Yaponiyada “Dünya azərbaycanlılarının palitrası” kitabı təqdim olunub
DJB-nin Mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, seminarda diaspora rəhbəri Azərbaycanın qədim tarixi ənənələri, mədəniyyəti, müasir siyasi həyatı ilə bağlı geniş məlumat verib.
Seminar zamanı “Tərəqqi” medalı ilə təltif edilmiş araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin müəllifi olduğu “Dünya Azərbaycanlılarının Palitrası” kitabının təqdimatı olub.
Ə. Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini əldə etmiş cavan respublika olmasına baxmayaraq, burada yaşayan xalqların, millətlərin çox qədim tarixi ənənələri, mədəniyyəti vardır. Azərbaycanlıların tarixi təkcə respublikanın sərhədləri ilə məhdudlaşmır. Azərbaycanlılar müxtəlif tarixi hadisələr səbəbi ilə zaman-zaman digər regionlara, ölkələrə yol açmış, yerli insanlara qaynayıb qarışıblar. Bu gün məhz həmin insanlar dünyada Azərbaycan diasporunun yaşamasında əvəzsiz pay sahibləridirlər. Yaşadıqları ölkələrin mədəniyyətlərinə dərindən bələd olan həmvətənlərimizin hər birində əsl azərbaycanlı ürəyi vardır. Və bu döyünən ürək onları vətən üçün durmadan çalışmağa sövq edir.
Ə. Məmmədov qeyd edib ki, kitabda Azərbaycan diasporu bir növ simvolik olaraq zaman-zaman milyonlarla hissələrə bölünmüş və dünyaya səpələnmiş vahid bədənin ürəyi kimi ifadə olunur.
Kitabda dünyanın əksər ölkələrində fəaliyyət göstərən azərbaycanlı vətən aşiqlərinin fəaliyyətləri haqqında məlumatların yer aldığını qeyd edən diaspor rəhbərimiz onu da vurğulayıb ki, hazırda dünyada tək dövlət səviyyəsində deyil, həm də ayrı-ayrı diaspor təşkilatları formasında xalq üçün, millət üçün, dövlətçilik və müstəqillik üçün çalışmağa böyük ehtiyac vardır: “Hazırda bu işin öhdəsindən ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatları uğurla gəlməkdədirlər. Ümumiyyətlə, əgər bir insan öz ölkəsinin hüdudlarından kənara çıxırsa, o avtomatik olaraq öz ölkəsinin simasına, güzgüsünə çevrilir. Diaspor isə bir ailədir. Hansı ki, onları zərrə qədər bir-birindən fərqləndirmək doğru olmazdı. Onların hər biri vahid bir vətən, vahid bir ölkə, vahid bir ürək olan Azərbaycan üçün çalışırlar”.
Seminarda kitabla və Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Şagirdlərdən bir çoxu gələcəkdə Azərbaycan diasporu ilə yaxından işləmək, eyni zamanda Azərbaycana gedib Yaponiyanın diaspor fəaliyyəti ilə məşğul olmaq fikirlərinə düşdüklərini ifadə ediblər. Seminarda Azərbaycanla yanaşı, Cənubi Koreya, İndoneziya və Serbiyadan olan fəallar da öz ölkələrinin təqdimatını həyata keçiriblər. Sonda məktəbin idarə heyəti və şagirdlərlə xatirə şəkli çəkilib.
VOİCEPRESS.AZ