Əsli Kazımova: “Rusiya Ermənistanın itaət edən “siyasi dairə” olduğunu nümayiş etdirir”

20 Aprel, 12:00

“Putin və Paşinyanın son görüşünü regional müstəvidə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək olar”.

Bunu Voicepress.az-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Putin Paşinyan görüşməsinin nəticələri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, bu gün Ermənistan elə bir təcrid olunmuş siyasi dalana dirənib ki, onun Rusiya ilə məsləhətləşmədən, Rusiyanın maraqlarını nəzərə almadan hər hansısa bir addım atmaq iqtidarında olmadığının fərqindədir: “Ermənistan Rusiya ilə hesablaşmadan müstəqil qəraralar verməkdən çəkinməsi gərəkdiyini yaxşı bilir. Ona görə də, vaxtaşırı rəsmi İrəvan Rusiyayla məsləhətləşmələr apararaq, Ermənistanla bağlı müəyyən qərar verə bilir. Paşinyanın Rusiyaya səfəri gözlənilən idi. Əslində bu görüşmə Brüsseldə baş tutan üçtərəfli görüşmədən öncə baş tutmalıydı. Amma müəyyən dəyişikliklər olduğu üçün Brüssel görüşündən sonra keçirildi. Rəsmi Moskva bu görüşdə birmənalı olaraq, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiya edilməsi məsələsinin tezləşdirilməsi, 3+3 formatında əməkdaşlığın gücləndirilməsi və kommunikasiyaların açılmasının zəruriliyini qeyd edib.

Bu görüş digər tərəfdən Rusiyanın Cənubi Qafqazda öz mövqeyini və rolunu möhkəmləndirmək niyyətini ortaya qoyur. Rəsmi Moskva artıq Ermənistanı öz siyasi maraqarına uyğun konfiqurasiyalara görə hansı siyasi həmləyə görə, hansı pozisiyadan, hansı mövqedən çıxış etməsi gərəkdiyinin mesajını verərək, əslində bir növ rəsmi İrəvanı öz həmlələrinə və maraqlarına uyğun “programlaşdırır”. Ermənistan artıq dalana dirənib. Bu kimi görüşlər isə rəsmi İrəvanın birmənalı olaraq, suverenliyni və müstəqilliyini Rusiyaya təslim etdiyini sübut edir. Bu gün Ermənistanın Rusiyanın digər muxtar vilayətlərindən heç bir şəkildə fərqlənmədiyini belə söyləmək mümkündür. Digər tərəfdən bu gün Ermənistan daxilində Qərbin bir sıra siyasi oyunları gedir. Soros siyasəti bu gün Ermənistanda daha aktualdır. Ona görə də, Rusiya bu kimi faktorları nəzərə alaraq, ikinci Ukrayna kimi Qərbyönlü bir dövlətin formalaşmasına izin verməyəcək. Ona örə də, bir digər tərəfdən də, bu kimi görüşləri Qərbə Cənubi Qafqazla bağlı regional bir mesajı olaraq da qələmə vermək olar”.

Əsli Kazımova daha sonra Rusiyanın Ermənistan Türkiyə yaxınlaşması ilə bağlı mövqeyinə münasibət bildirdi: “Putin Türkiyə-Ermənistan dialoqunun baş tutmasını alqışladığını bildirib. Bu tendensiya əslində Rusiyanın Cənubi Qafqaz siyasətini nəzərə aldıqda, olduqca önəmli faktorlardan biridir.

Qarabağ zəfərindən sonra Rusiya da, bir sıra Qərb dövlətləri kimi regionda Azərbaycan və Türkiyənin sabitliyin garantı olmaları reallığını artıq qəbul edib. Ona görə də, real geostrateji konfiqurasiyanın uzunmüddətli və perespektivli olması üçün artıq kartlarını açıq oynayır. Ona görə də, Rusiya Ermənistanın itaət edən bir “siyasi dairə” olduğunu nümayiş etdirir.

Digər tərəfdən Qərb dövlətləriin tətbiq etdiyi sanksiyalarla alternativ siyasi həmləsi demək olarki, sıfırlanan Rusiyanın tək yolu mövcud geosiyasi müstəvidə Türkiyə-Azərbaycan birliyinin regiondakı gücündən istifadə edərək, illərdir istifadə etdiyi maşa Ermənistanı, “itaət edə bilən” bir dövlətcik halına sala bilən biri olaraq inandırmaq xarakteri daşıyır. Bu faktoru isə Moskva birmənalı olaraq, Azərbaycan və Türkiyə ilə münasibətlərində yeni keyfiyyət mərhələsi kimi görür”.

 

Ülkər Fərmanqızı\voicepress.az\