Mariupoldakı Azovstal polad zavodunda köməksiz vəziyyətdə qalan 36-cı Əlahiddə Dəniz Briqadasının komandiri mayor Serhii Volyna video çəkərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istəyib.
Voicepress.az xəbər verir ki, çəkdiyi videoda ölmək üçün sayılı saatlarının qaldığını bildirən Serii Volyna dünya liderlərindən kömək istəyib. Ukraynalı komandir sosial media hesabında paylaşdığı videoda prezident Rəcəb Tayyib Ərdoğan, Ukrayna lideri Zelenski və ABŞ prezidenti Baydeni və İngiltərənin baş naziri Boris Consonu etiketləyib.
Ukrayna əsgərləri Mariupolda, müharibənin əvvəlindən rus qoşunlarının hədəfində olan və ağır döyüşlərin getdiyi Azovstal polad zavodunda mühasirədə qalıblar. Rusiya mühasirəyə aldığı fabrikdəki əsgərlərə “təslim ol ya öl” mesajını verir.
Dünya liderlərindən kömək istəyən komandir: “Dünyaya səslənirəm. Bu mənim son açıqlamam ola bilər, çünki bizim cəmi bir neçə gün və hətta saatlarımız qalıb. Biz dünya liderlərini bizə və xalqa kömək etməyə çağırırıq. Burada bizimlə birlikdə mülki şəxslər də var” deyib.
Volyna çoxlu sayda yaralı əsgərin olduğunu və tibbi yardımın olmadığını bildirib “Biz tamamilə mühasirəyə alınmışıq. 500-ə yaxın yaralı əsgər var, onlara tibbi yardım göstərmək çox çətindir. Ərazidə dinc sakinlər var. Şəhər dağılır. Düşmən qrupları bizdən dəfə çoxdur. Sona qədər mübarizə aparırıq, amma vaxtımız çox azdır”.
Qeyd edək ki, Avropanın ən böyük metallurgiya fabriklərindən biri olan sovet dövründən qalmış dəmir-polad zavodu şəhərin sahili boyunca dörd kvadrat mil ərazini əhatə edir. Ukrayna rəsmiləri deyirlər ki, yüzlərlə mülki şəxs əsgərlərlə birlikdə nəhəng polad zavodunun zirzəmilərində gizlənib, intensiv atəşlər nəticəsində qida və su ehtiyatları azalıb.
Günel Musa \voicepress.az\