“Azərbaycan həm Qarabağın status problemini, həm də Qarabağ problemini həll edib”.
“Azərbaycan Qarabağ müharibəsindən sonra bölgədə yeni reallıqlar yaratdı”. Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov Voicepress.az-a açıqlamasında deyib.
Deputatın sözlərinə görə, Azərbaycan torpaq bütövlüyünü və suverenliyini qorumağı bacaran bir dövlət kimi bir tarix yazmağa müvəffəq oldu:
“Bu müddətdə Türkiyə həmişə yanımızda oldu. Türkiyənin böyük dəstəyini hiss etdik. Bu gün iki qardaş ölkə müharibədən sonrakı dövrdə bir çox addımları bərabər atır. Bu gün Türkiyə və Azərbaycan bölgədəki daimi sülh və sabitliyin qarantıdır. İllər əvvəl, qarşıdurma nöqtəsi olaraq bilinən Qarabağ, bölgədə böyük iqtisadi və ticarət layihələrinin mərkəzinə çevrilməkdədir.
Bu gün müzakirə olunan layihələr Rusiya, İran, Gürcüstan və hətta Ermənistanın yer ala biləcəyi layihələrdir. Bu gün Şərqi Zəngəzur və Qarabağ bölgələri qonşu dövlətlərin maraqlarının kəsişdiyi, daimi sabitliyin hökm sürdüyü torpaqlardır.
Azərbaycan Prezidenti Cənab İlham Əliyev “Münaqişə” və “Dağlıq Qarabağ” sözlərinin tarix olduğunu söylədi. Azərbaycan həm Qarabağın status problemini, həm də Qarabağ problemini həll etdi. Bu gün bu faktlar Avropa Birliyinin müharibədən sonrakı Azərbaycan reallıqlarının qəbul etməsinin başlıca izahıdır deyə bilərik. Çünki Avropa Birliyi də bu faktları və reallıqları qəbul edib.
Avropa Birliyi ilə Azərbaycan arasındakı münasibətlərin müharibədən sonra xüsusilə inkişaf etdiyini vurğulamaq istərdim. Üçlü görüşlər Avropa Birliyi Şurası Başçısı Cənab Çarlz Mişel ilə aparıldı. Avropa Birliyi ilə son danışıqlarda ümumiyyətlə “Dağlıq Qarabağ, münaqişə, Qarabağ problemi” kimi sözlərdən istifadə edilmədi.
Bu gün beynəlxalq ictimaiyyət, Azərbaycanı bölgədə daimi sabitliyin və daimi sülhün qarantı kimi tanıyır. Bu bir həqiqətdir və bu, reallıq Azərbaycan-Türk qardaşlığının əldə etdiyi nəticədir “.
Ü.Fərmanqızı/Voicepress.az/








