fonunda Türkiyənin əhəmiyyətini anlayır, ona görə də Ankaranı incitməməyə çalışacaqlar. Türkiyə Moskva ilə Qərb arasındakı ziddiyyətlər üzərində oynamağı bacarır. Belə olan halda Rusiyanın Türkiyəyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə veto qoymasını təklif edə biləcəyi heç nə yoxdur. Ona görə də hər şey Türkiyə ilə Qərb arasında aparılan danışıqlardan asılı olacaq. Çox güman ki, Türkiyə razılaşacaq, sadəcə olaraq nəyisə özü üçün sıxışdırmağa çalışacaq”- ekspert qeyd edib.

Günel Musa \voicepress.az\