“Ağ Ev dolların möhkəmlənməsi qarşısını necə və hansı yolla alacaq, bu məsələ də tam aydın deyil… Federal Ehtiyat Sistemi (FES) rəhbərliyi indiyədək tutduğu mövqedən geri çəkilmək niyyətində deyil”.
Bunu VOİCEPRESS-ə açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib. O, qeyd edib ki, dünyada indi də deyəsən, yeni müharibə – “valyutalar müharibəsi” yetişir: “Belə ki, ABŞ prezidenti D. Tramp Amerika dollarının getdikcə möhkəmlənməsinin ölkə iqtisadiyyatı üçün xeyir gətirmədiyini hələ prezident seçilməmişdən öncə də söyləmişdi. Yəni, seçki kampaniyası zamanı…
Budur, Ağ Ev administrasiyasına yaxın olan mənbələr xəbər verirlər ki, D. Tramp öz fikrində qətidir. Yəni ki, 45-ci Prezident ABŞ dollarının dünya valyutaları üzrə hazırki kursunun heç də səmərəli xarakter daşımadığı fikrindədir… Və bu xüsusda, ABŞ-Almaniya münasibətlərinin hazırki və yaxın perespektivdə gözlənilən vəziyyəti daha çox diqqəti cəlb etməkdədir.
Belə ki, kansler A. Merkel hələki yeni Ağ Ev administrasiyasına qarşı çox arxayın danışır və çəkinmədən hətta tənqidi fikirlər də söyləyir. Halbuki, “heç kimə” sirr deyil ki, Avropa Birliyinin vahid valyutası olan avronun dollara görə hazırki kurs səviyyəsi əslində, ən çox elə məhz Almaniya iqtisadiyyatı üçün yarıyır.
Başqa sözlə desək, həm ayrılıqda götürdükdə Almaniya ilə ABŞ arasında, həm də sonuncu ilə Aİ arasında istər qarşılıqlı ticarət münasibətlərində, istərsə də iqtisadi rəqabətdə məhz, bilavasitə sırf alman iqtisadiyyatının xeyrinə işləyir. D. Tramp da bir biznesmen olaraq, çox gözəl başa düşür ki, Angelə xanım həmçinin buna görə, “qazlı-qazlı” danışır…”
“Yaxın müddətdə çox maraqlı hadisələr və qarşılıqlı “gedişlər” gözlənilir… Sual oluna bilər ki, əgər, bilavasitə dolların möhkəmliyinin zərərindən danışırıqsa nəyə görə qarşılıqlı sözünü işlətdik ?!… “
“Məsələ bundadır ki, D. Tramp amerika valyutasının dəyərini aşağı salmaq istiqamətində hər hansı bir təşəbbüsdə bulunarsa, təbii ki, Aİ-də Almaniya da öz yerində dayanıb durmayacaq !… Hələ biz, Asiyada Çini demirik !… Pekin yuanın dəyərini bacardıqca aşağı salmağa çalışır ki, ixracda öz rəqabətqabiliyyətliliyini qoruyub saxlsya bilsin… Yaponiya isə, yen ABŞ dollarına münasibətdə möhkəmlənməyə başladısa, ümumiyyətlə, “batdı”…
Ancaq, Ağ Ev dolların möhkəmlənməsi qarşısını necə və hansı yolla alacaq, bu məsələ də tam aydın deyil… Federal Ehtiyat Sistemi (FES) rəhbərliyi indiyədək tutduğu mövqedən geri çəkilmək niyyətində deyil. D.Tramp isə öz növbəsində Canet Yellen xanımı vəzifə müddəti başa çatdıqdan sonra postunda saxlamaq fikrində deyil. Üstəlik, ABŞ iqtisadiyyatı da geridə qalmlş 2016-cı ilin IV rübünün yekunlarına görə heç də gözlənildiyi nəticəni göstərməyib…
Sözün qısası, kim nə və hansı addım atacaq bilinmir !… Lakin, bir şey aydındır ki, hər şey “valyutalar müharibəsindən” başlayacaq…”
Aysel İsgəndərova
VOİCEPRESS.AZ