47 gündür davam edən Rusiya-Ukrayna müharibəsində dinc əhalinin kütləvi qətli ilə bağlı xəbərlər gəlməkdə davam edir. Buça və irpindən sonra, paytaxt Kiyevin yaxınlığında yerləşən Andiivka kəndindən gələn görüntülər də dəhşət saçır. Andriivka kəndindən sağ qurtulanlar BBC-nin müxbiri Mark Lowenə “bunu faşistlər belə etməyib” deyərək faciələrini danışır.
Voicepress.az həmin reportajı təqdim edir.
Andriivka kənd sakini Anton İşenko 23 yaşını qeyd etdiyi günün səhərisi rus əsgərləri tərəfindən evindən qaçırılıb. Ailəsi onun cəsədini bir ay sonra, rus qoşunları geri çəkildikdən sonra tapıb. O, elə amansızlıqla döyülüb ki, onu yalnız geyimindən tanımaq mümkün olub.
Paytaxtdan təxminən 60 km aralıda yerləşən Andriivkada minə yaxın insan yaşayırdı. Onlardan ən azı 40-ı öldürülüb.

Antonun başqa səmtdə yaşayan nənəsi Tetiana danışır: “O, çox gözəl oğlan idi, çox ağıllı idi, şeir söyləyirdi. Bəlkə də başqa yerə döyüşməyə getsəydi, evə sağ-salamat qayıdardı. Həyat yoldaşım ruslara, “Onu buraxın məni aparın” deyəndə ruslar avtomatı ona tuşlayıb 2 keç içəri yoxsa ikinizi də öldürərik” dedilər.
Belarus sərhəddinə gedən yolda Andriivka, müharibə və aylarla davam edən işğal nəticəsində viran qaldı. Torpaq yolda çənlərin partladıldığı kraterlər var. Ölən toyuq və dovşanın yanında artilleriya qalıqları görünür. Kəndin hər iki başında yanmış zirehli texnikalar var.

Rusların kənddən çıxarılmasından sonra bəzi sakinlər kəndə geri qayıtmağa və ya sığınacaqları tərk etməyə başladılar. Bu insanlardan biri də Qriqori Klimenkodur. Yataq xəstəsi olan 90 yaşlı anasının yanında olmaq üçün kənddə qalan Klymenko, tankların kəndi mühasirəyə almasını dəhşət içində izlədiklərini deyir. Klymenko rus əsgərləri haqqında: “Onlar heyvandırlar. İnsan belə hərəkət etməz. Ailəm mənə ötən əsrdə baş verən müharibədən çox danışıb. Hətta faşistlər belə şeylər etmirdilər” deyir.
Klimenkonun qonşusu Leonid Koval və oğlu qəzalı vəziyyətə düşən evlərini təmir etməyə, damını yenidən kirəmitlə vurmağa və partlamış pəncərələrə plastik təbəqələr yapışdırmağa başlayıblar. Rus əsgərləri Koval ailəsinin evini qarət ediblər.
Rus əsgərlərinin cırıb dağıtdığı fotoşəkillər və paltarlar evin hər tərəfinə səpələnib. Evi viran qoyan rus əsərləri Ukrayna ordusu Andriivkaya doğru irəliləyən zaman evi tərk edərək zirzəmiyə eniblər.

Ukraynanın şimalında, rusların geri çəkildiyi Kiyev və Çerniqov yaxınlığındakı kənd və qəsəbələr indi potensial müharibə cinayətlərinin işləndiyi yerlər hesab olunur.

Tərcümə etdi Günel Musa \voicepress.az\







